Məhkəmə qərarları › İş №e-2-2(3-9)-99/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-99/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-99/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*- *(***)-****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 97813,20 manat məbləğində pulun və ödənilmiş 384 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında ##.##.2020-ci il tarixli, */** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə distribütor kimi iddiaçı və diler kimi cavabdeh arasında “xxxx” MMC-nin ödəmə kartlarının yayılması ilə bağlı olan münasibətləri tənzimləmişdir. Iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam və vaxtında icra etmiş, distribütor kimi ödəmə kartlarını cavabdehə təhvil vermişdir, lakin cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini pozmuş və icra etməmişdir. Tərəflər arasında qarşılıqlı öhdəliklərin vəziyyəti ilə üzləşmə aparılmış və yekunda qarşılıqlı hesablaşma aktı tərtib edilmişdir. Belə ki, həmin akta görə cavabdehin iddiaçıya ##.##.2025-ci il tarixinə 277813,20 manat məbləğində icra edilməmiş pul öhdəliyi mövcuddur. Cavabdeh öz imzası və möhürü ilə qalıq borcu etiraf etmişdir. Üzləşmə ilə bağlı hesablaşma aktı tərtib edildikdən sonra da, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Qeyd olunan qalıq pul borcunun ödənilməsi üçün cavabdehə ##.##.2025-ci il tarixində bildiriş göndərilmiş və məbləğin 3 gün ərzində ödənilməsi ondan xahiş edilmişdir. Sözügedən bildiriş ##.##.2025 tarixində cavabdehin ünvanında qəbul edilmişdir. Lakin bu da bir nəticə verməmişdir. Iddia ərizəsi məhkəməyə göndərilməzdən öncə qoşma sənədlərlə birlikdə ##.##.2025-ci il tarixdə cavabdehin Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. Buna dair sənədlər də ərizəyə əlavə olunur. Eyni zamanda, pretenziya da elektron şəkildə cavabdehə göndərilmişdir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq 70098,42 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin həcminin azaldılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında iaparılan son üzləşmə aktına əsasən cavabdehin onlara olan borcu 70098,42 manat məbləğində müəyyən edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçının vəkili, eyni zamanda nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, təmin olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh və nümayəndəsi nümayəndə1 iddianı qəbul edərək, bununla bağlı yazılı ərizələr təqdim etmiş və iddianın təmin olunmasını xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün haları araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur, bu səbəbdən qəbul edilmiş qətnaməni qanunsuz və əsassız hesab edir. Iddiaçı “xxxx” MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun ümumilikdə 70098,42 manat məbləğində borcunun qaldığını qeyd etsə də, iddiaçının göstərdiyi borc məbləği həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə aramızda bağlanmış ##.##.2020-ci il tarixli, */** saylı müqaviləyə əsasən ödəmə kartlarının yayılmsı və kartların aktiv edilməsi zamanı iddiaçı ona 2025-ci il üçün ödəməli olduğu 35000 manat məbləğində pulu ödəməmiş, nədəki, iddia ərizəsində ondan tələb etdiyi məbləğdən çıxmamışdır. Nümayəndəsi məhkəmə iclasında bu halı məhkəmənin diqqətinə çatdırsada, həmin hal araşdırılmamışdır. Məhkəmə qətnaməsində göstərir ki, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan halla bağlı bildirirəm ki, mənim nümayəmdən nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya həqiqətən borcumuz vardır. Lakin həmin borc düzgün hesablanmamış iddiaçının 2025-ci il üçün nömrələrin aktivasiyasına görə mənə ödəməli olduğu 35000 manatı həmin borcdan silməmişdir. Iş materialarına əlavə edilmiş qarışılıqlı hesablaşma aktından da müəyyən etmək olur ki, iddiaçı 2024-cü il üçün aktivasiya məbləğini qeyd etmişdir. Hesablaşma aktından da göründüyü kimi 2025-ci il üçün aktivasiya məbləği hesablanmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, işə nümayəndəsinin iştirakı olmadan baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə üzrə cavabdehin 70098,42 manat məbləğində borcu qalmışdır, üzləşmə aktı ilə bu təsdiq olunur. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti formal olaraq vaxt qazanılması, qətnamənin icrasından yayınmaq məqsədilə verilmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümyəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur. “xxxx” MMC ilə Cavabdeh arasında ##.##.2020-ci il tarixli */** saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, distribütor və diler arasında “xxxx” MMC-nin ödəmə kartlarının yayılması ilə bağlı münasibətlər bu Müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşma aktının surətindən görünür ki, cavabdehin borcu 277813,2 manat məbləğində təşkil edir. ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşma aktının surətindən görünür ki, cavabdehin borcu 70098,42 manat məbləğində təşkil edir. “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun (bildirişin) surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Cavabdeh və nümayəndəsi nümayəndə1 tərəfindən birinci instansiya məhkəməsinə ##.##.2026-cı il tarixdə verilən ərizələrdən görünür ki, tələbin həcmi azaldılmamış halda iddianı tam şəkildə qəbul etdiklərini bildirmişlər və təmin olunmasını xahiş etmişlər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4.-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 808.1-ci maddəsinə görə komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının cavabdeh ilə bağlamış olduğu distribütor müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddiaçı satdığı malın dəyərinin ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında mal(lar)ı satmaq (yaymaq) hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal(lar)ı satmasına (yayılmasına) dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəlincə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinə rəsmən təqdim etmiş olduğu ərizəsində iddianı etiraf etmiş, hər hansı bir qarşılıqlı tələb irəli sürməmişdir. Bundan başqa tərəflər arasında tərtib olunaraq təsdiqlənmiş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qarşılıqlı hesablaşma aktlarına əsasən cavabdehin özü iddiaçıya iddia olunan məbləğdə borcunun qaldığını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Ilham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar