Məhkəmə qərarları › İş №e-2-2(3-8)-70/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-70/2026

26.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-70/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI:

1. Ərizəçi Ərizəçi xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək ## ###### 2026-cı il tarixinə hesablanmış dövlət büdcəsinə olan 38445,05 (otuz səkkiz min dörd yüz qırx beş manat, beş qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - ## ### 1969-cu il təvəllüdlü Maraqlı şəxs (VÖEN: 2907952832) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, ərizəçi maraqlı şəxsin ölkədən getmək hüqüqunun məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya tam əməl etməmiş, eyni zamanda ərizəçi tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilərək birinci instansiya məhkəməsində müəyyən edilmiş sübutlar əsasında ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq, onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Işin faktiki hallarına müvafiq olaraq, Maraqlı şəxs əldə etdiyi gəlirlərinə dair vergi ödəmək məqsədilə vergi ödəyicisi kimi uçota alınmaq üçün vergi orqanına müraciət etməmişdir. Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsində qanunvericiliyə uyğun araşdırma aparılaraq müəyyən etmişdir ki, bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin ## #### 2025-ci il tarixli **************** nömrəli xidməti məktubuna əsasən sözügedən şəxsin vergiyə cəlb edilməli olan gəlirləri olmasına baxmayaraq, vergi uçotunun ləğv edilməsi və ya vergi orqanında qeydiyyata alınmaması səbəbindən əldə etdikləri gəlirə görə bəyannamə təqdim etməmiş və vergi hesablanmadığı qeyd edilmişdir. Fiziki şəxslərin bank əməliyyatları göstəricilərinin təhlili zamanı bir sıra mədaxil olunan vəsaitlərin mövcud olmasına, həmin əməliyyatlar barədə fiziki şəxslərin məlumatlandırılmasına və vergi orqanında uçota alınmaları barədə ərizə formasının təqdim edilməsinin bildirilməsinə baxmayaraq, həmin şəxslərin uçota alınmadıqları aşkar edilmişdir. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Yəni sözügedən fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir vergisini gizlətməsi (bəyan etməməsi) və vergi ödəyicisi kimi vergi orqanına öz təşəbbüsü ilə ərizə göndərməməsi səbəbindən vergi orqanı qanunvericiliyə müvafiq olaraq fiziki şəxsi məcburi uçota almışdır. Beləliklə, işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli **************** nömrəli fiziki şəxsin şəhadətnaməsi haqqında sənəddən görünür ki, Maraqlı şəxs vergi orqanı tərəfindən inzibati orqanının özünün təşəbbüsü ilə elektron formada qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin sözügedən normasına əsasən, vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formada aparılır (hazırkı halda elektron). Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Yuxarıda qeyd edilən **************** nömrəli elektron şəhadətnamə fiziki şəxsin elektron kabinetinə göndərilmişdir. Bundan əlavə, qərarddadda vergi orqanının hesablanmış vergiləri ödəməyən vergi ödəyicisinə vergilərin 5 gün müddətində ödənilməsinə dair bildirişin göndərilməli olduğu qeyd edilmişdir. Məhkəmənin bu arqumenti əsaslıdır və işə sözügedən bildiriş əlavə olunmuşdur. Lakin qanunvericilikdə bu bildirişin elektron və ya poçt rabitə vasitəsilə göndərilməsinə dair hər hansı xüsusi qeyd verilməmişdir. Iş materiallarından görünür ki, vergi orqanı öz təşəbbüsü ilə fiziki şəxsi vergi uçotuna aldığı tarixdə ## ###### 2025-ci il tarixli **************** nömrəli “Uçota alınma barədə” bildiriş sənədini, ## ###### 2025-ci il tarixində isə “Uçota alınma ilə əlaqədar yaranmış öhdəliklər barədə” **************** nömrəli sənədi sözügedən şəxsin elektron kabinetinə göndərmişdir. Bu hal vergi orqanının məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qeyd edilən kateqoriyaya dair işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etdiyini, ödəyicini uçota aldıqdan sonra lazımı bildirişləri vaxtında elektron qaydada göndərdiyini sübut edir. Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən, vergi orqanı sözügedən sənədləri elektron olaraq göndərmişdir (işə sübut olaraq əlavə edilmişdir). Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə qeyd edilən formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: bunlardan biri də elektron üsulla elektron kabinetinə göndərilməsidir. Sənədlər elektron üsulla elektron kabinetə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Nəticə etibarilə, işə əlavə edilmiş sübutlar bir daha onu göstərir ki, vergi orqanına ərizə ilə müraciət etməyərək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs vergi orqanının öz təşəbbüsü ilə uçota alınması və uçota alınmanın yaratdığı öhdəliklər barədə vergi ödəyicisinə bildirişlərin göndərilməsi (elektron kabinetə göndərildikdən sonra 3 iş günü keçdiyini nəzərə alaraq) lazımi qaydada verilmiş hesab edilməlidir.

4. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə. 13.2.72. Elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə) ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə qeyd edilən formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Şikayətin məzmununda Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə istinad edilərək vergi orqanının vergi ödəyiciləri ilə aparılan yazışmaları elektron qaydada həyata keçirmək hüququnun təsbit edildiyi və maraqlı şəxsin də, məhz bu üsulla məlumatlandırılmasının təmin edildiyi qeyd edilmişdir.

9. Sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə çatdırılma formasına dair qaydalar Vergi Məcəlləsinin “Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində öz əksini tapmışdır. Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 3.elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Eləcə də, qeyd olunur ki, 2 və 3-cü bəndlərdə nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

10. Iş materiallarına və şikayətə əlavə edilmiş müvafiq sənədlərlə maraqlı şəxsə elektron qaydada müvafiq sənədlərin (borc bildirişləri, xəbərdarlıq məktubu və s.) ünvanlandığı öz təsdiqini tapsa da, nəzərə alınmalıdır ki, elektron qaydada göndərilən sənədlərin çatdırılmış sayılması üçün əsas şərt budur ki, vergi ödəyicisi onun vergi uçotuna alınmasından, elektron kabinet yaradılmasından və yazışmaların məhz elektron qaydada vergi elektron sistemində yaradılmış kabinet vasitəsilə aparılacağından əvvəlcədən məlumatlı olsun. Belə ki, vergi orqanı maraqlı şəxsi öz təşəbbüsü ilə məcburi vergi uçotuna almış, ona elektron kabinet açılmış, lakin ərizəçi tərəfindən ərizəyə və apellyasiya şikayətinə maraqlı şəxsin onunla yazışmaların, məhz elektron üsulla aparılacağı barədə məlumatlandırılması barədə hər hansı sənəd (müvafiq xəbərdarlıq, elektron sənəd mübadiləsi haqqında müqavilə və s.) əlavə edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak edən maraqlı şəxs izahatlarında vergi uçotuna alınmasından məlumatının olmadığını, adına VÖEN açıldıqdan sonra da ona borc barədə hər hansı məlumat verilmədiyini, borcdan məhkəmə iclası ilə bağlı ona bildiriş göndərildikdən sonra xəbərinin olduğunu bildirmişdir.

12. Maraqlı şəxsin onunla vergi orqanı arasındakı yazışmaların elektron üsulla, yəni sənədlərin onun elektron kabinetinə göndərilməklə aparılacağı barədə məlumatlandırılması iş materialları ilə təsdiq edilmədiyindən və sənədin elektron üsulla çatdırılmış sayılması müddəti Vergi Məcəlləsinin 70.2-3-cü maddəsinə əsasən vergi ödəyicisinin inzibati aktı almadığı hallara şamil edilmədiyindən sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə çatdırılmış hesab edilə bilməz. MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçi mübahisənin məhkəmədənkənar (pretenziya qaydasında) həllinə dair mötəbər dəlil irəli sürmədiyindən və bu imkan hələ itirilmədiyindən birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlamaqla düzgün hüquqi nəticəyə gəlmişdir.

13. Kollegiya eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Eyni zamanda müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüququ, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək isə vəzifəsidir (Vergi Məcəlləsinin 23.1.6. və 24.1-ci maddələri). Bununla əlaqədar ərizəçinin diqqətinə çatdırılır ki, Vergi Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş digər üsullarla hazırkı iş üzrə maraqlı şəxs olan vergi ödəyicisini ödənilməmiş vergilərin ödənilməsi barədə məlumatlandırmaq və bunun hüquqi nəticələrini bildirmək imkanı mövcuddur.

14. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar