Məhkəmə qərarları › İş №e-2-2(4-11)-1392/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-1392/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1392/2026 16.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə alqı-satqı müqaviləsi üzrə 746.52 manat əsas borc, 74.65 manat dəbbə pulu, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 851.17 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S202/23 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmişdir. Əvəzində isə cavabdeh alıcı qismində hissə-hissə aldığı mallara görə ümumilikdə 1803.24 manat iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən bu günədək cəmi 1056.72 manat ödəniş edilmiş, geri qalan 746.52 manat ödənilməmişdir. Aralarında bağlanılan təchizat Müqaviləsinin 5.1ci bəndinə əsasən alıcı tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı, satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 746.52 manat əsas borc, 74.65 manat dəbbə pulu, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2026-cı il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, materiala əlavə edilmiş; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S202/23 saylı təchizat müqaviləsindən görünür ki, satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə sifarişə uyğun olan malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müştəri sifarişlərindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Binə qəsəbinsə yerləşən Cavabdeh məxsus Real Marketə ümumilikdə (hər iki sifariş üzrə) 1803,24 manat məbləğində sifariş olunmuş müxtəlif adda mallar təhvil verilmişdir. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə həyata keçirilmiş ödənişlərdən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə 895,52 manat məbləğində İddiaçı MMC-nin hesabına ödəniş həyata keçirilmişdir. Seriya EBCN, 964041 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 182,51 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 1196,52 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan (Vodka Pervak 0,5L və s.) malları təhvil verilmişdir. Seriya EBDA, 630532 nömrəli, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 92,55 manat məbləğində ƏDV daxil olmaqla, ümumilikdə 606,72 manat dəyərində Cavabdeh tərəfindən sifariş olunan malları (X2 05L və s.) təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 3956 nömrəli qarşılıqlı hesablaşmadan görünür ki, Cavabdeh ümumilikdə MMC-yə 984,66 manat məbləğində borcunun olması müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, S202/23 saylı təchizat müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə 746,52 manat əsas borc və 74,65 manat cərimə borcu olmaqla, ümumilikdə 821,17 manat təşkil edir. xx.xx.2026-cİ il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında malların alqı-satqlısı barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları təhvil vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh xx.xx.2023-cü il tarixli, S202/23 saylı təchizat müqaviləsi üzrə 746,52 (yeddi yüz qırx altı manat 52 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli, S202/23 saylı təchizat müqaviləsinin şərtlərinə əsasən iddiaçı 74,65 manat cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, 746,52 manat əsas borc üzrə həmin məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 74,65 manat məbləğində hesablanmış cərimə məbləğinin 37,32 (tələb edilən əsas borcun 5% həddində) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, iddia qismən təmin edilməli, müqavilədə nəzərdə tutulan öhdəlik yerinə yetirmədiyindən, öhdəliyin icrası üçün ödənilməli olan 746,52 manat məbləğində əsas borc və 37,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 784,74 məbləğində pul vəsaiti cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, S202/23 saylı müqavilə üzrə 746,52 (yeddi yüz qırx altı manat 52 qəpik) manat məbləğində əsas borc, 37,32 (otuz yeddi manat 32 qəpik) manat məbləğində cərimə borcu və ödənilmiş 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 812,84 (səkkiz yüz on iki manat 84 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar