Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-72/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2020-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, alıcı (iddiaçı) satıcının (cavabdehin) təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentlə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malları satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, faks vasitəsilə, telefon vasitəsilə, elektron poçt vasitəsilə, online sifariş formasında sifariş verə bilər.
3. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfü məhv olma və zədələnmə riski alıcıya keçir.
4. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əgər alıcıda elə bir qənaət olsa ki, hər hansı malın satışı alıcı və ya müştərilər üçün təhlükə yaradır və ya ziyan vurur və ya qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin mala dair müştərilərdən şikayətlər alıcıya daxil olduğu hallarda, alıcı ən tez zamanda malların mağazalarda satışını dayandırmalı, malları mağazalardan yığışdırmalı, satıcıya məlumat verməli və malların ticarət dövriyyəsindən kənar edilməsi və/və ya malların müştərilərdən geri alınmasını (bundan sonra “geri çağırma”) təşkil etməli və malların satıcı tərəfindən geri alınmasını tələb etməlidir.
5. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının könüllü qaydada və öz mülahizəsinə əsaslanaraq istənilən malı geri çağıra bilər. Bütün geri çağırılan mallarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan sənədlərlə yanaşı xüsusi təhvilqəbul aktı tərtib edilməli və tərəflər tərəfindən imzalanmalıdır. Alıcı hər hansı bu cür sənədi imzalamaqdan imtina etsə, geri çağırılan mallar satıcı tərəfindən qəbul edilməyəcək və bu cür mallardan irəli gələn təhlükəyə görə yalnız alıcı məsuliyyət daşıyacaqdır.
6. Həmin müqavilənin 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razıalşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.
7. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla bu qaydada ödəməlidir: alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən ... gündən artıq ola bilməz. Ödəniş ... gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir. Alıcı Satıcıdan ilk dəfə mal aldıqda ödəniş ilk dəfə üçün qabaqcadan ödəniş qaydası formasında həyata keçirilməlidir. Növbəti ödənişlər üçün hazırki müqavilənin 8.1 (i) bəndi əsas götürüləcəkdir və ya tərəflər əlavə razılaşma imzalamaqla ayrı ödəniş qaydasını müəyyən edə bilərlər.
8. Həmin müqavilənin 8.8-ci bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır.
9. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış ## ### 2025-ci il tarixli ***** nömrəli üzləşmə aktının məzmununda cavabdehin iddiaçıya 19980,19 manat məbləğində borcu olduğu qeyd edilir.
10. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ## ###### 2020-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi üzrə 19980,19 manat məbləğində əsas borcu vardır və 1235,62 manat məbləğində cərimə hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 19980,19 (on doqquz min doqquz yüz səksən manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 1235,62 (min iki yüz otuz beş manat, altmış iki qəpik) manat məbləğində cərimə və 154 (yüz əlli dörd) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC və Cavabdeh arasında bağlanmış ## ###### 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının (cavabdehin) sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və malların təqdim edilməsinə dair təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməyərək, iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 19980,19 manat məbləğində əsas borcu yaranmış və həmin borca 1235,62 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
13. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 19980,19 (on doqquz min doqquz yüz səksən manat, on doqquz qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə və 152,94 (yüz əlli iki manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21133,13 (iyirmi bir min yüz otuz üç manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 462.1, 465.2, 467, 567, 595.1, 600.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
15. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir.
17. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsi ##.##.2026-ci il tarixdə İddiaçı MMC-nin borcun tutulmasına dair iddiası üzrə ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsinə əsasən ondan 21133,13 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qət etmişdir. Məhkəmənin bu qətnaməsilə qismən razılaşır. Belə ki, hazırda anbarda qalan 5101.49 manat dəyərində olan malları MMC geri götürməlidir. Çünki tərəflər arasında bağlanmış müqavilənin 19 və 25-ci bəndlərinə əsasən firmalar arasında belə anlaşma mövcuddur ki, vaxtı keçən mallar satıcıya qaytarılır. Satıcı da bundan imtina etmir. Cavabdehdə qalan mallar barədə dəfələrlə “xxxx “MMC-nin eksperiterlərinə və satış müdirlərinə malların geri qaytarılması barədə məlumat verilmiş, MMC-nin əməkdaşları yerində gəlib mallara baxış keçirərək anbarda olan malları geri götürəcəklərini bildirsələr də, mallar anbarda qalmışdır.
18. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmiş 1000 məbləğində cərimə məbləğinin də silinməsini xahiş edir. Qalan borc məbləği ilə razıdır və həmin məbləği ödəyəcəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (...) Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (...) Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (...) Maddə 427. Öhdəliyin icrası müddəti (...) 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (...) Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...) Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...) Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...) Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. İddiaçı İddiaçı MMC, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin olunmayan hissəsi ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir.
25. Cavabdeh Cavabdeh həmin qətnaməni 5101.49 manat borc və 1000 manat cərimə məbləği hissələrində mübahisələndirmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi 5101.49 manat borc və 1000 manat cərimə məbləğləri hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
29. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.
30. İlk növbədə tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyəti və müqavilə üzrə qarşılıqlı öhdəliklər nəzərə alınmalıdır. Belə ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2020-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər razılaşmışlar ki, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı sifariş edəcək, satıcı isə alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verəcək, alıcı isə təhvil aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəyəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların sifarişi satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, telefonla, elektron poçt vasitəsilə və digər üsullarla həyata keçirilə bilər.
31. Müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən sonra malların təhvil-qəbul aktını (qaimə-fakturanı) iki nüsxədə tərtib etməli, imzalamalı və alıcıya təqdim etməlidir. Həmin bənddə açıq şəkildə göstərilmişdir ki, mallar qaimə-faktura əsasında təhvil verildiyi andan onların təsadüfi məhv olması və ya zədələnməsi riski alıcıya keçir. Bu hal onu göstərir ki, müqavilə üzrə malların cavabdehə təqdim olunması və onun tərəfindən qəbul edilməsi tərəflər arasında mübahisələndirilmir və iş materiallarında olan elektron qaiməfakturalar, təhvil-təslim sənədləri, eləcə də ## ### 2025-ci il tarixli ***** nömrəli üzləşmə aktı ilə də təsdiq edilir.
32. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 19.980,19 manat məbləğində borcunun olması göstərilmiş, bu sənəd həm iddiaçının nümayəndələri, həm də cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə, iş materiallarında olan maliyyə arayışında da cavabdehin ## ###### 2020-ci il tarixli müqavilə üzrə 19.980,19 manat əsas borcunun və 1.235,62 manat cərimə borcunun mövcudluğu qeyd edilmişdir. Bu baxımdan, cavabdeh tərəfindən müəyyən həcmdə malların qəbul edilməsi və tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu mübahisə doğurmur.
33. Lakin mübahisənin əsas predmetini malların cavabdehə verilib-verilməməsi deyil, cavabdehin anbarında qalmış, satış müddəti keçmiş və geri qaytarılmalı olan malların hüquqi taleyinin müəyyən edilməməsi təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq malların müəyyən hissəsi realizə edilməmiş, hazırda da cavabdehin anbarında 5101,49 manat dəyərində məhsul qalmışdır. Cavabdeh dəfələrlə həmin malların geri götürülməsi barədə iddiaçının əməkdaşlarına müraciət etdiyini, iddiaçı MMC-nin nümayəndələri mallara yerində baxış keçirərək onların geri götürüləcəyini bildirdikləri halda mallar geri qəbul edilməmiş və həmin malların dəyəri nəzərə alınmadan cavabdehdən bütün məbləğin tutulması barədə qətnamə qəbul edilməsinə istinad olunur.
34. Müqavilə şərtlərindən açıq-aşkar görünür ki, satıcı İddiaçı MMC, cavabdeh Cavabdeh konkret sifarişinə uyğun olaraq malları razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə ona təqdim etmişdir (müqavilənin 2.1-ci bəndi). Həmin bənddən belə nəticə çıxır ki, malların təhvil verilməsi satıcının iradəsindən asılı olmayıb, tamamilə cavabdehin sifarişinə və seçiminə uyğun həyata keçirilib.
35. Müqavilənin 3.5-ci bəndinə əsasən, malların faktiki təhvil-təslimi qaimə-faktura və təhvil-qəbul aktı ilə təsdiqlənir və bu sənədlər malların alıcı tərəfindən qəbulunu hüquqi baxımdan təsdiqləyir. İş materiallarında olan elektron qaimə-faktura və ## ### 2025-ci il tarixli ***** nömrəli üzləşmə aktı da göstərir ki, cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə qəbul edilmişdir. Bu sənədlər faktiki olaraq malların verildiyini və alıcı tərəfindən qəbul olunduğunu təsdiq edən əsas sübutlardır.
36. Buna görə də, cavabdehin malları sonradan “özündə saxlaması” və ya “vaxtı keçmiş kimi iddiaçıya qaytarmaq istəməsi” ilə bağlı irəli sürdüyü arqumentlər hüquqi baxımdan əsaslı hesab edilə bilməz, çünki müqavilə öhdəliyi cavabdehin iradəsindən asılı deyildir – satıcı malları cavabdehin sifarişinə uyğun vermişdir. Bu hal faktiki təhvil-təslim sənədlərlə təsdiqlənərək qaimə-faktura və təhvil-qəbul aktı tərəflər tərəfindən imzalanmış və malların verildiyini göstərir.
37. Tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsində malların geri çağırma şərtləri açıq göstərilib ki, geri çağırma yalnız rəsmi prosedura uyğun olarsa mümkün hesab edilir. Cavabdeh bu proseduru tətbiq etmədən yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra MMC-yə məxsus qida və gündəlik məişətdə istifadə olunmalı 5101.49 manat dəyərində əmlakın anbarda qalmaqla MMC-nin götürməməsi barədə dəlilini irəli sürmüşdür.
38. İş materiallarının 66-cı səhifəsində cavabdehin MMC-yə ünvanladığı ərizədə ümumi dəyəri 5101.49 manat olan əmlakın geri götürülməsi barədə tarixli və imzası qeyd olunmayan müraciət olsa da, həmin müraciətin iddiaçıya hansı tarixdə göndərilməsini və iddiaçının təhvil almasını təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
39. Nəticə etibarilə, cavabdehin anbarda saxladığı mallar və onların “vaxtı keçmiş” olması iddiası, müqavilənin real icrası və tərəflərin sənədlərlə təsdiqlənmiş razılaşmasına uyğun olaraq, hüquqi əsaslı arqument kimi qəbul edilə bilməz. Bu, yalnız cavabdehin öhdəliklərini yerinə yetirməməsi və mübahisəni sübut sənədləri ilə dəstəkləməməsi nəticəsində yaranmış haldır. Mülki Məcəllənin 385, 425 və 427-ci maddələrinin tələblərinə əsasən öhdəliklər müəyyən edilmiş müddətdə və qaydada icra edilməlidir.
40. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını qeyd olunan hissədə düzgün tətbiq etmişdir ki, bu hallar birinci instansiya məhkəməsinin qeyd olunan hissədə ləğvi üçün əsaslar yaratmamışdır.
41. Apellyasiya şikayətinin digər dəlili ## ###### 2020-ci il tarixli **** nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən tələb olunan 1235,62 manat məbləğində cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən azaldılaraq 1000 manat həcmində müəyyən edilmiş cərimə borcunun ümumiyyətlə silinməsi təşkil edir.
42. Qeyd olunan apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin 7.10-cu bəndinə əsasən, alıcı - cavabdeh Cavabdeh, satıcıya - İddiaçı MMC-yə olan borcun ödənişini müqavilədə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə, borc gecikmiş hesab olunur. Həmin bənddə açıq göstərilmişdir ki, gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 faizi miqdarında cərimə ödənilməlidir. Bu müddət, həmçinin müqavilənin digər müddəalarına uyğun olaraq, alıcının fəaliyyətinin dayandırıldığı hallara da tətbiq edilir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
44. İş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə malların dəyərini vaxtında və müqavilədə müəyyən edilmiş müddət ərzində tam şəkildə ödəməyərək 19.980,19 manat məbləğində əsas borcun yaranmasına səbəb olmuşdur. Müqavilənin 7.10-cu bəndinə uyğun olaraq, bu gecikmə üçün hesablanmış cərimə məbləği 1.235,62 manat təşkil etdiyi halda birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq cavabdehin mənafeyini nəzərə alaraq bu məbləği azaltmaqla 1000 manat həcmində müəyyən etmişdir.
45. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
46. Belə olan halda məhkəmə kollegiyası gecikmiş ödənişə görə birinci instansiya məhkəməsinin 1000 manat məbləğində cərimə məbləğinin müəyyən edilməsi barədə nəticəni də əsaslı hesab edir ki bu hal tərəflər arasında bağlanmış müqavilə, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqi öhdəliklərə əsaslanır və bu tələb də əsaslıdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
48. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə qətnaməsi qanuni və əsaslıdır.
53. Bununla yanaşı məhkəmə kollegiyasının araşdırması zamanı cavabdeh tərəfindən MMC-nin hesabına 2000 manat vəsaitim ödənilməsi göstərilmişdir. Həmin məbləğin isə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra ödənilmişdir. Belə ki, qeyd edilən ödəniş mübahisə üzrə müəyyən edilmiş faktiki halları, tərəflərin hüquq və vəzifələrini, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi zaman mövcud olmuş sübutların qiymətləndirilməsini təkzib etmir. Cavabdeh tərəfindən sonradan həyata keçirilmiş qismən ödəniş qətnamənin qəbul edilməsinə əsas olmuş hüquqi və faktiki halları aradan qaldırmır, eyni zamanda məhkəmənin gəldiyi nəticələrin səhv və ya əsassız olduğunu təsdiq edən yeni hal kimi qiymətləndirilə bilməz. Odur ki, həmin qismən ödəniş hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra gələcəkdə qətnamənin icrası zamanı nəzərə alınmalı ödənişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda mübahisələndirilən hissələrdə dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.
55. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, (5101.49 manat borc və 1000 manat cərimə məbləği = 6101,49 manat) qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.