Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-83/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommerisya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI
1. “xxxx” Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 13350 manat olan və Spesifikasiyada (Əlavə № *) göstərilən kənd təsərrüfatı texnikalarını (“Belarus-892” markalı traktoru, “KR-14” markalı 4 gövdəli asma kotanı, “TS-24” gübrəsəpənlə qoşulan taxılsəpəni) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № *) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
3. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.
4. İş materiallarında olan ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli lizinq müqaviləsinin * nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan cavabdeh1 lizinq verənə borcunun son ödəniş tarixi ## ######## 2022-ci il olmaqla müvafiq rüblər və illər üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və cavabdeh1 həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir.
5. İş materiallarında olan ## ###### 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli lizinq müqaviləsi üzrə cavabdeh1 5450 (beş min dörd yüz əlli) manat məbləğində əsas borcu və 9321,57 (doqquz min üç yüz iyirmi bir manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 14771,57 (on dörd min yeddi yüz yetmiş bir manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh cavabdeh1 qarşı "müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh cavabdeh1 ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli müqavilə üzrə 5450 (beş min dörd yüz əlli) manat məbləğində əsas borc, 9321,57 (doqquz min üç yüz iyirmi bir manat əlli yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 14771,57 (on dörd min yeddi yüz yetmiş bir manat əlli yeddi qəpik) manat məbləğində borcun və hüquqi yardım üçün vəkilə ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xidmət haqqının iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (sonradan “Aqroservis”) ilə cavabdeh1 arasında ##.##.2015ci il tarixli “90-GL/16” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan cavabdeh1 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh cavabdeh1 ## ###### 2015-ci il tarixli “90-GL/16” nömrəli müqavilə üzrə ## ###### 2025-ci il tarixinə 5450 (beş min dörd yüz əlli) manat qalıq borc, 9321,57 (doqquz min üç yüz iyirmi bir manat əlli yeddi qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 14771,57 (on dörd min yeddi yüz yetmiş bir manat əlli yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələbinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
7. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə “iddia müddətinin tətbiqi barədə” ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia müddəti ötürüldüyündən iddia ərizəsi rədd edilməlidir. Belə ki, müqavilənin * saylı əlavəsindən (ödəniş qrafikindən) görünür ki, onun tərəfindən sonuncu ödəniş 2022-ci ilin 3-cü rübündə, yəni ## ######## 2022-ci ildə edilməli idi. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Yəni hazırkı mübahisə üzrə iddia müddətinin axımı ## ####### 2022-ci ildən başlanmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasın müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni ## ####### 2025-ci il tarixi iddia ərizəsinin təqdim edilməsi üçün sonuncu gündür. ## ####### 2025-ci il saat 23:59-da iddia müddəti başa çatmışdır.
8. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək bildirmişdir ki, onun əsas borcu düz hesablanıb. Cərimə məbləği isə həddindən artıq çox hesablanıb. Hüquqi yardım xərci isə əsassızdır. Çünki təqdim edilən sənədlərdən (qaimədən) də görünür ki, hüquqi yardım xərci üçün vəkilə cəmi 300 manat (2 qaimə üzrə 600 manat) ödəniş edilib. Həmin qaimələr də hazırkı işə aid olmasını təsdiq edən sübut yoxdur. İddiaçıya hüquqi yardım göstərən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti deyil, fərd olaraq vəkildir. İddia tələbi iddia müddəti başa çatdığına görə rədd edilməlidir, yox əgər məhkəmə digər ərizəni nəzərə almayıb iddia müddətinin ötürülmədiyi qənaətinə gələrsə belə, cərimə borcunu silməli və vəkil xərcini də iddianın təmin edilən hissəsinə mütənasib azaltmalıdır.
9. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ## #### 2026-cı il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək cavabdeh cavabdeh1 ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli müqavilə üzrə 5450 (beş min dörd yüz əlli) manat məbləğində əsas borc, 9321,57 (doqquz min üç yüz iyirmi bir manat əlli yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 14771,57 (on dörd min yeddi yüz yetmiş bir manat əlli yeddi qəpik) manat məbləğində borcun və hüquqi yardım üçün vəkilə ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xidmət haqqının iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti ilə bağlı əgər cavabdeh tərəfindən iddia müddətləri mübahisələndirilərsə, bu zaman məhkəmə ## ###### 2015-ci il tarixli “90-GL/16” nömrəli müqavilənin hüquqi təbiətini və şərtlərini də nəzərə alınmalıdır. Belə ki, hazırkı müqavilə üzrə yaranmış bütün öhdəliklərinin icra müddətinin bitmə anını müəyyənləşdirmək üçün “müqavilənin predmeti” başlıqlı 1-ci maddəsinin 2-ci bəndinə nəzər saldıqda görünür ki, lizinq alan, yəni cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə №*) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Yenə həmin maddənin 4cü bəndinə əsasən lizinq ödəniş qrafiki (Əlavə №*) müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. Əlavə 2-də əks olunmuş müvafiq ödəniş qrafikində cavabdehin öhdəlik götürdüyü son tarix kimi ## ######## 2022-ci il tarixi qeyd olunmuşdur. Məsələ ilə bağlı əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsi tətbiq olunarsa, iddia müddəti məhz ## ######## 2022-ci il tarixindən hesablanmalıdır. Bununla bağlı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2.-ci maddəsində qeyd edilir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarında da qeyd olunur ki, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmçinin müqavilənin 1.1-ci bəndinə əsasən sözügedən texnikalar yalnız cavabdeh tərəfindən qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra onun - cavabdehin mülkiyyətinə verilməli idi. Lakin cavabdeh qalıq dəyəri tam ödəməmiş, həmçinin mülkiyyət hüquqlarının əldə olunması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə heç bir sənədləşmə işləri aparmamışdır. Ona görə də, məhkəmə mübahisəyə hüquqi qiymət verərkən, təkcə pul mübahisəsi və / və ya öhdəliklərin icra edilməməsindən irəli gələn mübahisə kimi deyil, mülkiyyət hüquqlarının pozulması aspektindən də məsələyə hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747- 2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli Qərarına əsasən, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Bütün bu səbəblərə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci fəslinin müddəaları nəzərə alınarkən həmin Məcəllənin 384-cü maddəsinə də baxılmalıdır. Belə ki, həmin maddənin 4-cü bəndinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyi tələblərə şamil edilir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilmişdir.(Həlimə Alıyeva)
11. Məhkəmə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, tərəflər arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli müqavilənin ödəniş qrafikindən (əlavə 2) görünür ki, qeyd edilən müqavilənin müddəti ## ######## 2022-ci il tarixdə bitmiş, həmin müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, borcu etiraf edən məktub göndərilməmiş və ya üzləşmə aktı tərtib edilməmişdir. Ona görə də həmin tarixdən iddia müddətinin axımı başlamışdır. Belə olan halda, iddiaçı tərəf qeyd olunan müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə məhkəməyə 30 senyabr 2025-ci il tarixədək müraciət etməli idi. Lakin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi isə lizinq müqaviləsinin müddətinin bitdiyi vaxtdan müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassız olduğuna görə məhkəmənin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Belə ki, Dövlət büdcəsi vəsaitlərinin geri qaytarılması ilə bağlı mübahisələr adi mülki-hüquqi tələblərdən fərqləndiyinə görə, bu xüsusiyyət nəzərə alınmadan qəbul edilmiş qərar hüququn əsas prinsiplərinə uyğun hesab edilə bilməz. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinə əsasən müqavilənin müddəti ## ######## 2022-ci ildə başa çatmış, həmin tarixdən sonra cavabdeh tərəfindən ödəniş edilməmiş, borcu etiraf edən məktub və ya üzləşmə aktı təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə iddia müddətinin həmin tarixdən başladığını və Agentliyin ## ###### 2025-ci ildə müraciət etdiyindən üç illik iddia müddətini ötürdüyünü qəbul etmişdir. Lakin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi hüquqi baxımdan kifayət qədər əsaslı deyil. İddia müddətinin keçməsi borcun mövcud olmadığını göstərmir. Cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, eyni zamanda borcu açıq şəkildə inkar etməməsi işin bütün halları ilə birlikdə qiymətləndirilməli idi. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması xüsusi ictimai əhəmiyyət daşıdığından, belə mübahisələrdə iddia müddəti formal və mexaniki qaydada deyil, işin konkret halları və ədalət prinsipi nəzərə alınmaqla tətbiq edilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması baxımından məhkəmə iddiaçının subyektiv hüququnun mövcudluğunu və həmin hüququn pozulub-pozulmadığını araşdırmalı idi. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və borclu olduğunu açıq şəkildə inkar etməmişdir. Bu hallar nəzərə alınmaqla, məhkəmə qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı və dövlət vəsaitlərinin geri qaytarılması təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması barədə məhkəməni məlumatlandırmamışlar.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (...)
Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Maddə 427. Öhdəliyin icrası müddəti 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh cavabdeh1 ## ###### 2015-ci il tarixli, **-GL/** nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən irəli gələn 5.450 manat əsas borc və 9.321,57 manat cərimə olmaqla, ümumilikdə 14.771,57 manat məbləğində borcun, habelə hüquqi yardım üçün çəkilmiş 576,28 manat məbləğində vəkil xidmət haqqının tutulmasını tələb etmişdir.
22. İddiaçı tələbinin əsası kimi cavabdehin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini, lizinq ödənişlərini tam ödəmədiyini, bu səbəbdən müqavilə üzrə borcun və müqavilədə nəzərdə tutulmuş cərimənin yaranmasını göstərmişdir. İddiaçı həmçinin bildirmişdir ki, lizinq münasibətləri mülkiyyət hüququ elementlərini də ehtiva etdiyindən və lizinq predmeti üzərində mülkiyyət hüququ tam ödənişdən sonra lizinq alana keçdiyindən, mübahisəyə yalnız adi müqavilə öhdəliyi kimi deyil, mülkiyyət hüquqlarının müdafiəsi aspektindən də yanaşılmalı, bu səbəbdən iddia müddəti formal qaydada tətbiq edilməməlidir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini nəzərə alaraq iddianın rədd edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
25. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il və X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları).
26. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış ## ###### 2015-ci il tarixli **-GL/** nömrəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə əsasən cavabdehin müqavilə üzrə son ödənişi ## ######## 2022-ci il tarixinədək həyata keçirilməli idi. Müqavilənin 1.2-ci bəndində lizinq alanın qalıq məbləği məhz həmin qrafikə uyğun ödəməsi öhdəliyi müəyyən edilmiş, ödəniş qrafiki cavabdeh tərəfindən imzalanmaqla qəbul olunmuşdur. Beləliklə, tərəflər öhdəliyin icra müddətini dəqiq və müəyyən şəkildə razılaşdırmışlar.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən öhdəliyin icrası günü və ya icra edilməli olduğu dövr müəyyən edilmişdirsə, öhdəlik həmin gün və ya həmin müddət ərzində icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin vaxtında icra edilməməsi onun pozulması hesab edilir. Deməli, cavabdeh tərəfindən ## ######## 2022-ci il tarixədək ödənişlərin tam həyata keçirilməməsi ilə müqavilə öhdəliyinin pozulması baş vermişdir.
28. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı həmin icra müddəti bitdikdə başlanır. Hazırkı halda öhdəliyin son icra tarixi ## ######## 2022-ci il olduğundan iddia müddətinin axımı # ####### 2022-ci il tarixdən başlamışdır.
29. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Buna görə də iddiaçı müqavilədən irəli gələn pul tələbi ilə ən geci ## ######## 2025ci il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarından görünür ki, iddia ərizəsi ## ###### 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş, bununla da qanunla müəyyən edilmiş üç illik iddia müddəti artıq başa çatdıqdan sonra iddia qaldırılmışdır.
30. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız tərəfin ərizəsi əsasında tətbiq edilir və iddia müddətinin keçməsi barədə ərizə verildikdə bu hal məhkəmənin iddiadan imtina etməsi üçün müstəqil hüquqi əsas təşkil edir. İş materiallarından görünür ki, cavabdeh məhkəmə qərarı qəbul edilməzdən əvvəl iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim etmiş və həmin hüququndan vaxtında istifadə etmişdir. Bu halda məhkəmənin iddia müddətini tətbiq etməsi qanunun imperativ tələbindən irəli gəlir və məhkəmənin bu məsələdə mülahizə sərbəstliyi mövcud deyildir.
31. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü əsas arqumentlərdən biri dövlət büdcəsi vəsaitlərinin geri qaytarılması ilə bağlı mübahisələrdə iddia müddətinin daha fərqli yanaşma ilə tətbiq edilməsinin zəruri olması barədədir. Lakin bu apellyasiya şikayətinin dəlili Mülki Məcəllənin tələblərinə uyğun hesab edilə bilməz. Çünki Mülki Məcəllənin 373.2-ci maddəsi müqavilə tələbləri üzrə iddia müddətini bütün hüquq subyektləri üçün vahid qaydada müəyyən etmişdir və həmin norma dövlət orqanları üçün hər hansı istisna nəzərdə tutmur. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri hüquq subyektlərinin mülki dövriyyədə bərabərliyidir. Dövlət orqanının müqavilə münasibətlərində iştirak etməsi ona iddia müddətinə əməl edilməməsinin hüquqi nəticələrindən azadolma vermir. Əks yanaşma hüquqi müəyyənlik və hüquqi bərabərlik prinsiplərinin pozulmasına gətirib çıxarardı.
32. İddiaçının cavabdehin borcu inkar etməməsi barədə istinadları da iddia müddətinin tətbiqinə təsir göstərmir. İş materiallarında cavabdehin iddia müddətinin axımını kəsən və ya yenidən başladan hər hansı hərəkəti müəyyən edilməmişdir, əksinə cavabdeh iddia müddətinin tətbiqini tələb etmişdir. Bu baxımdan iddia müddətinin axımının dayandırılması, kəsilməsi və ya yenidən hesablanması üçün qanuni əsas müəyyən edilmir.
33. İddiaçının lizinq müqaviləsinin mülkiyyət hüququ elementlərini ehtiva etməsi və buna görə də Mülki Məcəllənin 384-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin şamil edilmədiyi tələblərlə əlaqələndirilməsi barədə apellayasiya şikayətinin dəlili də qəbul edilə bilməz. Hazırkı mübahisənin predmeti lizinq predmetinin geri tələb edilməsi, mülkiyyət hüququnun tanınması və ya mülkiyyət hüququna maneələrin aradan qaldırılması deyil. İddiaçı yalnız müqavilədən irəli gələn pul öhdəliyinin – əsas borcun, cərimənin və hüquqi yardım xərclərinin tutulmasını tələb etmişdir. Belə tələb öz hüquqi mahiyyətinə görə müqavilə tələbi olub Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin tələbindən irəli gələn münsibətdir. Belə bir tələb üzrə Mülki Məcəllənin 384-cü maddəsinin tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir.
34. Bundan əlavə, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər, o cümlədən dəbbə pulu üzrə də iddia müddəti keçmiş hesab olunur. Deməli, əsas borcun tutulması tələbi üzrə iddia müddəti başa çatdığından, cərimənin tutulması barədə tələb də müstəqil şəkildə təmin edilə bilməz.
35. Müqavilənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin başa çatması tərəfləri həmin müddət ərzində yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etməsə də, bu norma kreditoru iddia müddətinə riayət etmək öhdəliyindən azad etmir. Həmin norma yalnız öhdəliyin mövcudluğunu tənzimləyir, lakin hüququn məhkəmə qaydasında müdafiəsinin müddətini müəyyən etmir.
36. Beləliklə, müəyyən olunur ki, müqavilə üzrə son icra müddəti ## ######## 2022-ci il olmuş, iddia müddətinin axımı həmin tarixdən başlamış, üç illik iddia müddəti ## ######## 2025-ci ildə başa çatmış, iddia isə yalnız ## ###### 2025-ci ildə qaldırılmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə qanuna uyğun qaydada ərizə verilmiş, iddia müddətinin axımını kəsən və ya dayandıran hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə həm işin faktiki hallarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 376 və 377.2-ci maddələrinin tələblərinə tam uyğundur.
37. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.