Məhkəmə qərarları › İş №e-2-2(4-11)-149/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-149/2026

09.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-149/2026 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsini və iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 31 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 4529 (dörd min beş yüz iyirmi doqquz) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1,35 (bir manat, otuz beş qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 0,28 (iyirmi səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 0,04 (dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2534/2025 saylı qərardadı ilə(hakim F.Həmidli) iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs Şuşa şəhəri, M.F.Axundov küçəsi, ev 6 ünvanına rəsmi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 15 dekabr 2025-ci il tarixli 5-77/2-460/2025 nömrəli məktubun məzmunu ilə müəyyən edilir ki, hazırkı iş üzrə Maraqlı şəxs hazırda Bakı şəhəri, Xocasən qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. Göründüyü kimi, maraqlı şəxsin rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, sözügedən məktubun məzmunu əsasında müəyyən edilən faktiki yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. İş materiallarını araşdıraraq o qənaətə gəlirəm ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Hansı ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Maraqlı şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Yəni qeyd olunan ünvan maraqlı şəxsin yaşayış yeridir. Hansı ki, şəxsin olduğu yer üzrə qeydiyyatı isə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Lakin bu barədə hər hansı sənəd iş materiallarında yoxdur. Bundan əlavə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına şəxsiyyət vəsiqəsini, vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) sənədləri təqdim etməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanının 2.2-ci hissəsinə əsasən Əsasnamənin 12-ci maddəsinin birinci abzasında və 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamənin 8.1 və 8.1.4.-cü hissəsinə əsasən şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsidir. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatını həyata keçirməyə səlahiyyətli orqan və qeydiyyatın həyata keçirilməsi qaydası qanunvericiliklə dəqiq tənzimlənmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Odur ki, vətəndaşın olduğu yer müvəqqəti xarakter daşımaqla dəyişkəndir və yalnız "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə istinadən Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq oluna bilər. Eyni zamanda, qaçqınlar (məcburi köçkünlər üçün yox) üçün qanunverici xüsusi tənzimləmə aparmışdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Oxşar yanaşma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda da əks olunmuşdur. Belə ki, həmin qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində yaşayış yeri qaçqın vəsiqəsi ilə müəyyən edilir. Hazırkı iş üzrə maraqlı şəxs isə qaçqın deyil, məcburi köçkün statusuna malikdir. Belə olan halda, hesab edirəm ki, maraqlı şəxsin Bakı şəhərində yaşadığı və ya olduğu yerə malik olması müvafiq sübutlar – şəxsiyyət vəsiqəsi və ya Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq olunmadığından hazırkı ərizəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Beləliklə hesab edirəm ki, iş ərazi aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün aşağıdakı normaların tələbinə əsasən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə kommersiya işi aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar