Məhkəmə qərarları › İş №e-2-2(3-9)-94/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-94/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-94/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əmr icraatı qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli *** saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən 2034 manat əsas, 101,7 manat cərimə, cəmi 2135,7 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2235 manat 70 qəpik məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq “xxxx” MMCnin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli *** saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən borclu öhdəsində olan 3,7 hektar torpaq sahəsində pambıq əkməsini üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 7962,84 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən borclu torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 35 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, İddiaçı MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla ## ###### 2023-cü ilədək, müstəsna hallarda ## ###### 2023-cü ilədək tam ödəməsini öhdəsinə götürmüşdür. Yığım mövsümü başa çatmasına baxmayaraq borclu müqavilə şərtlərini tam icra etməmiş və kreditora 2034 manat borcu qalmışdır. Borclunun kreditora 2034 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər ərizəyə əlavə edilmişdir. Müqavilənin 3.5-ci bəndinin tələbinə görə “Fermer” müqavilə ilə “Cəmiyyət”dən xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 101,7 manat təşkil etmişdir. İŞİN HALLARİ: ##.##.2023-cü il tarixli “2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” *** saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 3,70 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 35 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Avans xidməti barədə aktlardan və təhvil-qəbul qəbzlərindən görünür ki, həmin sənədlərə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh müxtəlif iş və xidmətlər göstərilmiş, mallar təhvil verilmişdir. ## ###### 2023-cü il, ## ##### 2023-cü il, ## #### 2023-cü il və ## ### 2023-cü il tarixli pambıq qəbul qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “xxxx” MMC-yə xam pambıq təhvil verilmişdir. “Üzləşmə Aktı”ndan görünür ki, ##.##.2023-cü il tarixli *** nömrəli birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında müqavilə üzrə ##.##.2023-cü il tarixə fermer Cavabdehnun 2254 manat borcunun olması müəyyən edilmişdir. Lakin fermer üzləşmə aktını imzalamaqdan imtina etmişdir. # ##### 2025-ci il tarixli *** saylı maliyyə arayışında qeyd olunur ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli *** saylı müqaviləyə əsasən Cavabdeh 2034 manat müqavilə üzrə yaranan borc və 101,7 manat məbləğində cərimə borcu təşkil edir. Iddiaçının cavabdehə ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” *** saylı müqaviləsinə əsasən yaranmış 2235,70 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun “xxxx” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, ##.##.2022-ci il tarixli 6583 №- li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, 2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li, ##.##.2023-cü il tarixli **** №-li Iş Aktlarında "Cavabdeh" yazıları qarşısındakı imzalar, ##.##.2023-cü il tarixli XFŞ ****** №-li, ##.##.2023-cü il tarixli XFŞ 044831 No-li, ##.##.2023-cü il tarixli XFŞ ****** №-li, ##.##.2023-cü il tarixli XFŞ 038633 N№-li, ##.##.2023-cü il tarixli XFŞ ****** №-li "Malların fiziki şəxslərə təhvil-qəbul" qəbzlərində "Təhvil aldım Cavabdeh" yazıları qarşısındakı imzalar və ##.##.2023-cü il tarixli üzləşmə aktında "3. Cavabdeh" qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** saylı məhkəmə əmri ilə ##.##.1963-cü il təvəllüdlü Saatlı rayonu Əbil kəndində qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ##.##.2023-cü il tarixli *** saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 2034 manat əsas, 101,7 manat cərimə, cəmi 2135,7 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2235,70 manat pul vəsaiti tutularaq, hüquqi ünvanı Saatlı rayonu Qıraqlı kəndində olan kreditor İddiaçı MMC-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə əmrinə qarşı etiraz vermiş və Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alğısatqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. Işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə cavabdehə avans (iş, xidmət, mal, nağd vəsait) verdiyini, təhvil verilmiş pambıq nəzərə alınmaqla cavabdehin 2034 manat məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehə hansı məbləğdə avans verilməsini (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) və göstərilən xidmətlərin dəyərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə iddia edilən dəyərdə avans verilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərdə olan cavabdeh tərəfindən icra edildiyi göstərilən imzaların isə cavabdehə məxsus olmadığı sonuncu tərəfindən mübahisələndirilmişdir və iş üzrə təyin edilmiş ekspert rəyi ilə həmin akt və qəbzlərdə olan imzaların Cavabdeh məxsus olması öz təsdiqini tapmamışdır. Habelə iddiaçının xam pambığın alğı-satqısında, tədarükündə və bu sahədə digər fəaliyyət növləri üzrə ixtisaslaşmış təşkilat olduğu, eləcə də kommersiya hüquqi şəxsi olması etibarı ilə ciddi uçot və mühasibatlıq sənədlərinin tərtib edilməsində cavabdeh fiziki şəxs sahibkarlıq subyektindən daha çox məsuliyyət daşıdığı üçün verilmiş avansın növünü, məbləğini təsdiq edən sənədlərin (sübutların) təqdim edilməsi iddiaçının üzərinə düşən öhdəlik kimi qəbul edilməlidir. Lakin işdən göründüyü kimi, iddiaçı tərəfindən öz tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci, 425.2-ci, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASIYA ŞIKAYƏTI VƏ DƏLILLƏRI: İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək onun dəyişdirilməsini “xxxx” MMC-yə kim tərəfindən ziyan vurulduğunun müəyyən edilməsi, dəymiş 2135,7 manat ziyanın və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 2285 manat 70 qəpik pul vəsaitinin “xxxx” MMC-yə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 şifahi vəsatət verərək göstərmişdir: “cavabdeh Cavabdeh oğlu X2 “xxxx” MMC ilə # ###### 2021-ci il tarixdən # ###### 2022ci il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlamış, həmin müqavilənin müddəti # ###### 2023-cü il tarixədək artırılmışdır. Əmək müqaviləsinə əsasən X2 rayonu Əbilkənd kəndi üzrə “xxxx” MMC-nin ərazi nümayəndəsi işləmişdir. Ərazi nümayəndəsi X2 ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinin 3-cü maddəsinə uyğun olaraq Əbilkənd kəndi üzrə ərazi nümayəndəsi kimi əmək funksiyasını icra etmək üçün bir sıra öhdəliklər götürmüşdür. Belə ki, cəmiyyət tərəfindən X2 buraxılmış nağd pul, gübrə və dərmanların, müxtəlif aqrotexniki işlərin sənədləşməsini aparmaq, fermerlərə (ərazi üzrə pambıq əkən müqaviləçilərə) buraxılmış nağd pul müxtəlif mal materialların və aqrotexniki xidmətlərin sənədlərini müqaviləçinin özlərinə imza etdirməklə cəmiyyətin mühasibatlığına təqdim etmək öhdəliyi olmuşdur. Odur ki, ”xxxx” MMC belə qənaətə gəlir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli *** saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilədə Cavabdeh adından edilən imzanı müqavilədə nəzərdə tutulmuş sahənin ərazi nümayəndəsi X2 imzalamış, ya da X2 yol verərək müqaviləni başqa bir şəxsə imzalatdırmışdır. Işin obyektiv araşdırılması üçün X2 üçüncü şəxs kimi işə cəlb olunmasını Sizdən xahiş edirəm”. Eyni məzmunlu vəsatət ##.##.2026-cı il tarixdə İddiaçı MMC-nin şəxsi kabinetindən Şirvan Kommersiya Məhkəməsinin elektron ünvanına göndərilmişdir. X4 Məhkəməsi qanun pozuntusuna yol verərək işin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması üçün tədbir görməyərək məhkəmənin elektron kabinetinə göndərilən iddiaçının vəsatətinə, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında şifahi vəsatətinə qiymət verməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmədə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli araşdırmış, gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbində müqavilə əsasında cavabdehə avans (iş, xidmət, mal və ya nağd vəsait şəklində) verdiyini, təhvil verilmiş pambığın dəyəri nəzərə alınmaqla cavabdehin 2034 manat məbləğdə borcunun qaldığını bildirmiş, lakin iş materialları ilə iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə avans verildiyi, həmin avansın nağd vəsait, dərman, çiyid, gübrə və ya digər formada təqdim olunması, habelə göstərilmiş xidmətlərin dəyəri mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər ki, onlar da sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənlərlə yanaşı, o da mütləq olaraq nəzərə alınmalıdır ki, kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (digər mülki hüquq münasibətlərindən fərqli olaraq daha sistemli, mürəkkəb, gəlir yönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən “yazılı sübutların prioritetliyi” prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur. Göründüyü kimi, qanunverici hüquqi şəxslərin tərəf olduğu bütün münasibətlərdə yazılı forma şərtini xüsusi vurğulamasa da, müqavilə tərəflərinin hüquqi statusunun onun formasını şərtləndirməsi ilə bağlı mövqe təsbit edərək, məhz hüquqi şəxsin tərəf olduğu hallar üçün yazılılıq tələbini müəyyən etmişdir. Bu hal qanunvericinin hüquqi şəxslərin iştirak etdiyi münasibətlərdə yazılı sənədləşməyə xüsusi əhəmiyyət verdiyini göstərir. Məhkəmə tərkibi həmçinin apellyasiya şikayətinin işdə olan aktlarda “Cavabdeh” yazıları qarşısındakı imzaların, eləcə də “malların fiziki şəxslərə təhvil-qəbul” qəbzlərindəki “Təhvil aldım Cavabdeh” qeydləri qarşısındakı imzaların, habelə ##.##.2023-cü il tarixli üzləşmə aktının “3. S. Orucova” qrafasındakı imzanın kim tərəfindən icra edilməsinin müəyyən olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə həmin imzaların Cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, hazırkı mübahisənin predmeti və tərəflərin irəli sürdükləri tələb və etirazların hüdudları daxilində həmin imzaların cavabdeh olmayan digər hər hansı şəxs tərəfindən icra edilməsinin müəyyən olunması iş üzrə həll edilməli olan məsələ deyildir. Apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsində irəli sürülmüş tələb və etirazların hüdudlarında baxdığından, iddiaçının həmin imzaların başqa hansı şəxsə məxsus olmasının müəyyən edilməsinə dair dəlili əsaslı hesab edilə bilməz. Beləcə, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və həmin dəlillər hazırkı qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar