Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1095/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə alqı-satqı müqaviləsi üzrə 875.61 manat əsas borc, 87.56 manat dəbbə pulu, 50 manat ilkin mediasiya xərci, əlavə olaraq ödənilmiş 31 manat dövlət rüsumu, ümumilikdə 1044.17 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S123/22 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmişdir. Əvəzində isə cavabdeh alıcı qismində hissə-hissə aldığı mallara görə ümumilikdə 2256.36 manat iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən bu günədək cəmi 100 manat ödəniş edilmiş, 1280.75 manat dəyərində mallar geri qaytarılmış, ödənilməli olan qalan 875.61 manat ödənilməmişdir. Aralarında bağlanılan alqı-satqı Müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Borcun ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Bakı 8 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə Bakı 8 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, lakin razılığa gəlinməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 875.61 manat əsas borc, 75.15 manat dəbbə pulu, həm də 50 manat ilkin mediasiya xərci,əlavə olaraq ödənilmiş 31 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S123/22 saylı təchizat müqaviləsindən görünür ki, satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müştəri sifarişlərindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən Cavabdeh məxsus MM şərab evinə ümumilikdə (hər beş sifariş üzrə) 2256,36 manat məbləğində sifariş olunmuş müxtəlif adda mallar təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş ödənişdən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 100 manat məbləğində İddiaçı MMC-nin hesabına ödəniş həyata keçirilmişdir. Seriya EBCM, 301036 nömrəli, xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 66,99 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 439,16 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (X4 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBCO, 143951 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 180,52 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 1183,52 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan malları (********** X1 1L və s.) təhvil verilmişdir. Seriya EBDA, 975304 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 26,38 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 172,96 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan malları (********** Vodka Moroşa 0,25L və s.) təhvil verilmişdir. Seriya EBDB, 487213 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 38,73 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 253,92 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan malları (********** Vodka Moroşa 0,5L və s.) təhvil verilmişdir. Seriya EBCN, 905112 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 31,55 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 206,80 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan malları (X3 07L və s.) təhvil verilmişdir. İddiaçı MMC-nin satış təmsilçisi və anbar müdiri tərəfindən imzalanmış xx.xx.2023cü il tarixli satış üçün təqdim olunan malların qaytarılması haqqında aktdan görünür ki, Cavabdeh məxsus MM şərab evindən 45 adda və müxtəlif sayda spirtli içkilər satışdan geri qaytarılmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2026-cı il tarixli, MŞB/8/2025/02701 nömrəli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəflər razılığa gələ bilməmişlər. İddiaçı MMC-nin nümayəndəsi ümumilikdə 50 (40 manat İMS və 10 manat poçt kargüzar xərci) manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S123/22 saylı təchizat müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 875,61 manat əsas borc və 87,56 manat cərimə borcu olmaqla, ümumilikdə 963,17 manat təşkil edir. xx.xx.2026-cı il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında malların alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları təhvil vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli, S123/22 saylı təchizat müqavilə üzrə 875,61 (səkkiz yüz yetmiş beş manat 61 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli, S123/22 saylı təchizat müqaviləsinin şərtlərinə əsasən iddiaçı 87,56 manat cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, 875,61 manat əsas borc üzrə həmin məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 87,56 manat məbləğində hesablanmış cərimə məbləğinin 43,78 (tələb edilən əsas borcun 5% həddində) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 875,61 manat məbləğində əsas borc və 43,78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 919,39 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 31 manat dövlət rüsumunun 30 manatı, eləcə də mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğin 45 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, S123/22 saylı müqavilə üzrə 875,61 (səkkiz yüz yetmiş beş manat 61 qəpik) manat məbləğində əsas borc, 43,78 (qırx üç manat 78 qəpik) manat məbləğində cərimə borcu, mediasiya xərci üçün ödənilmiş 45 (qırx beş) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 994,39 (doqquz yüz doxsan dörd manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1095/2026
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1095/2026
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver