Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-1182/2026 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “daşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 10750 manat əsas borc, 4200 manat dəbbə pulunun və ödənilmiş 135 manat dövlət rüsumunun, əsas borca gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin “əsas borca gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin hesablanaraq cavabdehdən tutulması” hissəsi qeyri-müəyyəndir, həmin hissədə iddianın obyekti və qiyməti müəyyən edilə bilmir. Halbuki iddia ərizəsində tutulması tələb edilən məbləğ dəqiq göstərilməli, iddianın qiyməti müəyyən olmalıdır. İddia ərizəsində pul məbləğinin konkret qeyd edilməməsi və tutulmalı məbləğin müəyyənləşdirilməsi vəzifəsinin məhkəməyə həvalə edilməsi prosessual qanunvericiliyin prinsiplərinə (dispozitivlik və çəkişmə) və MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığından məhkəmə bu tələbi icraata götürməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunu ilə bağlı tələblərə riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər və bu zaman da hazırkı dövlət rüsumuna istinad edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “daşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1182/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-1182/2026
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver