Məhkəmə qərarları › İş №e-2-2(3-9)-85/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-85/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-85/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) İsayev Tural Fərhad oğlu və Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi”-nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “xxxx” MMC Cavabdeh Cavabdeh MMC-dən 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və 207 (iki yüz yeddi) manat məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ##.##.2026-cə il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində pulun, 207 (iki yüz yeddi) manat məhkəməyə ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 1000 manat xidmət haqqının alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında ## ###### 2024-cü il tarixdə kənd təsərrüfatı mallarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehə ##.##.2024-cü il tarixdə 6103.6 manat , ##.##.2024-cü il tarixdə 2573.5 manat, #.##.2024-cü il tarixdə 9600 manat, ##.##.2024-cü il tarixdə 9366.38 manat, 2#.##.2024-cü il tarixdə 6605.54 manat və 6455.35 manat, ##.##.2024-cü il tarixdə 1270.49 manat və ##.##.2024-cü il tarixdə 11395.38 manat olmaqla, cəmi 63370.24 manat dəyərində kənd təsərrüfatı mallarını vermişdir. Cavabdeh ümumi borcundan bugünə qalıq borcu 38947 (otuzsəkkiz min doqquz yüz qırx yeddi) manat təşkil edir. Aramızda bağlanmış müqavilənin 4.2-ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulduğundan cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdeh ilə aramızda ##.##.2025-ci il tarixdə razılaşma sənədi imzalanmışdır. Həmin razılaşmaya əsasən xxxx MMC borclu olduğu 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləği ## #### 2026-cı il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin ##.##.2025-ci il tarixdə razılaşma sənədi cavabdeh tərəfindən pozulmuşdur. Bundan əlavə cavabdehə dəfələrlə borcun ödənilməsinə dair şifahi və yazılı müraciətlər olunsa da cavabdeh borcunu ödəməmişdir. Bunun üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində pulun və 207 (iki yüz yeddi) manat məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” MMCyə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 53-cü maddəsinə istinad edərək iddia tələbi həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-dən 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində pulun, 207 (iki yüz yeddi) manat məhkəməyə ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 1000 manat xidmət haqqının alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının iştirak edən “xxxx” MMC-nin nümayəndəsi və vəkili İsayev Tural Fərhad oğlu iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfndən ödəniş olunmamışdır. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 38947 (otuz səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində borc, 600 (altı yüz) manat hüquqi yardıma görə vəkil xərci və ödənilmiş dövlət rüsumuna görə 207 (iki yüz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2024cü il tarixli kənd təsərrüfatı mallarının alqı-satqısına dair müqavilənin bağlanması mübahisə predmeti olmasa da, qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları cavabdeh Cavabdeh MMC-nin direktoru və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, həmin sənədlərdə imza etmiş şəxslərin səlahiyyətli nümayəndə olmaları təsdiq edilməmişdir. Bundan başqa, tərəflər arasında mövcud olan elektron qaimələr və onlardan irəli gələn hüquq münasibətləri araşdırılmamış, malların təhvil verilməsi anı, imza səlahiyyəti və sənədlərdəki imzaların müxtəlif şəxslər tərəfindən atılmasının açıq şəkildə görünməsi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə 6.103,60 manat, ##.##.2024-cü il tarixdə 2.573,50 manat, 1#.##.2024-cü il tarixdə 9.600 manat, ##.##.2024-cü il tarixdə 9.366,38 manat, 2#.##.2024cü il tarixdə 6.605,54 manat və 6.455,35 manat, ##.##.2024-cü il tarixdə 1.270,49 manat, ##.##.2024-cü il tarixdə isə 11.395,38 manat olmaqla ümumilikdə 63.370,24 manat məbləğində mal təhvil verdiyini göstərsə də, həmin malları qəbul etmiş şəxslərin kimliyi müəyyən edilməmiş, aktlardakı imzaların bir-biri ilə eynilik təşkil etmədiyi və bu şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olmaları sübuta yetirilmədiyi halda məhkəmə bu halları araşdırmadan qətnamə qəbul etmişdir. Həmçinin müqavilənin 3.1, 2.1.3, 2.4.3 və 4.1ci bəndlərinə əsasən malların təhvil-təslim aktları ilə rəsmiləşdirilməsinin müqavilənin vacib şərti olduğu, lakin təhvil-təslim aktlarını imzalayan Orucov Ramil, X1, Usubov Kamal və X2 cavabdeh cəmiyyətin etibarnamə üzrə nümayəndələri olmalarını təsdiq edən sənədlərin iş materiallarında olmadığı, buna baxmayaraq məhkəmənin yalnız elektron qaimələrin mövcudluğuna istinad etməklə nəticəyə gəldiyi qeyd edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlmədiyi və qətnamənin ləğv edilərək iddianın rədd olunmalı olduğu göstərilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Göstərmişdir ki, iddia tələbi həcmində üzüm məhsulları onlara təhvil verilməmişdir. Təhvil-təslim aktını imzalayan şəxslər onların səlahiyyətli nümayəndələri olmamışdır. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) İsayev Tural Fərhad oğlu bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, qeyd etmişdir ki, xxxx” MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış ##.##.2025-ci il tarixli razılaşma sənədindən görünür ki, Cavabdeh MMC borclu olduğu 38947 manat məbləği hissə-hissə olmaq şərti ilə ## #### 2026-cı il tarixinə qədər 1(bir) il müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin sübut iş materiallarına əlavə edilmişdir. Əgər cavabdeh məhsulları təhvil almamışdırsa, onda bəs nə üçün ##.##.2025-ci il tarixli razılaşma sənədini imzalamış və müəssisənin möhürü ilə təsdiqləmişdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan “xxxx” MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış ##.##.2024-cü il tarixli, UA/*** nömrəli alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Satıcı" “Alıcı"ya Üzüm (Mal) satır. “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir. - 3.1-ci bəndinə əsasən, malların keyfiyyəti müvafiq standartlara uyğun olmalı, məhsul “Satıcı”nın anbarından “Alıcı”ya məhsul verilən ana qədər məhsulun keyfiyyətinə görə məsuliyyəti “Satıcı” daşımalı, təhvil-təslim aktından sonra isə həmin məsuliyyət “Alıcı”nın öhdəsinə keçir. - 3.4-cü bəndinə əsasən, “Alıcı” mallara görə “Satıcı” tərəfindən təqdim edilmiş hesabfakturalara və/yaxud qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini əvvəlcədən Satıcıya ödəyir. - 4.1-ci bəndinə əsasən, tərəflər arasında satılan məhsulların növü, çeşidi, miqdarı və qiyməti qaimə-faktura və müqaviləyə əlavə olunmuş razılaşdırılma protokolunda göstərilir və təhvil-təslim aktı ilə rəsmiləşdirilir. - 4.2-ci bəndinə əsasən, müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra, əvvəlcədən, yaxud 5 (beş) iş günü müddətində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. - 7.1 Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1(bir) il müddətinə bağlanılır və hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir. İş materiallarından görünür ki, “xxxx” MMC (Satıcı) və Cavabdeh MMC (Alıcı) tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №* təhvil təslim aktına əsasən 6103.6 manat, ##.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №* təhvil təslim aktına əsasən 2573.5 manat, 1#.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №* təhvil təslim aktına əsasən 9600 manat, ##.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №* təhvil təslim aktına əsasən 9366.38 manat, 2#.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №** təhvil təslim aktına əsasən 6605.54 manat, 2#.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №** təhvil təslim aktına əsasən 6455.35 manat, ##.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli təhvil təslim aktına əsasən ümumilikdə 11270.49 manat, ##.##.2024-cü il tarixli qiymətlərin razılaşması protokolu və həmin tarixli №** təhvil təslim aktına əsasən 11395.38 manat olmaqla, ümumilikdə cəmi 63370,24 manat məbləğində mallar “xxxx” MMC (Satıcı) tərəfindən Cavabdeh MMC-yə (Alıcı) təqdim edilmişdir. İş materiallarında olan xxxx” MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış ##.##.2025-ci il tarixli razılaşma sənədində görünür ki, Cavabdeh MMC borclu olduğu 38947 manat məbləği hissə-hissə olmaq şərti ilə ## #### 2026-cı il tarixinə qədər 1(bir) il müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışında görünür ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin “xxxx” MMC-yə qalıq borcu 38947(otuz səkkiz min doqquz yüz qırx yeddi) manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1000 manat xərc çəkilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 207 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-dən 38.947 manat əsas borc, 600 manat vəkil xərci və 207 manat dövlət rüsumunun tutulması qərara alınsa da, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Şikayətçi qeyd etmişdir, Mülki Məcəllənin 567-ci, 598.1-ci və 598.2-ci maddələrinin tələblərindən irəli gələn əsas şərt alıcının malı qəbul etməsi və malın təhvil verilməsinin sübuta yetirilməsidir. Lakin iddiaçı malların cavabdehə faktiki təhvil verilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, məhkəmə isə qiymətlərin razılaşdırılması protokollarını və təhvil-təslim aktlarını imzalayan şəxslərin cavabdeh cəmiyyət adından çıxış etməyə səlahiyyətli olub-olmamasını araşdırmamışdır. Həmin sənədləri imzalayan şəxslərin mövcudluğu, səlahiyyətləri və imzaların onlara məxsusluğu müəyyən edilmədən məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materialları ilə müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli UA/*** nömrəli kənd təsərrüfatı məhsullarının alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilənin icrası çərçivəsində müxtəlif tarixlərdə ümumilikdə 63.370,24 manat məbləğində üzüm məhsulu cavabdehə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə yalnız iddiaçının izahatlarına deyil, iş materiallarında olan qiymətlərin razılaşdırılması protokollarına, təhvil-təslim aktlarına, maliyyə arayışına və digər yazılı sübutlara əsasən gəlmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqdim edilmiş malların dəyərinin yalnız bir hissəsi ödənilmiş, nəticədə 38.947 manat məbləğində borc qalığı yaranmışdır. Bu hal iş materiallarında olan “Razılaşma sənədi” və maliyyə arayışı ilə də təsdiq olunur.

2. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, təhvil-təslim aktlarını və qiymət razılaşdırılması protokollarını imzalamış şəxslərin cavabdeh cəmiyyətin səlahiyyətli nümayəndələri olması sübuta yetirilməmiş, buna görə də malların faktiki olaraq cavabdehə təhvil verilməsi təsdiq olunmamışdır. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, iş üzrə ən mühüm sübutlardan biri tərəflər arasında sonradan bağlanmış ##.##.2025-ci il tarixli “Razılaşma sənədi”-dir. Həmin sənəd birbaşa Cavabdeh MMC-nin direktoru Manaf Əliyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Razılaşma sənədində cavabdeh tərəf açıq şəkildə “xxxx” MMC-yə 38.947 manat məbləğində borclu olduğunu etiraf etmiş, həmin məbləğin 2025-ci ilin avqust ayından başlayaraq 2026-cı ilin iyul ayınadək aylıq ödənişlər şəklində qaytarılması barədə öhdəlik götürmüşdür.

3. Kollegiya hesab edir ki, borcun mövcudluğunu qəbul edən və onun qaytarılması üçün konkret ödəniş qrafiki müəyyən edən belə bir sənədin mövcudluğu şəraitində cavabdehin sonradan malların ümumiyyətlə təhvil verilmədiyini və ya təhvil alan şəxslərin səlahiyyətsiz olduğunu iddia etməsi hüquqi baxımdan inandırıcı sayıla bilməz. Əgər cavabdeh həqiqətən də malları qəbul etməmiş və ya təqdim edilmiş sənədləri etibarsız hesab etmiş olsaydı, ##.##.2025-ci il tarixli razılaşma sənədini imzalamaqla öz üzərinə 38.947 manat məbləğində borcun hissə-hissə qaytarılması öhdəliyini üzərinə götürməzdi.

4. Apellyasiya şikayətində göstərilən digər dəlil ondan ibarətdir ki, malların keyfiyyətinə dair sübutlar təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən malların keyfiyyətsiz olmasına dair hər hansı pretenziya, akt, müvafiq ekspertiza rəyi və ya digər sübut təqdim edilməmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun keyfiyyətinə dair iradlar təhvil mərhələsində və ya dərhal sonra irəli sürülməli olduğu halda, cavabdeh tərəfindən nə müqavilənin icrası dövründə, nə də sonrakı mərhələdə belə etirazlar edilməmişdir. Sonradan borcun məbləğini etiraf edən razılaşma sənədinin bağlanması isə malların qəbul edilməsi və müqavilə münasibətlərinin faktiki icra olunmasını təsdiq edir.

5. Apellyasiya şikayətində cavabdeh məhkəmə iclaslarından xəbərdar edilmədiyini də bildirmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırıldığını müəyyən etmiş və MPM-in 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh tərəfindən məhkəməyə nə iddia ərizəsinə etiraz təqdim edilmiş, nə də borcun mövcud olmadığını təsdiqləyən hər hansı sübut irəli sürülmüşdür.

6. Kollegiya həmçinin nəzərə alır ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsasən təhvil-təslim aktlarının imzalanması ilə bağlı ehtimallara söykənir və həmin dəlilləri təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə nə təhvil alan şəxslərin onun nümayəndələri olmadığını təsdiq edən sənədlər təqdim etmiş, nə də ##.##.2025-ci il tarixli razılaşma sənədinin etibarsızlığını mübahisələndirmişdir.

7. Beləliklə, iş üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək məhsulu təqdim etmiş, cavabdeh isə məhsulların dəyərini tam ödəməmiş, sonradan 38.947 manat məbləğində borcun mövcudluğunu ayrıca razılaşma sənədi ilə etiraf etsə də, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları MPM-in tələblərinə uyğun qiymətləndirmiş və Mülki Məcəllənin 567, 598, 600, 425, 445 və 448-ci maddələrini düzgün tətbiq etmişdir.

8. Bundan başqa, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh tərəf eyni zamanda həm malların 63.370,24 manat məbləğində təqdim edilməsini təsdiqləyən sənədlərin mövcudluğunu qəbul edir, həm də həmin malların təhvil verilmədiyini iddia edir. Halbuki şikayətdə göstərilən bütün tarixlər, məbləğlər və sənədlər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktlarla üst-üstə düşür. Mübahisə yalnız sənədləri imzalayan şəxslərin səlahiyyəti üzərində qurulmuşdur. Lakin borcun sonradan ayrıca razılaşma ilə etiraf edilməsi bu dəlilin hüquqi əhəmiyyətini aradan qaldırır. Çünki borcun etirafı ilkin sənədlərdən irəli gələn münasibətlərin cavabdeh tərəfindən qəbul edilməsinin ən mühüm sübutlarından biridir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar