Məhkəmə qərarları › İş №e-2-2(3-9)-76/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-76/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-76/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Xırdalan Aİİ MMC-nin cavabdeh Cavabdeh qarşı – pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh Cavabdeh, onun nümayəndəsi (vəkili) vəkil1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən III şəxs Hüseynov İslam Fərəc oğlunun iştirakı ilə, İddiaçı Xırdalan Aİİ MMC-nin cavabdeh Cavabdeh qarşı – pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməni qəbul etdi. İşin halları: İddiaçı Xırdalan Aİİ MMC cavabdeh Cavabdeh qarşı – 36.918,83 manat məbləğində pulun, 201 manat dövlət rüsumunun, 1.000 hüquqi xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləklərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında pivə satışına dair əməkdaşlıq olmuşdur. Tərəflər arasında olmuş əməkdaşlıq müddətində cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədən 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, paslanmayan pivə çəlləkləri: 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd götürülmüş, lakin geri qaytarılmamışdır. Cavabdeh tərəfindən alınmış pivə məhsuluna görə ona göndərilmiş elektron qaimələrdən göründüyü kimi 36.918, 83 manat borcu mövcuddur. A) İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi vəkil2 ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı, ##.##.2026-cı və ##.##.2026- cı il tarixə təyin edilmiş məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, əllərində sənəd yoxdur. İddiaçı ilə 2012-ci ildən işləməyə başlamışdır. Aralarında 2013-cü ildə müqavilə bağlanmış, lakin sonradan həmin müqavilə ləğv edilmişdir. Belə ki, qarşı tərəflə aralarında olan söz-söhbətlərə görə işləməmiş, itən çəlləklərin əvəzinə yenisini alıb qaytarmışdır. Pandemiya dövründə itən və yanan çəlləklərlə birlikdə 300 ədəd çəlləyi İslam müəllimə qaytarmışdır. İslam müəllim köhnə pivə zavodun direktoru olmuşdur. O, Elmana demişdir ki, çəlləkləri onlara İslam müəllim verəcəkdir. Çəlləkləri ona qaiməsiz vermişdilər, buna görə də, çəlləkləri geri qaytarmaya da bilərdi. Aparatların ona qalmasını qarşı tərəf audio səs yazısında öz səsi ilə də təsdiq etmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi diskdə olan səs yazısı ona məxsusdur. Belə ki, həmin səs yazısı 2 il əvvəl olan danışıqlardır. Xırdalan Aİİ MMC-nin Arif Hüseynov yaşlı adamdır. O, X1 danışmışdır. Elmanla olan bütün danışıqlar məhkəməyə təqdim etdiyi flaşkartdadır. Əslində iddiaçının ona 18.000 manat borcu vardır. Həmçinin, ona 35.000 manat dəyərində ziyan vurmuşdurlar. O, pulları “xxxx” QSC vasitəsi ilə ödəmişdir. Bununla bağlı sübutları vardır. Belə ki, borcu 3- 5 il bundan əvvəl ödəmişdir. 10-20 ton pivəni ona pay verirdilər. Bunu Elman flaşkartda olan səs yazısında özü də etiraf etmişdir. Onlar ona nəyi necə verdiklərini sübut etməlidirlər. İddiaçı sənədləri sonradan özü düzəltmişdir. Həmin sənədlərdə onun imzası yoxdur. Onunla iddiaçı arasında 2015-ci il də hər hansı bir müqavilə bağlanmamışdır. Sonuncu dəfə il yarım bundan əvvəl iddiaçıdan pivə almışdır. İddiaçının nümayəndəsinin və özünün məhkəməyə təqdim etdiyi səs yazılarında borcunun olduğunu bildirmişdir, ancaq həmin borcu ödəmiş və müqavilə sonradan ləğv olunmuşdur. İddianın “63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləkləri”nə aid hissəsinə gəldikdə isə, bildirir ki, ona 63 ədəd deyil, cəmi 47 ədəd komplekt böyük pivə aparatı verilmişdir, 3 ədəd komplekt balaca pivə aparatı olmamışdır. 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləkləri olmuşdur. Bunlar itən çəlləklərdir. 300 ədəd çəlləyi isə İslam müəllimə qaytarmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 36.918,83 manat məbləğində pul vəsaitinin, 600 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərcin və 200,76 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq Xırdalan Aİİ MMC-yə ödənilməsi, 47 ədəd komplekt böyük pivə aparatının, 275 ədəd 50 litrlik, 38 ədəd 30 litrlik, 1 ədəd 20 litrlik paslanmayan pivə çəlləklərinin Cavabdeh alınaraq Xırdalan Aİİ MMC-yə qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddiaçı Xırdalan Aİİ MMC-nin cavabdeh Cavabdeh qarşı–pul tələbi barədə iddiasına dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin məhkəmə araşdırmanı birtərəfli qaydada apararaq yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları əsas götürmüşdür. İddiaçı tələbinin əsası kimi cavabdehlə pivə satışına dair əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədən 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd və 20 litrlik 1 ədəd paslanmayan pivə çəlləyinin götürüldüyünü və geri qaytarılmadığını, habelə elektron qaimələrə əsasən 36.918,83 manat məbləğində borcun yarandığını bildirmişdir. Lakin cavabdehin mövqeyinə görə, iddiaçı məhkəməyə cavabdeh tərəfindən imzalanmamış müqavilə təqdim etmiş, tərəflər arasında həmin müqavilə bağlanmamış, cavabdeh isə məhkəmə iclasında 2012-ci ildən əməkdaşlıq etdiyini, 2013-cü ildə mövcud olmuş şifahi razılaşmanın sonradan ləğv edildiyini bildirmişdir. İddiaçı isə bu halların əksini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən imzalanmamış müqaviləni sübut kimi qəbul etməklə araşdırmanı birtərəfli aparmışdır. Məhkəmə iddianın təmin edilməsində əsas rol oynamış səs yazılarının hansı tarixdə və hansı şəraitdə əldə olunmasını araşdırmamış, bu barədə ekspertiza təyin etməmişdir. Cavabdeh məhkəmədə izahat verərək iddiaçı ilə əməkdaşlığın 2023-cü ilin əvvəllərində başa çatdığını, sonradan onun xəbəri olmadan hesabına məhsullar yazıldığını və həmin məhsulların ona təhvil verilmədiyini bildirmiş, lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Şikayətdə vurğulanmışdır ki, 36.918,83 manat məbləğində borc kimi göstərilən vəsait əslində 2023-cü ildən sonra cavabdehin adına yazılmış, lakin ona təhvil verilməmiş pivə məhsullarının dəyərindən ibarətdir və həmin məhsulların təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı təqdim olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb edilən pivə aparatları və çəlləklər cavabdehə İslam adlı şəxs vasitəsilə verilmiş, sonradan da həmin şəxsə qaytarılmışdır. Lakin məhkəmə bu şəxsin müəyyən edilərək şahid qismində dindirilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Şikayət verən tərəf hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən və maddi-prosessual hüquq normaları düzgün tətbiq olunmadığından birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinin məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsi (vəkili) vəkil1 əlavə olaraq göstərmişdir ki, tərəflər arasında uzun müddət işgüzar münasibətlər olmuşdur. Belə ki, 2013-cü ildən günlük hər dəfə cavabdeh 10 tonluq iddiaçıdan mal alıb onun satışını (eləcə də topdan satışını) həyata keçirmişdir. Bir müddət sonra Xəyyam bəy pivələrin satışını həyata keçirə bilməmişdir. Çünki müştəriləri tərəfindən məhsulun keyfiyyəti ilə bağlı müəyyən narazılıqlar yaranmışdır. Belə ki, pivəyə yad maddələr qatılırmış. Bu da məhsulun satışında haqlı olaraq müəyyən narazılıqlar yaratmışdır. Buna görə də cavabdeh tərəf haqlı olaraq iddiaçı tərəfə səs yazıları göndərərək məhsulun satışını dayandırdığını bildirmişdir. Məhsulun satışını dayandırdıqdan sonra cavabdeh tərəfin iddiaçıya 21.000 AZN-lik borcu yaranmışdır. Əslində bu borc 16.000 AZN olmalı idi, çünki məhsulun bir hissəsi satılmadığı üçün geri qaytarılmalı idi. Amma tərəflər arasında mübahisə yarandığından həmin məhsullar geriyə-iddiaçıya qaytarıla bilinməmişdir. Axırıncı dəfə müvəkkili tərəfindən 2023-cü ildə qarşı tərəfə ödəniş həyata keçirilmişdir. Belə ki, borc kimi yaranan 21.000 AZN-ə yaxın pul iddiaçı tərəfə ödənilmişdir. Ondan sonra hər hansı bir alqı-satqı prosesi baş verməmiş və qarşı tərəfin məhkəməyə göndərdikləri səs yazıları da həmin 2023-cü ildə həyata keçirilən ödənişdən əvvəl olmuşdur. Həmin səs yazılarında Xəyyam bəyin “ödənişləri edəcəm” deməsi zamanı o 2023-cü ildə həyata keçirilən ödənişləri nəzərdə tutmuşdur və həmin ödənişlər həyata keçirilmişdir. İş materiallarına əlavə edilən 2024-cü ilə aid edilən qaimələrdə göstərilən məhsullar onlar tərəfindən qəbul edilməyib. Qarşı tərəf dəfələrlə 2023cü ildən sonra zəng edərək əməkdaşlığı davam etdirmək istəmişdir. Əgər həqiqətəndə onların iddiaçıya borcları var idisə, niyə qarşı tərəf əməkdaşlığı davam etdirməyə niyyətində olmuşdur. Cavabdeh tərəf çəlləkləri İslam adlı şəxsə bilavasitə qaytarmaq niyyətində idi. Bununla bağlı iddiaçı tərəfin rəhbərlərindən birinin oğlu da cavabdehin çəlləkləri birbaşa həmin şəxsə qaytarması ilə bağlı razılıq da verib. Buna görə də çəlləklər İslama qaytarılıb. Apellyasiya baxışında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən III şəxs qismində cəlb edilmiş Hüseynov İslam Fərəc oğlu göstərmişdir ki, onun “xxxx” MMC adında pivə istehsalı ilə məşğul olan firması olmuşdur. Hazırda həmin MMC fəaliyyətini dayandırıb. Bildirmişdir ki, cavabdeh Cavabdeh şəxsən tanımışdır. Lakin onunla pivə satışı ilə bağlı hər hansı işgüzar münasibəti olmamışdır. Qeyd etmişdir ki, Xəyyama verilən çəlləklər ona məxsus olmuşdur. Belə ki, həmin çəlləkləri “Xırdalan Aİİ” MMC ondan alaraq Xəyyama vermişdir. O özü də Xəyyama kömək üçün çəlləklər vermişdir. “Xırdalan Aİİ” MMC ondan almış olduğu çəlləkləri Xəyyam sonradan birbaşa olaraq ona qaytarmışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddiaçı Xırdalan Aİİ MMC-nin cavabdeh Cavabdeh qarşı–pul tələbi barədə iddiasına dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan satıcı Xırdalan Aİİ MMC ilə alıcı Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini satıcının pivə məhsulunun, alıcının isə pivə alınmasını təşkil edir. Müqavilədən həmçinin aydın olur ki, həmin müqavilə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan üzləşmə aktının sürətindən görünür ki, Cavabdeh ##.##.2019cu il tarixə 248 ədəd 50L çəllək, 38 ədəd 30L çəllək, 1 ədəd 20L çəllək, 63 ədəd soyuducu kamera borcu vardır. Aktdan həmçinin aydın olur ki, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan sənədlərdən (qaimə fakturaların (cavabdeh tərəfindən imzalanmamışdır), elektron qaimə-fakturaların, ödəniş tapşırıqlarının surətlərindən) görünür ki, Xırdalan Aİİ MMC tərəfindən Cavabdeh pivə göndərilmişdir. Cavabdehin 36.918,83 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Xırdalan Aİİ MMC-yə məxsus 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd, 20 litrlik bir ədəd paslanmayan pivə çəlləklərinin qaytarılması və 36.918,83 manat məbləğində borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunan və məhkəmə iclasında dinlənilən iddiaçının nümayəndəsinin diskdə təqdim etdiyi və cavabdehin flaşkartda təqdim etdiyi “whats app” vasitəsi ilə aparılan audio səs yazışmalarından görünür ki, tərəflər arasında qeyd edilən borcla bağlı danışıqlar aparılmışdır və cavabdeh iddiaçının tələbində göstərdiyi halları qismən etiraf etmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı xxxxraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin məhkəmə araşdırmanı birtərəfli qaydada apararaq yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları əsas götürmüşdür. İddiaçı tələbinin əsası kimi cavabdehlə pivə satışına dair əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədən 63 ədəd komplekt böyük pivə aparatı, 3 ədəd komplekt balaca pivə aparatı, 50 litrlik 275 ədəd, 30 litrlik 38 ədəd və 20 litrlik 1 ədəd paslanmayan pivə çəlləyinin götürüldüyünü və geri qaytarılmadığını, habelə elektron qaimələrə əsasən 36.918,83 manat məbləğində borcun yarandığını bildirmişdir. Lakin cavabdehin mövqeyinə görə, iddiaçı məhkəməyə cavabdeh tərəfindən imzalanmamış müqavilə təqdim etmiş, tərəflər arasında həmin müqavilə bağlanmamış, cavabdeh isə məhkəmə iclasında 2012-ci ildən əməkdaşlıq etdiyini, 2013-cü ildə mövcud olmuş şifahi razılaşmanın sonradan ləğv edildiyini bildirmişdir. İddiaçı isə bu halların əksini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən imzalanmamış müqaviləni sübut kimi qəbul etməklə araşdırmanı birtərəfli aparmışdır. Məhkəmə iddianın təmin edilməsində əsas rol oynamış səs yazılarının hansı tarixdə və hansı şəraitdə əldə olunmasını araşdırmamış, bu barədə ekspertiza təyin etməmişdir. Cavabdeh məhkəmədə izahat verərək iddiaçı ilə əməkdaşlığın 2023-cü ilin əvvəllərində başa çatdığını, sonradan onun xəbəri olmadan hesabına məhsullar yazıldığını və həmin məhsulların ona təhvil verilmədiyini bildirmiş, lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Şikayətdə vurğulanmışdır ki, 36.918,83 manat məbləğində borc kimi göstərilən vəsait əslində 2023-cü ildən sonra cavabdehin adına yazılmış, lakin ona təhvil verilməmiş pivə məhsullarının dəyərindən ibarətdir və həmin məhsulların təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı təqdim olunmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb edilən pivə aparatları və çəlləklər cavabdehə İslam adlı şəxs vasitəsilə verilmiş, sonradan da həmin şəxsə qaytarılmışdır, lakin məhkəmə bu şəxsin müəyyən edilərək şahid qismində dindirilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Apellyasiya şikayətində əsas dəlil kimi göstərilmişdir ki, tərəflər arasında yazılı müqavilə bağlanmamış, məhkəmə cavabdeh tərəfindən imzalanmamış müqaviləyə istinad etmiş, habelə səs yazılarının əldə olunma şəraitini araşdırmamış və nəticədə iddia əsassız olaraq təmin edilmişdir. Kollegiya həmin dəlillərlə razılaşmır.

2. İş materiallarından görünür ki, cavabdeh özü də məhkəmə iclasında iddiaçı ilə 2012ci ildən əməkdaşlıq etdiyini, tərəflər arasında pivə məhsullarının satışı ilə bağlı münasibətlərin mövcud olduğunu, müəyyən dövrlərdə borcunun yarandığını, habelə 300 ədəd pivə çəlləyini qaytardığını bildirmişdir. Beləliklə, cavabdeh tərəflər arasında hər hansı münasibətin mövcudluğunu deyil, yalnız həmin münasibətlərdən irəli gələn öhdəliklərin həcmini və sonradan icra olunduğunu mübahisələndirmişdir. Bu hal isə tərəflər arasında işgüzar münasibətlərinin və pivə məhsullarının dövriyyəsinin mövcudluğunu təsdiq edən mühüm sübutdur.

3. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ##.##.2015-ci il tarixli müqavilə cavabdeh tərəfindən imzalanmasa da, tərəflər arasında uzun illər ərzində formalaşmış faktiki işgüzar münasibətləri, elektron qaimə-fakturalar, ödəniş sənədləri və audio yazışmalar müqavilə münasibətlərinin real mövcudluğunu təsdiq edir. Mülki Məcəllənin 407.1 və 409.4-cü maddələrinin mənasına görə müqavilənin bağlanması yalnız yazılı sənədin imzalanması ilə məhdudlaşmır, oferta şərtlərinin faktiki icrası da aksept hesab olunur. İş materiallarında olan elektron qaimə-fakturalar və digər maliyyə sənədləri iddiaçı tərəfindən məhsulların göndərildiyini, tərəflər arasında davamlı kommersiya münasibətlərinin olduğunu təsdiqləyir. Cavabdeh də məhsul aldığı faktını ümumilikdə inkar etməmiş, əksinə sonuncu dəfə təxminən il yarım əvvəl iddiaçıdan pivə aldığını bildirmişdir. Buna görə də apellyasiya şikayətində müqavilənin ümumiyyətlə mövcud olmaması barədə irəli sürülən dəlil iş materialları ilə təkzib olunur.

4. Apellyasiya şikayətində borcun yalnız 2023-cü ildən sonra cavabdehin hesabına əsassız olaraq yazılmış məhsullardan yarandığı, həmin məhsulların ona təhvil verilmədiyi göstərilsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş üzrə araşdırılmış elektron qaimə-fakturalar, ödəniş sənədləri və tərəflərin audio yazışmaları əsasında məhkəmə cavabdehin 36.918,83 manat məbləğində borcunun qalmasını müəyyən etmişdir. Cavabdeh borcun mövcudluğunu ümumiyyətlə inkar etməmiş, yalnız həmin borcu ödədiyini bildirmişdir. Lakin MPM-in 77-ci maddəsinin tələblərinə uyğun olaraq borcun tam ödənilməsini təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Borcun ödənildiyi barədə iddia edən tərəf həmin halı sübut etməli olduğu halda, cavabdeh bu prosessual vəzifəsini yerinə yetirməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin borcun mövcudluğu barədə gəldiyi nəticə iş materiallarına uyğundur.

5. Kollegiya həmçinin apellyasiya şikayətində səs yazılarının sübut kimi qəbul edilməsinin qanunsuz olması barədə dəlilləri də əsaslı hesab etmir. Belə ki, cavabdeh özü birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim olunmuş səs yazısının ona məxsus olduğunu etiraf etmiş, eyni zamanda özünün təqdim etdiyi flaşkartda olan danışıqlara da istinad etmişdir. Deməli, səs yazılarının mənbəyi, aidiyyəti və məzmunu tərəflər arasında mübahisə predmeti olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnaməsini yalnız səs yazıları ilə deyil, elektron qaimə-fakturalar, ödəniş sənədləri, tərəflərin izahatları və iş üzrə digər sübutların məcmusu əsasında əsaslandırmışdır. Buna görə də səs yazılarının əldə edilmə şəraiti ilə bağlı əlavə ekspertiza keçirilməməsi özlüyündə qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.

6. Pivə aparatları və çəlləklərlə bağlı apellyasiya şikayətinin dəlilləri də iş materialları ilə təsdiq olunmur. Cavabdeh həmin əmlakın mövcudluğunu və müəyyən hissəsinin ona verildiyini etiraf etmiş, yalnız onların sonradan İslam adlı şəxsə qaytarıldığını bildirmişdir. Lakin həmin əmlakın iddiaçıya və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmasını təsdiq edən hər hansı təhvil-təslim aktı, qəbz və ya digər yazılı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin öz izahatından 47 ədəd komplekt böyük pivə aparatının, 275 ədəd 50 litrlik, 38 ədəd 30 litrlik və 1 ədəd 20 litrlik çəlləyin mövcudluğu müəyyən edilmiş, birinci instansiya məhkəməsi də məhz cavabdehin etiraf etdiyi həcmdə iddia tələbini təmin etmişdir. Məhkəmə hətta iddiaçının tələb etdiyi 63 ədəd böyük pivə aparatı və 3 ədəd balaca pivə aparatı hissəsində iddianı tam deyil, yalnız sübuta yetirilmiş hissədə təmin etmişdir.

7. Apellyasiya baxışında “Xırdalan Aİ” MMC tərəfindən ##.##.2024-cu il tarixdə MT2408 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2408 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2408 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2406 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2407 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2407 10463942 saylı, ##.##.2024-cu il tarixdə MT2407 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2407 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2407 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2407 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2406 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2406 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2406 10802868,##.##.2024-cü il tarixdə MT2406 ******** saylı,##.##.2024-cü il tarixdə MT2406 ******** saylı, ##.##.2024-cü il tarixində MT2406 ******** saylı,##.##.2024 tarixində MT2406 ******** saylı, ##.##.2024 tarixli MT2406 ******** saylı, ##.##.2024 tarixində MT2406 ******** saylı, ##.##.2024 cu il tarixində MT2406 ******** saylı, ##.##.2024-cu il tariixndə MT2406 ******** saylı, ##.##.2024cu il tarixində MT2406 ********* saylı, ##.##.2024-cu il tarixində MT2406 ******** saylı,##.##.2024-cü il tarixdə MT2406 ******** saylı,##.##.2024-cu il tarixində MT2406 ******** saylı, ##.##.2024 tarixdə MT2406 ******** saylı, ##.##.2024-cu il tarixdə MT2406 ******** saylı, ##.##.2024 tarixdə MT2405 ******** saylı, ##.##.2024 tarixdə MT2405 ******** saylı, ##.##.2024-cü il tarixli MT2405 ******** saylı, ##.##.2024 tarixdə MT2405 ******** saylı, ##.##.2024-cu il tarixli MT2405 ******** saylı, ##.##.2024 tarixli MT2405 ******** saylı, ##.##.2024-cü il tarixli MT2404 ******** saylı elektron qaimələrin cavabdeh Cavabdeh tərəfindən oxunaraq təsdiq edilib-edilməməsi, yoxsa avtomatlaşdırılmış vergi informasiya sistemində 5 gün müddət bitdikdən sonra sistemin özü tərəfindən təsdiq edilib-edilməməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə sorğu verilmişdir. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin ## #### 2026-cı il tarixli *-**- *-**/*-*****/**** saylı Elektron qaimə-fakturaların cavabdeh şəxs tərəfindən təsdiq edilibedilməməsi barədə arayışın təqdim edilməsi haqqında müraciətə aidiyyəti üzrə ** saylı Ərazi Vergilər Baş İdarəsində baxılmış və göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən, “XIRDALAN Aİİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Cavabdeh (VÖEN: **********) təqdim edilmiş müraciətdə qeyd edilən elektron qaimə-fakturaların müəyyən edilmiş müddət bitdikdən sonra sistem tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən elektron qaimə-fakturalar üzrə verilən malların dəyəri 37 335.81 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə iddianı iddia tələbi həcmində yəni, 36 918,83 manat təmin etmişdir ki, bu da iddia tələbinə uyğundur.

8. Apellyasiya şikayətində Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091-ci və digər maddələrinə istinad edilsə də, həmin normalar hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki iş üzrə müəyyən olunmuş hallar tərəflər arasında faktiki alqı-satqı və kommersiya münasibətlərinin mövcud olduğunu, mübahisənin müqavilədən irəli gələn öhdəliklərlə bağlı yarandığını təsdiq edir. Buna görə də mübahisə əsassız varlanma institutuna deyil, müqavilədən irəli gələn öhdəliklərə dair normalar əsasında həll edilməli idi və birinci instansiya məhkəməsi də haqlı olaraq Mülki Məcəllənin 385.1, 405.1, 407.1, 409.4, 442 və 567-ci maddələrini tətbiq etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar