Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1852/2026 18.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib oğlunun sədrliyi, Hüseynzadə Nisə Ələkbər oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 99608,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs2 (Ləğv prosesindədir) (VÖEN: **********) dövlət büdcəsinə 99608,08 manat məbləğində (o cümlədən, vergilər üzrə 85924,61 manat, faizlər üzrə 13683,47 manat) olmaqla, ümumilikdə 99608,08 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********806800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarından görünür ki, Maraqlı şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə hazırkı ərizə ilə bağlı yazılı etiraz təqdim edərək, Maraqlı şəxs1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən qeyri-müəyyən qaydada hesablanmış müxtəlif məbləğlərdə əsassız vergi borcları tərəfimizdən inzibati icraat qaydasında mübahisələndirilmiş və şikayət xx.xx.2026-cı il tarixdə inzibati icraat qaydasında icraata götürülmüşdür (əlavə olunur – inzibati şikayətin icraata qəbul edilməsi barədə məktub – 03 vərəq). Bundan əlavə hesab edirik ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə verməklə, ərizəçi hüquqdan sui-istifadə edir. Belə ki: AR Vergi Məcəlləsinin 65 və 89cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün heçbir tədbir (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) görməmişdir. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim olunmalı və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub – olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının mövqeyi: qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəanın nəzərdə tutulmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 26 may tarixli Qərarına əsasən, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub – olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır (əlavə olunur: AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının eyni mübahisələrlə bağlı xx.xx.2026-cı il tarixli 2-2(102)-811/2025 saylı; xx.xx.2026-cı il tarixli 2-2(102)-745/2025 saylı; xx.xx.2025-ci il tarixli, 2-2(102)-720/2025 saylı qərarları).
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
5. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs ərizəyə etiraz edib tələb edilən borcun əsassız olması səbəbindən ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə ərizəyə etiraz edib yazılı etirazının məzmununa uyğun izahat verib ərizənin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
7. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-7.2-ci maddəsinə əsasən ərizçənin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
10. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
11. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
12. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs2 (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs1dur.
13. Maraqlı şəxs2 (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixə dövlət büdcəsinə 109661,26 manat borcu vardır.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə Maraqlı şəxs2nə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
15. Materiallardan görünür ki, ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə Maraqlı şəxs2 büdcəyə olan qalıq və faiz borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin hesablaşma hesablarının olduğu müvafiq banklara sərəncamlar göndərilmişdir.
16. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Maraqlı şəxs2 adına qeydə alınmış daşınmaz əmlak, habelə nəqliyyat vasitəsi yoxdur.
17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs2 vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir.
18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 99608,08 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
22. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 99608,08 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri: xx.xx.1993-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Həsənova