Məhkəmə qərarları › İş №e-2-2(3-9)-123/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-123/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-123/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə, ilkin iddianın təmin edilməsi, Cavabdeh cəmi 5420 (beş min dörd yüz iyirmi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq, “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 104 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə Apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(121)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməsi göstərilsə də, şikayətçi qətnamənin mövcudluğundan yalnız ##.##.2026-cı il tarixdə icra məmuru vasitəsilə xəbər tutmuşdur. Bu səbəbdən şikayətçi tərəfindən buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmişdir. Ədalətli məhkəmə araşdırmasının aparılması üçün zəruri olan şəraitin məhkəmələr tərəfindən təmin edilməməsi ədalətlilik prinsipinə zidd olmaqla, konstitusion hüquq və azadlıqların pozulmasına səbəb olur. Bu səbəbdən sözügedən məhkəmə qərardadının ləğv edilməsi, müddətin bərpa olunması və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər”. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən, “İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər”. Həmin Məcəllənin 268-ci maddəsinə əsasən, “Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər”. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267 və 268- ci maddələrinə istinadən, məhkəmədən xahiş olunur ki, Apellyasiya şikayətinin geri qaytarılması barədə Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, vəsatətin təmin olunması və apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan sübutları, tətbiq edilməli maddi və prosessual hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materiallarından müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış 5420 manat borcun tutulmasına dair ilkin iddiası təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Bundan sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi bu vəsatəti araşdırarkən iş materialları ilə müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixli qətnamə ##.##.2025-ci il tarixdə cavabdehin "Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, lakin apellyasiya şikayəti yalnız ##.##.2026-cı il tarixdə verilmişdir. Beləliklə, MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş bir aylıq apellyasiya şikayəti vermə müddəti xeyli müddət əvvəl başa çatmışdır.

2. Şikayətdə əsas dəlil kimi göstərilmişdir ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi qeyd olunsa da, şikayətçi onun mövcudluğundan yalnız ##.##.2026-cı il tarixdə icra məmuru vasitəsilə xəbər tutmuş, buna görə də müddətin buraxılması onun təqsirindən irəli gəlməmişdir. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, MPM-in 360cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi müddəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən hesablanır. İş materiallarında olan məlumatlardan isə birmənalı şəkildə görünür ki, qətnamə ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və bu hal birinci instansiya məhkəməsi tərəfindən də araşdırılmışdır. Şikayətçi elektron kabinetə çıxış imkanının olmamasını, texniki nasazlığın mövcudluğunu, elektron kabinetdən istifadə edə bilməməsini və ya məhkəmə aktının həmin kabinetə yerləşdirilməməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Buna görə də onun qətnamədən faktiki olaraq sonradan xəbər tutması barədə izahatı prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər dəlil kimi qəbul edilə bilməz.

3. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 133.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Həmin hüquqi mövqeyə əsasən prosessual müddətin bərpası yalnız o hallarda mümkündür ki, müddətin buraxılmasına səbəb olan hallar şəxsin iradəsindən asılı olmasın, onun aradan qaldırılması imkanlarından kənarda qalsın və prosessual hüququn həyata keçirilməsinə obyektiv maneə yaratsın. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə xarakterli hər hansı obyektiv maneənin mövcudluğu sübuta yetirilməmişdir. Əksinə, iş materialları göstərir ki, məhkəmə aktı qanunvericiliyin müəyyən etdiyi qaydada elektron kabinetə yerləşdirilmiş, lakin şikayətçi qanunla müəyyən edilmiş müddət ərzində həmin hüququndan istifadə etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin müddətin üzrlü səbəbdən buraxılmaması barədə gəldiyi nəticə iş materiallarına və tətbiq edilən hüquq normalarına tam uyğundur.

4. Şikayətdə həmçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, məhkəmələr tərəfindən zəruri şəraitin yaradılmadığı və bu səbəbdən qərardadın ləğv edilməli olduğu göstərilmişdir. Kollegiya hesab edir ki, bu dəlillər formal xarakter daşıyır və konkret faktlarla təsdiq olunmur. Ədalətli məhkəmə araşdırması hüququ şəxsi prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək vəzifəsindən azad etmir. Şikayətçi həmin müddətin buraxılmasına səbəb olan obyektiv halları sübut etmədiyi halda, yalnız Konstitusion hüquqlarına ümumi istinad edilməsi prosessual müddətin bərpası üçün kifayət edən əsas hesab edilə bilməz.

5. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 130.1-ci maddəsini də düzgün tətbiq etmişdir. Həmin normaya görə qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra müvafiq prosessual hərəkəti etmək hüququ başa çatmış hesab olunur. Eyni zamanda MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə və həmin müddət bərpa edilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Hazırkı işdə də məhz bu hüquqi vəziyyət mövcud olmuşdur. Məhkəmə əvvəlcə müddətin bərpasına dair vəsatəti qiymətləndirmiş, onun təmin edilməsi üçün qanuni əsasların olmadığını müəyyən etdikdən sonra apellyasiya şikayətini geri qaytarılması barədə də düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar