Məhkəmə qərarları › İş №e-2-2(3-9)-108/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-108/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-108/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nümayəndəsi- vəkil X2 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 46162,95 manat, çəkilmiş xərcin əvəzi 228,49 manat, cəmi 46391,44 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Icarəyə verən) ilə Cavabdeh MMC (Icarəçi) arasında ##.##.2024-cü il tarixində AIS-HKM-****** nömrəli tikinti texnikasının icarəsinə dair müqavilə imzalanmış, müqaviləyə əsasən icarəyə verən tərəfindən tikinti texnikaları icarəçiyə icarəyə verilmiş və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Müqavilənin * nömrəli təhvil-təslim aktına əsasən icarəçinin ƏDV daxil olmaqla 15725,77 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 11981,53 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 3540 manat, ümumilikdə 31247,30 manat ödəməli olduğu icarə haqqı borcu yaranmışdır. Cavabdeh bu borca uyğun olaraq təqdim edilmiş qaimələr üzrə hər hansı ödəniş etməmişdir. Müqaviləyə * nömrəli əlavənin 3.1-3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləğinin ödənişin edilməsi vaxtından asılı olduğunu nəzərə alıb, həmin əlavənin 3.3-cü bəndinə istinad etməklə, cavabdehə həmin bənddə nəzərdə tutulmuş nisbət üzrə əlavə ödəniş ƏDV də daxil olmaqla ##.##.2025-ci ildə 46162,95 manatlıq elektron qaimə təqdim etsə də, o, borcu ödəməkdən yayınmışdır. İŞİN HALLARİ: İddiaçı MMC ilə "xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli Tikinti texnikalarının icarəsinə dair müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icarəyə verən təsviri, icarə müddəti həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış tikinti texnikasını icarə predmeti qismində həmin müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə texnikanı icarəyə götürüb qarşılığında həmin müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən ”Icarəçi” öhdəsinə götürür: 2.2.3-cü bəndinə görə həmin müqavilə ilə razılaşdırılmış icarə haqqını vaxtında ödəmək; 3.1-ci bəndinə əsasən texnikalar üçün icarə haqqının məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə ilə müəyyən edilir. 3.2-ci bəndinə görə texnikaların icarəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 15 gün ərzində ödəniləcəkdir. 3.4-cü bəndinə əsasən texnikaların aylıq icarə haqqı dedikdə texnikaların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. 7.1-ci bəndinə görə həmin müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti altı ay təşkil edir. İddiaçı MMC ilə "xxxx” MMC arasında imzalanmış Tikinti texnikasının icarəsinə dair ##.##.2024-cü il tarixli AIS-HKM ****** nömrəli müqaviləyə * №-li əlavənin: 1-ci bəndinə əsasən həmin əlavə İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Tikinti texnikasının icarəsinə dair ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir və icarəyə verilən texnikanın müqavilənin 1.1-ci bəndinə uyğun olaraq xüsusiyyətlərini və icarə müddətini və icarəyə görə ödənişin məbləğini müəyyən edir. 2-ci bəndinə görə müqaviləyə əsasən tərəflər “Hyundai H 940 S” (Çalovlu Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZI *** FY ***; Buraxılış ili 2013) markalı tikinti texnikasını icarəçiyə altı ay müddətinə icarəyə verilməsi barədə razılığa gəlirlər. 3-cü bəndinə əsasən icarə haqqı texnikanın istifadə edildiyi tam ay (30 gün ərzində 26 gün) və ya günlərin sayına uyğun olaraq aşağıdakı qaydada hesablanır: 3.1: Icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 5500 (altı min) manat; 3.5: Icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 50 (əlli) gündən gec ödəniləcəyi təqdirdə isə aylıq icarə haqqının məbləği 8250 (səkkiz min iki yüz əlli ) manat. ##.##.2024-cü tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə "xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə imzalanmış AIS-HKM-****** nömrəli müqavilə üzrə icarəçi tərəfindən icarəyə götürülmüş tikinti texnikaları – “Hyundai H 940 S” markalı (Çalovlu Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZI *** FY ***; Buraxılış ili 2013), “Çukurova 883” markalı (Çalovlu Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZI *** FY ***; Buraxılış ili 2013) və “Çukurova 883” markalı (Yükləyici; dövlət qeydiyyat nömrəsi: AZI *** FY ***; Buraxılış ili 2013) - ##.##.2024-cü il tarixdə tam saz vəziyyətdə, hər hansı çatışmazlıq olmadan icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir. ##.##.2024-cü il tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, bir tərəfdən İddiaçı MMC, digər tərəfdən Cavabdeh MMC həmin aktı tərtib edərək, icarəyə verən tərəfindən aylıq yerinə yetirilmiş iş normasına əsasən aktda göstərilən texnikaların ##.##.2024-##.##.2024 tarixləri üçün icarə xidmətinin təslim edildiyini və icarəçinin həmin icarə xidmətini təhvil aldığını, icarəçi tərəfindən icarəyə verənə ödəniləcək icarə haqqının ƏDV daxil 15725,77 manat məbləğ təşkil etdiyini təsdiq edirlər. ##.##.2024-cü il tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində imzalanmış AIS-HKM-****** nömrəli müqavilə üzrə # ######## 2024-cü il tarixində icarəçi tərəfindən icarəyə götürülmüş Çalovlu ekskavator (Bekoloder) Çukurova 883 (dövlət qeydiyyat nişanı: AZ ***-FY-***; buraxılış ili: 2013; mühərrikin nömrəsi: U****** X; rəngi: sarı; şassi: CMI 883 13PH BB 02771) markalı tikinti texnikasının icarəyə verənə (Icarəyə verənin tələb etdiyi yerə daşınması şərti ilə) geri qaytarılması təsdiq edilir. Yuxarıdakı abzasda göstərilmiş tikinti texnikası ##.##.2024-cü il tarixində icarəyə verən tərəfindən icarəçiyə tam saz vəziyyətdə, hər hansı çatışmazlıq olmadan təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış Tikinti texnikasının icarəsinə dair ##.##.2024-cü il tarixli AIS-HKM ****** nömrəli müqaviləyə ##.##.2024-cü il tarixli * №-li Əlavənin:

1. Həmin əlavə İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış tikinti texnikasının icarəsinə dair ##.##.2024-cü il tarixli AIS HKM-****** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsidir.

2. Tərəflər razılaşırlar ki, müqaviləyə əsasən icarəyə verilən Çalovlu ekskavator (Bekoloder) HUNDAI H 940 S (dövlət qeydiyyat nişanı: AZ *** FY ***; buraxılış ili: 2013; mühərrikin nömrəsi: RO03361 W; rəngi: sarı; şassi: HHKHU801 PD0000241) markalı tikinti texnikasının icarə haqqı Əlavənin imzalıdığı tarixdən etibarən aşağıdakı şəkildə hesablansın: 2.1. Icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 6000 (altı min) manat; 2.5. Icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 50 (əlli) gündən gec ödəniləcəyi təqdirdə isə aylıq icarə haqqının məbləği 9000 (doqquz min) manat. ##.##.2024-cü il tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, bir tərəfdən İddiaçı MMC, digər tərəfdən Cavabdeh MMC həmin aktı tərtib edərək, icarəyə verən tərəfindən aylıq yerinə yetirilmiş iş normasına əsasən aktda göstərilən texnikaların ##.##.2024-##.##.2024-cü il tarixləri üçün icarə xidmətinin təslim edildiyini və icarəçinin həmin icarə xidmətini təhvil aldığını, icarəçi tərəfindən icarəyə verənə ödəniləcək icarə haqqının ƏDV daxil 11981,53 manat məbləğ təşkil etdiyini təsdiq edirlər. ##.##.2024-cü il tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, bir tərəfdən İddiaçı MMC, digər tərəfdən Cavabdeh MMC həmin aktı tərtib edərək, icarəyə verən tərəfindən aylıq yerinə yetirilmiş iş normasına əsasən aktda göstərilən texnikaların ##.##.2024-##.##.2024-cü il tarixləri üçün icarə xidmətinin təslim edildiyini və Icarəçinin həmin icarə xidmətini təhvil aldığını, icarəçi tərəfindən icarəyə verənə ödəniləcək icarə haqqının ƏDV daxil 3540 manat məbləğ təşkil etdiyini təsdiq edirlər. ##.##.2024-cü il tarixli * nömrəli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində imzalanmış AIS-HKM-****** nömrəli müqavilə üzrə # ######## 2024-cü il tarixdə icarəçi tərəfindən icarəyə götürülmüş “Hyundai H 940 S” markalı (Çalovlu Ekskavator; dövlət qeydiyyat nömrəsi: AZI *** FY *** olan) tikinti texnikasının icarəyə verənə (Icarəyə verənin tələb etdiyi yerə daşınması şərti ilə) geri qaytarılması təsdiq edilir. Yuxarıdakı abzasda göstərilmiş tikinti texnikası ##.##.2024-cü il tarixində icarəyə verən tərəfindən Icarəçiyə tam saz vəziyyətdə və hər hansı çatışmazlıq olmadan təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2024-cü il tarixli MT2410 seriyalı elektron qaimə faktura üzrə 15725,77 manat, ##.##.2024-cü il tarixli MT2411 seriyalı elektron qaimə faktura üzrə 11981,53 manat, ##.##.2024-cü il tarixli MT2411 seriyalı elektron qaimə faktura üzrə 3540,00 manat, ##.##.2025-ci il tarixli MT2501 seriyalı elektron qaimə faktura üzrə 14915,64 manat olmaqla, ümumilikdə cəmi 46162,94 manat məbləğdə icarə xidməti göstərildiyi qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli pretenziya məktubunda bildirilmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanılmış ##.##.2024-cü il tarixdə AIS-HKM-****** nömrəli tikinti texnikasının icarəsinə dair müqaviləyə əsasən icarəyə verən tərəfindən xüsusi tikinti texnikaları icarəçinin istifadəsinə (icarəsinə) verilmişdir. Icarəyə verən tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş, texnikalar icarəçiyə təhvil verilmiş və texnikalardan müvafiq qaydada istifadə edilmişdir. Ötən müddətdə icarəçi icarə haqqını ödəməmiş və nəticədə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hazırda icarəçinin tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixində AIS-HKM****** nömrəli tikinti texnikasının icarəsinə dair müqavilənin * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 15725,77 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 11981,53 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 3540,00 manat, ümumilikdə 31247,30 manat məbləğ ödəməli olduğu icarə haqqı mövcuddur. Müqavilə üzrə ödənilməli 31247,30 manat vəsaitin müqavilənin şərtlərinə uyğun olaraq ## ###### 2024-cü il tarixindən gec olmamaqla ödənilməsi tələb edilir, əks halda müqaviləyə və Azərbaycan Respublikasının qanunlarına əsasən icarə haqqının, həmçinin müqaviləyə * nömrəli Əlavənin 3.2-3.5-ci bəndlərində qeyd edilmiş əlavə məbləğlərin, eyni zamanda vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər üzrə aidiyyəti məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2026-cı il tarixli rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli tikinti texnikasının icarəsinə dair müqavilə üzrə, həmin müqavilənin ##.##.2024-cü il tarixli * saylı Əlavəsindəki şərtlər nəzərə alınmaqla təhvil-təslim aktları və elektron qaimə fakturalarının tarixlərinə əsasən ##.##.2024cü il tarixli MT2410 seriyalı elektron qaimə faktura üzrə 15725,77 manat, ##.##.2024-cü il tarixli MT2411 seriyalı elektron qaimə faktura üzrə 11981,53 manat, ##.##.2024-cü il tarixli MT2411 seriyalı elektron qaimə faktura üzrə 3540 manat, ##.##.2025-ci il tarixli MT2501 seriyalı elektron qaimə faktura üzrə 14915,64 manat, ümumilikdə 46162,94 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 15521,53 manat məbləğdə borc və ödənilmiş 228,49 manat məbləğdə dövlət rüsumu olmaqla, cəmi 15750,02 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğdə pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla baxılan işin mübahisəli məqamını tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı borcunun mövcud olmasının, mövcud olduğu təqdirdə onun həcminin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı icarə müqaviləsi üzrə cavabdehin ödənilməmiş 31145,19 manat məbləğdə borcunun qaldığını, cavabdeh isə icarə haqqını tam şəkildə ödədiyini, iddiaçının ondan əlavə haqq tələb etdiyini iddia edir. Iddiaçı icarə obyekti olan texnikaların cavabdehin istifadəsinə saz və işlək vəziyyətdə verməsini, icarə haqqı üzrə cavabdeh tərəfindən cəmi 15725,77 manat məbləğdə pul ödənildiyini mötəbər və yetərli dəlillərlə sübut edə bilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında icarə haqqını tam şəkildə ödədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı onun tərəfindən iddiaçının hesabına yalnız 15725,77 manat məbləğdə pul ödənildiyi öz təsdiqini tapmışdır. Cavabdeh qalan məbləği nağd şəkildə iddiaçının nümayəndəsinə ödənildiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan texnikaları cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh texnikanı təhvil alaraq istifadə etsə də, icarə haqqını tam şəkildə ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmış və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli AIS-HKM****** nömrəli Tikinti texnikasının icarəsinə dair müqavilə üzrə tərtib edilmiş təhvil-təslim aktlarına görə icarə haqqı məbləği ümumilkdə 31247,30 manat (* nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 15725,77 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 11981,53 manat, * nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 3540 manat olmaqla) təşkil etmişdir. Ikincisi, iddiaçı tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli müqaviləyə ##.##.2024cü il tarixli * nömrəli və ##.##.2024-cü il tarixli * nömrəli Əlavələrə istinad edərək, cavabdehdən əlavə olaraq 14915,64 manat icarə haqqı tələb edir. Icarə haqqı məbləğinin müqaviləyə əlavələrdə göstərilən qaydada hesablanması üçün formal əsas olsa da, mülki qanunvericiliyin normalarına, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə və nəhayət ümumbəşəri hüquq qayda və prinsiplərinə görə həmin müqavilə şərtlərini mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsipləri baxımından etibarlı hesab etmək olmaz. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əlavələrə əsasən hesablanmış əlavə icarə haqqı məbləği (14915,64 manat), şərtləşdirilmiş icarə haqqı məbləğinin (31247,30 manat) az qala yarısını təşkil edir. Məhkəmə hesab edir ki, bu şəkildə icarə haqqı məbləğinin hesablanması heç bir şərt və ya öhdəliklə legitimlik qazana bilməz. Cavabdeh tərəfindən istifadəsinə qəbul etdiyi icarə obyekti olan texnikaların vaxtında və saz vəziyyətdə iddiaçıya geri qaytarıldığı nəzərə alındıqda, icarə haqqı məbləğinin bu qaydada hesablanmaqla tələb edilməsi açıq-aşkar hüquqdan sui-istifadəyə səbəb olmuşdur. Belə olan halda isə, müqavilənin qeyd olunan şərti etibarsız hesab edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 5.3, 16.1, 337-ci, 352-ci, 425-ci, 443-cü, 445.7-ci, 449.1-ci və 560.1-560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASIYA ŞIKAYƏTLƏRI VƏ DƏLILLƏR:

Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən hesablanmış məbləğ onların tələb etdikləri məbləğlə eynilik təşkil etmiş, lakin məhkəmə tərəfindən rəydə göstərilən məbləğ də nəzərə alınmamışdır. Belə ki, əsas borc üzrə məbləğ əsassız olaraq azaldılmışdır. Qanunverici müstəqil iradə ifadəsini irəli sürən müqavilə tərəflərinə qanunvericiliyin zidd olmayan istənilən şərti müqavilədə təsbit etmək hüququ verib. Müqavilənin dəyəri də müqavilənin əsas şərtlərindən biri olmaqla hər bir müqavilədə dəqiq olaraq təsbit edilməli olduğundan tərəflər arasında da müqavilənin * saylı əlavəsində konkret olaraq müəyyən edilmişdir. Lakin, bu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Qətnamənin əsaslandırma hissəsində işin konkret hallarına istinad edilməmiş, təqdim edilmiş sübutlar qiymətləndirilmədən və məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür. Cavabdeh MMC də qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 15521,53 manat hissədə işin faktiki hallarını tam və obyektiv araşdırmadan yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəflər arasındakı müqavilə münasibətlərindən irəli gələn ödənişlərin bir hissəsi bank köçürməsi ilə, digər hissəsi isə iddiaçı tərəfin səlahiyyətli nümayəndəsinə nağd qaydada həyata keçirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən bu hal bildirilsə də, məhkəmə həmin faktı tam araşdırmamış, yalnız bank köçürməsini əsas götürərək nəticəyə gəlmişdir. Halbuki, 15521,53 manat məbləğdə nağd ödənişə dair sənəd mövcuddur. Həmin sənəd iş üzrə yeni yazılı sübut olmaqla, apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəkdir. Bundan əlavə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi də obyektiv və tam hesab edilə bilməz. Çünki ekspert yalnız bank köçürmələri və iş materiallarında olan maliyyə sənədləri əsasında nəticəyə gəlmiş, tərəflər arasında nağd hesablaşmaların olub-olmamasını araşdırmamışdır. Ekspertiza natamam faktiki məlumat bazası üzərində qurulduğundan onun nəticəsi də tam sübut kimi qəbul edilə bilməz.

TƏRƏFLƏRİN İZAHATLARİ:

İddiaçı MMC-nin nümayəndəsi vəkil X2 məhkəmədə izahat verərək öz apellyasiya şikayətlərini müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. O, həmçinin Cavabdeh MMC-nin apellyasiya şikayətini qəbul etmədiklərini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh tərəf məhkəmədə üzrlü səbəblər olmadan təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

PROSESSUAL MƏSƏLƏLƏR:

MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam şəkildə yoxlanılmasını düzgün hesab edir.

TƏLƏBİN QANUNİ ƏSASİ:

MM-in 6.2 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 14.1. və 14.2.1-ci maddələrinin tələbinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389-ci maddəsində göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. MM-in 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsində qeyd edilmişdir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. MM-in 465.2-ci maddəsinin tələbinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Iş materiallarından da göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsinin iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli * nömrəli və ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktları üzrə müəyyən edilmiş ödənilməyən icarə haqqının mövcudluğuna dair iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşsa da, məhkəmə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli müqavilənin ##.##.2024-cü il tarixli * nömrəli və ##.##.2024-cü il tarixli * nömrəli Əlavələrində nəzərdə tutulmuş şərtlər üzrə tələbin təmin edilməyən digər hissəsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, adıçəkilən əlavələrin məzmunundan görünür ki, elektron qaimə-fakturanın təqdim edilməsindən sonra müəyyən edilmiş müddətlər ərzində icarə haqqı üzrə ödəniş həyata keçirilmədikdə, cavabdehin yalnız icarə haqqını deyil, həm də onu gecikdirməyə görə razılaşdırılmış əlavəni ödəmək öhdəliyi yaranır. Məhkəmə kollegiyası hesab edir ki, ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli müqavilənin bağlanması zamanı tərəflər müqavilə azadlığı və iradə sərbəstliyi prinsiplərinə uyğun olaraq öz hüquq və vəzifələrini sərbəst şəkildə müəyyən etmiş, ödənişlərin gecikdirilməsi halında tətbiq ediləcək maliyyə məsuliyyətini əvvəlcədən razılaşdırmışlar. Həmin şərtlərin etibarsız hesab edilməsinə, dəyişdirilməsinə və ya tətbiq edilməməsinə əsas verən hər hansı sübut iş materiallarında mövcud deyildir. Buna görə də, məhkəmə həmin razılaşmaları tərəflər üçün məcburi qüvvəyə malik müqavilə müddəaları kimi qiymətləndirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini hər zaman vicdanla həyata keçirməyə borcludurlar, hüquqdan sui-istifadə edilməsinə yol verilmir. Bununla bərabər xatırlamaq yerinə düşər ki, Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hazırkı halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranarkən iddiaçının hərəkətlərində cavabdehə qarşı hüquqdan hər hansı formada sui-istifadə edilməsinə rast gəlinmir. Məhkəmə kollegiyası hazırda diqqətə çatdırılan mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət vermək və yuxarıda qeyd edilən məsələlərə aydınlıq gətirmək üçün qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halında onun müxtəlif üsullarla təmin edilə bilməsi qaydalarını da müəyyən etmişdir. Öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri dəbbə puludur və bu Mülki Məcəllənin 462-ci maddəsində öz inikasını tapmışdır. Eyni zamanda dəbbə pulu öhdəlikdə tətbiq edilən sanksiya formalarından biri kimi çıxış edir. Qeyd edilməlidir ki, dəbbə pulu öhdəliklərin icrasının təmin edilməsinin ən geniş yayılmış üsullarından biri olmaqla, ondan ələlxüsus fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti zamanı əmələ gələn öhdəliklərin icrasında əlverişli təminat üsulu kimi geniş şəkildə istifadə edilir. Bildiyimiz kimi, müxtəlif növ müqavilələrin icrası dəbbə pulu ilə təmin olunur. Bu təminat vasitəsilə öhdəlik lazımınca icra olunmayacağı halda, borclu özü üçün əmlak (maddi) xarakterli mənfi nəticələr əmələ gələcəyi qorxusu altında öhdəlikdən irəli gələn vəzifəsini vaxtında icra etməyə yönləndirilir. Beləcə, gələcəkdə əmlak xarakterli itkiyə məruz qalacağından ehtiyat edərək borclu şəxs məcbur olur ki, kreditorun qarşısında vəzifəsini vicdanla icra etsin. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dəbbə pulunun müqavilə formasında mühüm şərtlərini tərəflər özləri müəyyənləşdirirlər. Daha dəqiq desək, dəbbə pulunun bu növündə hansı pozuntuya görə borcludan hansı miqdarda dəbbə pulu alınmasını tərəflərin özləri təyin edirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun nəticəyə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi icarə borcunun mövcudluğunu düzgün müəyyən etsə də, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş gecikdirilmiş ödənişə görə əlavə pulun hüquqi mahiyyətini tam araşdırmamış, bu hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu zaman qeyd edilməlidir ki, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə kollegiyası göstərir ki, ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli müqavilənin ##.##.2024-cü il tarixli * nömrəli və ##.##.2024-cü il tarixli * nömrəli Əlavələrindən müəyyən olunur ki, elektron qaimə-fakturanın təqdim edilməsindən sonra müəyyən edilmiş müddətlər ərzində ödəniş həyata keçirilmədikdə, cavabdeh yalnız icarə borcunu deyil, eyni zamanda gecikdirilmiş ödənişə görə əlavə haqq ödəmək öhdəliyini də daşıyır. Bu ödəniş təbiətcə öhdəliyin icrası üzrə razılaşdırılmış dəbbə puludur və həmin münasibətləri tənzimləyən normalar tətbiq olunmalıdır. Belə ki, həmin şərt müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş və tərəflərin iradə ifadəsinin zədələnməsi halı müəyyən edilməmişdir. Kollegiya bildirir ki, Mülki Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mütləq olaraq nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən mülki dövriyyənin sabitliyinin və hüquqi müəyyənliyin təmin edilməsi, risklərin bölüşdürülməsi və tərəflər arasında yarana biləcək mübahisələrin effektiv həlli baxımından, xüsusilə kommersiya münasibətlərində tərəflərin iradəsini dəqiq və birmənalı əks etdirən yazılı müqavilələrin bağlanması məqsədəuyğun sayılır. Kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (digər mülki hüquq münasibətlərindən fərqli olaraq daha sistemli, mürəkkəb, gəlir yönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən “yazılı sübutların prioritetliyi” prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur. Bu, qanunvericinin hüquqi şəxslərin iştirak etdiyi münasibətlərdə yazılı sənədləşməyə xüsusi əhəmiyyət verdiyini göstərir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, dəbbə pulunun hüquqi təbiəti ondan ibarətdir ki, o, həm öhdəliyin icrasını təmin edən vasitə, həm də öhdəliyin pozulmasına görə tətbiq olunan mülki-hüquqi məsuliyyət forması kimi çıxış edir. Buna görə də, borclunun əsas öhdəliyi sonradan icra etməsi onun yol verdiyi gecikmənin hüquqi nəticələrini aradan qaldırmır və müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun tətbiqini istisna etmir. Habelə müqavilənin tərəfləri dəbbə pulunun məbləğini sərbəst şəkildə müəyyənləşdirə bilərlər. Bu zaman qeyd edilməlidir ki, iş materiallarından müəyyən olunur ki, ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə icarə haqqı ƏDV daxil olmaqla 15725,77 manat, ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə 11981,53 manat, ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə isə 3540 manat təşkil etmişdir. Eyni zamanda müəyyən edilir ki, ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə yaranmış 15725,77 manat məbləğdə borc sonradan cavabdeh tərəfindən ödənilmiş, həmin hal tərəflər arasında mübahisələndirilməmişdir. Bu səbəbdən göstərilən məbləğ qalıq icarə borcunun tərkibinə daxil edilə bilməz. Adıçəkilən - 15725,77 manat məbləğdə borcun sonradan ödənilməsi həmin öhdəliyin müəyyən müddət ərzində icra edilməməsi faktını və bunun nəticəsində yaranmış müqavilə məsuliyyətini aradan qaldırmır. Əks yanaşma tərəflərin sərbəst iradəsi ilə müəyyən etdikləri müqavilə şərtlərinin hüquqi qüvvəsini aradan qaldırmaqla yanaşı, dəbbə pulunun təminat və stimullaşdırıcı funksiyasını da faktiki olaraq mənasız edərdi. Halbuki, tərəflər ödəniş intizamının təmin edilməsi məqsədilə gecikmə halında əlavə maliyyə məsuliyyətinin yaranacağını əvvəlcədən razılaşdırmış və razılaşmanın etibarsızlığına əsas verən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Həmçinin kollegiya hesab edir ki, təhvil-təslim aktları üzrə icarə borcunun ödənilməsi cavabdehi gecikdirilmiş ödənişə görə müqavilədə nəzərdə tutulmuş icarə haqqının 50 faizi həddində əlavə haqqı - dəbbə pulunu ödəmək vəzifəsindən azad etmir və həmin məbləğin hesablanması hüquqi baxımdan tam əsaslıdır. Tərəflər arasında müəyyən edilmiş qayda tətbiq edilməklə aparılmış hesablamalara əsasən ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə 7862,88 manat, ##.##.2024-cü il tarixli * nömrəli təhvil-təslim aktı üzrə 5990,76 manat, ##.##.2024-cü il tarixli * nömrəli təhviltəslim aktı üzrə isə 1770 manat müəyyən edilir ki, hesablanmış həmin məbləği hüquq münasibətlərinin və müqavilədə əks etdirilmiş razılaşma şərtlərinin xarakteri baxımından əlavə icarə haqqı kimi deyil, dəbbə pulu olaraq dəyərləndirmək lazımdır. Hətta ##.##.2024-cü il tarixli AIS-HKM-****** nömrəli tikinti texnikasının icarəsinə dair müqavilədən də göründüyü kimi, texnikaların aylıq icarə haqqı dedikdə, onların təqvim ayı ərzində (30 gün ərzində) 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Beləliklə, gecikdirilmiş ödənişlərə görə hesablanmış dəbbə pulunun ümumi məbləği 15623,65 manat məbləğ təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən məbləğ tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərtlərinə, müqavilə azadlığı prinsipinə və Mülki Məcəllənin dəbbə puluna dair müddəalarına uyğun hesablanmışdır. MM-in 465.2-ci maddəsinin tələbinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla yanaşı, həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, cavabdehdən 1562 manat məbləğdə dəbbə pulunun tutulması daha əsaslı və ağlabatandır. Odur ki, birinci instansiya məhkəməsinin dəbbə pulunun tutulmasından imtina etməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz, qətnamə həmin hissədə ləğv edilməli və iddia bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə isə qeyd edir ki, həmin şikayətdə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin əsas dəlili yuxarıda adıçəkilən və tərəflər arasında bağlanmış məlum müqavilə üzrə yaranmış ödənişlərin bir hissəsinin - 15521,53 manat məbləğin iddiaçı tərəfin səlahiyyətli nümayəndəsinə nağd qaydada həyata keçirilməsinə baxmayaraq birinci instansiya məhkəməsində həmin faktın araşdırılmaması barədədir. Cavabdeh MMC-nin apellyasiya şikayətində eyni zamanda 15521,53 manat məbləğdə nağd ödənişə dair sənədin iş üzrə yeni yazılı sübut olmaqla, apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcəyi göstərilir. Beləcə, bu faktın göstərilməsi halı özlüyündə adıçəkilən – nağd qaydada həyata keçirilmiş ödənişlərin araşdırılmamasına dair dəlilin əsassız olmasına dəlalət edir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı, MPM-in 361.4-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyator öz şikayətində istənilən yeni sübuta istinad edə bilməz. Məhkəmə kollegiyası onu da nəzərə çatdırır ki, işdən göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılan cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəməyə üzrlü səbəblər olmadan gəlməmiş və müvafiq sübutlarını onların mümkünlüyünün (mötəbərliliyinin) yoxlanılması üçün təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini hərtərəfli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəbbə pulu məbləğinin tutulmaması hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə dəbbə pulu qismində 1562 (min beş yüz altmış iki) manat məbləğdə pul vəsaiti tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub

QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi dəbbə pulu məbləğinin tutulmaması hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə dəbbə pulu qismində 1562 (min beş yüz altmış iki) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Sədrlik edən: Vəli Abdullayev Hakimlər: Cahid Imanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar