Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-131/2026 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “alqı-satqı və borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı və borc müqavilələri üzrə 62500 manat borcun və ödənilmiş 278 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 10-cu hissəsinə əsasən, tərəflər bu müqavilənin icrasından irəli gələn bütün mübahisə və fikir ayrılıqlarını birgə danışıqlar yolu ilə qarşılıqlı anlaşma şəraitində həll edəcəklər. Tərəflər arasında yaranmış mübahisə və fikir ayrılıqlarının danışıqlar yolu ilə otuz (60) iş günü müddətində həlli mümkün olmadıqda, həmin mübahisə və fikir ayrılıqlarının həll olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrə müraciət olunacaq. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilələrdən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş 15 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, cavabdehdən müqavilə üzrə borcun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan isə həmin məktubun xx.xx.2025-ci il tarixdə cavabdehə göndərildiyi aydın olur. Lakin nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqavilədə 30 iş günü müddətində razılıq əldə edilmədikdə məhkəmədə iddia qaldırılmaq hüququ təsbit edilmişdir və hazırda isə pretenziyanın rədd edilməsi və ya qismən qəbul edilməsi halı olmadığından, 30 iş günlük müddət isə başa çatmadığından iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər qaydada həll edilməsinin mümkün olmadığı qənaətinə gəlmək mümkün deyildir və mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi təsdiq olunmur. Digər tərəfdən, iddiaçı tərəfindən iddianın faktiki əsası kimi istinad olunan digər alqısatqı müqavilələri iddia ərizəsinə əlavə edilməmiş, bu səbəbdən həmin müqavilələr üzrə mübahisələrin həlli üçün pretenziya qaydasının nəzərdə tutulub-tutulmaması müəyyən oluna bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “alqı-satqı və borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-131/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-131/2026
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver