Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-1876/2026 13.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 56032,65 manat, İşsizlikdən sığorta fonduna olan 100,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 10430,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1971-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 56032,65 manat, İcbari Tibbi Sığorta Fonduna 10430,5 manat, İşsizlikdən sığorta fonduna 100,08 manat olmaqla, ümumilikdə 66563,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********893600, xx.xx.2025-ci il tarixli **********894300, xx.xx.2025-ci il tarixli **********895000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Tərəflərin izahatları: Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə sisteminə əlavə edilən yazılı etirazda qeyd edilmişdir ki, yaranmış borc Maraqlı şəxs fəaliyyəti ilə bağlı deyil və onun direktor təyin olunmasından əvvəlki dövrdə, yəni xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək şirkətin direktoru olmuş X2 rəhbərliyi dövründə yaranmış ciddi maliyyə pozuntularından irəli gəlir. Bununla belə, Maraqlı şəxs direktor vəzifəsini icra etməyə başladığı andan etibarən əvvəlki dövrlərə aid maliyyə pozuntularının qarşısını almaq və şirkətin yaranmış borclarının ödənməsini təmin etmək üçün bütün zəruri hüquqi və maliyyə addımlarını atmış, hazırda da bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bununla belə, hazırkı dövrdə şirkətin faktiki maliyyə vəziyyəti yaranmış borcun dərhal və tam şəkildə icrasına imkan vermir. Belə ki, "xxxx" MMC-nin direktoru Maraqlı şəxs şirkətin maliyyə və maddi bazasının qorunması məqsədilə xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciət etmiş, keçmiş direktor X2 şirkətə məxsus sənədləri, möhürü və nəqliyyat vasitələrini təhvil verməkdən imtina etməsi barədə məlumat vermişdir. Aparılan araşdırmalar nəticəsində xx.xx.2025-ci ildən sonra müəssisəyə məxsus bir sıra əmlakın qanunsuz olaraq şirkətdən çıxarılması və ya müxtəlif şəxslər tərəfindən gizlədilməsi aşkar edilmişdir. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilmiş və prokurorluğun göstərişi ilə araşdırma daha da dərinləşdirilmişdir. Direktor Maraqlı şəxs təkrar müraciətləri və təhqiqat prosesində göstərdiyi aktivlik nəticəsində müəssisəyə məxsus 3 ədəd avtomobil və çox sayda istehsal avadanlığı aşkar edilərək "xxxx" MMC-yə təhvil verilmişdir. Hal-hazırda da, qaytarılmayan digər əmlak və vəsaitlərin geri alınması üçün mülki hüquqi müstəvidə zəruri addımlar atılır. Bundan əlavə qeyd edilməlidir ki, müəssisənin əvvəlki rəhbərliyi dövründə bağlanmış müqavilələr üzrə yaranmış kommersiya münasibətlərindən irəli gələn bir sıra mübahisələr də mövcud olmuş və bu hallar müəssisənin maliyyə vəziyyətinə birbaşa təsir göstərmişdir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 17 may 2023-cü il tarixli, № 02/23 saylı alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif dövrlərdə mallar təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş malların dəyəri tam şəkildə ödənilməmiş və nəticədə müəssisənin xeyrinə əhəmiyyətli məbləğdə debitor borcu yaranmışdır. Aparılmış yoxlamalar göstərmişdir ki, bu borcun ödənilməməsi yalnız "xxxx" MMC-nin cari fəaliyyəti ilə bağlı olmayıb, əslində keçmiş direktor X4 və "xxxx" MMC-nin digər təsisçisi X7 arasında qəsdən qurulmuş birliyin nəticəsi olmuşdur. Məhz Maraqlı şəxs direktor vəzifəsini icra etdiyi dövrdə "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsində cavabdehdən 526.888,37 manat əsas borcun, 95.379,91 manat ƏDV məbləğinin, həmçinin məhkəmə xərclərinin tutulması tələb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5590/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, nəticədə 315.188,37 manat əsas borc və 57.273,91 manat ƏDV olmaqla, ümumilikdə 372.462,28 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, həmçinin 913 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması qərara alınmışdır. Bu hadisələr ardıcıllığı göstərir ki, baş verən maliyyə pozuntuları və debitor borcların yaranması keçmiş direktor X4 və "xxxx" MMC-nin digər təsisçisi X7 tərəfindən birgə həyata keçirilmiş fəaliyyət nəticəsində təşkil olunmuşdur. Nəticədə şirkətin resursları mənimsənilmiş, gəlirləri azalmış, istehsal fəaliyyəti dayanmış və borc öhdəliklərinin icrası qeyri-mümkün hala gəlmişdir. Hazırkı direktor Maraqlı şəxs isə müəssisənin maliyyə vəziyyətini stabilləşdirmək, əvvəlki dövrdə yaranmış borcların bərpası və hüquqi problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirməkdədir. Eyni zamanda, "xxxx" MMC-nin təsisçisi X9 xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə əvvəlki direktor X2 şirkətin direktoru vəzifəsini icra edərkən fidusiar öhdəliklərini pozması nəticəsində "xxxx" MMC-yə külli miqdarda zərər vurması barədə Bakı Kommersiya Məhkəməsinə (iş № e-2-2(113)- 8263/2025) müraciət etmişdir. Həmin iddia ərizəsində göstərilmişdir ki, X2 direktor vəzifəsini icra etdiyi dövrdə şirkətin Elektrik təchizatı üzrə ƏDV daxil 292.653,88 AZN məbləğində "xxxx" ASC-nə, qaz təchizatı üzrə “Azəriqaz” İstehsalat Birliyinə 66.495 AZN və 1076.40 AZN borc yaranmışdır. Eyni zamanda, şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində inzibati xətanın obyekti olmuş 12425.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 2485 ABŞ dolları məbləğində cərimə tətbiq edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü il üzrə təsdiqlənmiş mənfəət bəyannaməsinə əsasən, şirkətin 1 aylıq orta gəliri 595.245,64 manat təşkil etmişdir. Lakin xx.xx.2025-ci il tarixindən sonra şirkətdə müxtəlif vəzifələrdə çalışan ümumilikdə 122 nəfər işçi öz təşəbbüsləri ilə qərəzli şəkildə işdən ayrılmışdır. Qeyd olunmalıdır ki, həmin işçilərin böyük bir qismi əmək müqaviləsi olmadan, qeyri-rəsmi formada fəaliyyət göstərmiş, əmək haqları yalnız az bir hissəsi rəsmi, qalan hissəsi isə qeyri-rəsmi ödənilmişdir. Bu hallar keçmiş direktorun məqsədli şəkildə vergidən yayınma siyasətinin nəticəsi olmuşdur. Məhz onun rəhbərliyi altında işçilər uzun müddət gecə-gündüz, növbəli 2 smen üzrə iş vaxtından artıq işlədilmiş, bu isə işçilər arasında ciddi narazılıq yaratmışdır. İşçilərin kütləvi şəkildə işdən ayrılması səbəbilə may ayından etibarən şirkətin fəaliyyəti tamamilə dayanmış, aylıq 600.000 manata yaxın gəlirdən məhrum olmuş, mövcud borc öhdəliklərinin (əmək haqqı, sosial sığorta, vergi, enerji təchizatı və s.) icrası qeyri-mümkün vəziyyətə gəlmişdir. Beləliklə, bu hallar məhz əvvəlki direktorun fidusiar öhdəliklərini pozması və qeyri-sabit idarəçilik nəticəsində baş vermişdir. Onun törətdiyi pozuntular nəticəsində şirkətin maliyyə dayanıqlığı sarsılmış, istehsal fəaliyyəti dayanmış və dövlət qarşısında öhdəliklərin icrası praktiki olaraq mümkün olmamışdır. Ərizədə vurulmuş zərərin şirkətə ödənilməsi tələb olunmuş, məhkəmə ərizənin qanunvericiliyə uyğunluğunu yoxlamış və iş hal-hazırda icraatdadır. O cümlədən qeyd olunmalıdır ki, məhz Maraqlı şəxs direktor vəzifəsini icra etməyə başladığı dövrdən etibarən müəssisənin fəaliyyətinin əvvəlki dövrlərinə dair maliyyə və vergi öhdəliklərinin vəziyyəti ilə bağlı müvafiq araşdırmalar aparılmış və bu araşdırmalar zamanı bir çox uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, müəssisənin yeni rəhbərliyi tərəfindən əvvəlki dövrə aid bank hesablarının hərəkəti, kassa əməliyyatları, mühasibat uçotu sənədləri və maliyyə hesabatları təhlil edilmiş, aparılmış yoxlamalar nəticəsində müəssisənin faktiki istehsal və satış həcmləri ilə maliyyə sənədlərində əks olunan göstəricilər arasında əhəmiyyətli fərqlərin mövcudluğu müəyyən edilmişdir. Xüsusilə, aparılmış təhlillər zamanı X2 rəhbərliyi dövründə müəssisədə kifayət qədər istehsal və satış əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, bank hesablarında müvafiq maliyyə vəsaitlərinin mövcud olmaması, satış əməliyyatlarının əsasən yalnız bir təsərrüfat subyekti ilə ("xxxx" MMC ilə) aparılması, həmçinin kassa və mühasibat sənədlərində rəqəmlərin bir-biri ilə uyğun gəlməməsi kimi halların mövcudluğu müəyyən edilmişdir. Bu hallar müəssisənin əvvəlki dövrə aid maliyyə-təsərrüfat fəaliyyətində ciddi pozuntuların olması ehtimalını yaratmışdır. Maraqlı şəxs direktor vəzifəsini icra etməyə başladığı dövrdən etibarən aparılmış araşdırmalar nəticəsində müəyyən edilən bu uyğunsuzluqların obyektiv və hərtərəfli şəkildə qiymətləndirilməsi məqsədilə məsələ barədə müvafiq dövlət orqanlarına müraciətlər edilmişdir. Bu müraciət əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********198309 nömrəli qərarı ilə "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin qərara əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı geniş həcmdə sənədlərin təqdim edilməsi tələb olunmuş və bu məqsədlə xx.xx.2025-ci il tarixli, **********198368 nömrəli tələbnamə müəssisəyə göndərilmişdir. Tələbnamədə yoxlama ilə əhatə olunan dövr üzrə bank hesablarının hərəkəti, vergi bəyannamələri, mühasibat uçotu sənədləri, müqavilələr, debitor və kreditor borcları, aktivlər və digər maliyyə göstəricilərinə dair məlumatların təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə müəssisənin əvvəlki dövrlərə aid maliyyə-təsərrüfat fəaliyyəti və vergi öhdəlikləri ilə bağlı məsələlər hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən araşdırma predmetidir. Hazırkı rəhbərlik isə sözügedən yoxlama çərçivəsində tələb olunan məlumat və sənədlərin təqdim edilməsi, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf şəkildə araşdırılmasına şərait yaradılması və mövcud vəziyyətin qanunvericiliyin tələblərinə uyğun qaydada aydınlaşdırılması istiqamətində müvafiq tədbirlər görməkdədir. Nəticə etibarilə, müəssisənin hazırkı rəhbərliyi keçmiş direktorun fəaliyyəti nəticəsində yaranmış xaotik vəziyyəti, əmlak itkisini və sənədləşmə sahəsindəki boşluqları aradan qaldırmaq üçün maksimum səylə çalışır. Hazırkı direktor Maraqlı şəxs şirkətin maliyyə və maddi bazasının qorunması, mövcud borcların idarə edilməsi və əmlakın geri qaytarılması məqsədilə davamlı və məqsədyönlü tədbirlər həyata keçirir və müəssisənin fəaliyyətini normallaşdırmaq üçün bütün qanuni imkanlardan istifadə edir. Belə vəziyyətdə, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması həm müəssisənin normallaşdırılması səylərinə ciddi maneə yaradacaq, həm də mövcud vəziyyətə uyğun olaraq hüquqi baxımdan əsaslı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-2(102)-53/2024 nömrəli qərarında məhkəmə qeyd etmişdir ki, vergi borcunun mövcudluğu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün mütləq əsas hesab edilə bilməz. Məhkəmə vurğulamışdır ki, belə məhdudiyyət tətbiq edilərkən mütənasiblik prinsipi nəzərə alınmalı və vergi orqanı tərəfindən borcun tutulması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq olunması və onların nəticəsiz qalması əsaslandırılmalıdır. Əks halda, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiya ilə təmin edilmiş hərəkət azadlığı hüququna qeyri-mütənasib müdaxilə hesab edilə bilər. Ali Məhkəmə həmin qərarda həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və tətbiq edilən hüquqi tədbirlər bu müqavilələrin tələblərinə uyğun olmalıdır. İnsan Hüquqları üzrə Avropa Konvensiyasına dair 4 nömrəli Protokolun 2-ci maddəsinə əsasən, şəxsin ölkədən çıxış hüququnun məhdudlaşdırılması yalnız qanunla nəzərdə tutulması ilə kifayətlənmir, belə müdaxilənin eyni zamanda “demokratik cəmiyyətdə zəruri olması” da əsaslandırılmalıdır. Bu baxımdan Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı” (14 oktyabr 2021-ci il, № 74288/14 və 64568/16) qərarına istinad edərək göstərmişdir ki, vergi orqanı səfər qadağası tətbiq edilməzdən əvvəl vergi borcunun tutulması üçün digər mümkün vasitələrdən istifadə etməlidir. Yalnız həmin tədbirlər nəticə vermədiyi halda şəxsin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması mümkündür. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun “Hərəkət etmək azadlığı” adlanan 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin 11 may 2021-ci il tarixli Stetsov v. Ukraine işi (Ərizə № 5170/15) göstərir ki, hərəkət azadlığına qoyulmuş məhdudiyyət yalnız qanunla nəzərdə tutulmuş və legitim məqsəd güdən hallarda mütənasib sayılır. Tətbiq edilmiş məhdudiyyətlər əvvəlcə əsaslandırılmış olsa belə, uzun müddət davam edən məhdudiyyət sonradan qeyriproporsional ola bilər. Həmin iş üzrə məhkəmə müəyyən etmişdir ki, Ukrayna icra orqanlarının qərarına əsasən ərizəçinin ölkədən çıxışı yalnız borcun tam ödənməsindən sonra mümkün olmuş, bu isə məhdudiyyətin yenidən qiymətləndirilməsinə imkan vermədiyindən hərəkət azadlığına nisbi olmayan müdaxilə hesab edilir. Xüsusilə ödənilməmiş borcalara münasibətdə tətbiq edilən hər hansı məhdudiyyət, yalnız borcun ödənməsini təmin etmək məqsədinə xidmət etdikdə saxlanıla bilər. Xüsusilə vurğulanmalıdır ki, borclunun niyyəti məhdudiyyətin davam etməsi üçün yeganə əsas ola bilməz və səlahiyyətli orqanlar məhdudiyyətin borcun ödənilməsinə necə xidmət etdiyini izah etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-2(102)-64/2024 nömrəli qərarda Ali Məhkəmə bildirmişdir ki, vergi borcunun mövcudluğu ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün müstəsna tədbir kimi qiymətləndirilməli və bu tədbir yalnız zəruri hallarda tətbiq edilməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə, vergi orqanı kommersiya məhkəmələrinə bu qəbildən olan ərizələrlə müraciət etməmişdən əvvəl, beynəlxalq konvensiyaların və ölkə Konstitusiyanın tələblərinə uyğun şəkildə, vergi borcunun ödənilməsinin təmin edilməsinin digər mümkün mexanizmlərindən istifadə etməli, həmin tədbirlər nəticə vermədikdən sonra isə şəxsin ölkədən çıxma hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təşəbbüs göstərməli, habelə məhkəməyə digər üsul və vasitələrin nəticəsiz qalması barədə bütün təsdiqedici sənədləri təqdim etməlidir. Sonda isə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4-11)-1876/2026 nömrəli, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında yazılı etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, vergi borclarının olduğunu inkar etmir və vergi borcu düzgün hesablanıb. Borc işçilərin DSMF-yə və İcbari Tibbi Sığorta Fonduna olan ödənilməyən məbləğlərdən yaranıb. Bu borcların ödənilməməsinin səbəbi əvvəlki rəhbərliyin qərəzli hərəkətləri olmuşdur. Maraqlı şəxs müəssisəyə direktor kimi təyin edildikdən sonra dərhal Dövlət vergi Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən səyyar yoxlama başlanılmış və aidiyyəti sənədlər vergi istintaqına yönləndirilib. Səbəb isə o olub ki, müəssisəyə gələn zaman külli miqdarda qeyri-rəsmi dövriyyə aşkar etmişlər. Bəyannamələrə baxan zaman görünür ki, müəssisənin fəaliyyətinin 10 faizi bəyan edilib, 90 faizi isə bəyan edilməyib. 2024-cü ilin mənfəət vergisinin bəyannaməsindən müəssisənin aktivlərinin nədən ibarət olması müəyyən edilmir. Keçən ilin may ayında maraqlı şəxs şirkətə direktor kimi gələndən sonra işçilərə görə müvafiq sığorta fondlarına ödənilməyən borclar var idi. İşçilər aprel ayında işdən çıxmaq barədə ərizə vermiş və son haqq-hesablarının aparılmasını tələb etmişdilər. Müəssisənin isə faktiki olaraq əmlakı yox idi ki, işçilərə kompensasiya versin. Bəzi işçilər isə buna görə müəssisəni Əmək Müfəttişliyinə şikayət etmişdilər və həmin qurum da müəssisəni cərimələmişdir. Maraqlı şəxs ölkədən çıxışına həbs qoyulması onun sahibkarlıq fəaliyyətinə ziyan vuracaq, çünki Maraqlı şəxs iş adamıdır, xaricə səfərləri olur. Bu tədbirin məqsədi hüquqi şəxsin rəhbərini vergiləri ödəməyə stimullaşdırmaq və məcbur etməkdir. Təqdim etdikləri sənədlərdən də görünür ki, bu məcburetmə tədbiri olmadan da müvafiq borcları ödəyirlər. Eyni zamanda bank hesablarına da vergi orqanı tərəfindən sərəncam qoyulmuşdur. Sonda ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar əsasında müəyyən edilən işin halları: Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hazır metal məmulatlarının istehsalı, məftil məmulatlarının istehsalı, əlvan metalların istehsalı, polad tökmə fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin (VÖEN: **********) hal-hazırda təsisçiləri bərabər paylarla X9 və X5r. xx.xx.2025-ci ilədək qanuni təmsilçisi X4 olmuş, hal-hazırda isə Maraqlı şəxsdur. Maraqlı şəxs direktor vəzifəsinə təyin olunduqdan sonra əvvəlki direktorla təhvil-təslim aparılması barədə mübahisələri olmuş, eyni zamanda maliyyə və mühasibat uçotuna cavabdeh olan şəxslərlə də təhvil-təslim aparıla bilməmişdir. xx.xx.2025-ci ildən-xx.xx.2025-ci il tarixləri aralığında şirkətin 122 nəfər işçisi işdən çıxmaqla bağlı müəssisəyə müraciət etmiş və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şirkətin aprel ayı üzrə məcburi dövlət sığortası, işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı üzrə dövlət büdcəsinə 30327.48 manat borcu yaranmışdır. İşçilərin işdən çıxmasından sonra şirkətin əmək haqqı(son haqq-hesab) borcu üzrə 148033.9 manat, və dövlət sosial müdafiə fonduna 50681.12 manat borcu yaranmışdır. Nəticədə 2025-ci ilin 2-ci rübü üzrə 55199.95 manat məcburi dövlət sığortası,2225.57 manat işsizlikdən sığorta, 9607.25 manat icbari tibbi sığorta haqqı üzrə, üzmumilikdə 67032.77 manat Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Bundan əlavə şirkətin işığa, qaza təxminən 370000 manat borcu yaranmışdır. Yeni direktor Maraqlı şəxs əvvəlki direktorun pozuntuları barədə polisə müraciət edərək, şirkətin əmlaklarının, möhürün və sənədlərin təhvil verilməməsi və.s barədə şikayət etmişdir. Araşdırma zamanı bir sıra əmlaklar MMC-yə təhvil verilmiş, şikayətdə qeyd edilən avtokar, maşın yuma aparatı, və 200 ton metal qırıntısı ilə bağlı mülki qaydada iddia vermək hüququ izah edilmişdir. Eyni zamanda araşdırma materialından müəyyən edilmişdir ki, X7 "xxxx" və "xxxx" MMC-nin təsisçisi olmuşdur. "xxxx" MMC-nin əvvəlki təsisçisi X6 əri Yaşar olmuş, X1 arasında bağlanmış payın alqı-satqısının etibarsızlığı nəticəsində X6 MMC-nin 50 faiz payına hüququ tanınmışdır. Göründüyü kimi təsisçilər arasında hüquqi şəxsin idarə edilməsi barədə mübahisələr vardır. Belə ki, hazırda yeni direktor MMC-nin görünürdə əmlakının olmadığını, fəaliyyətinin faktiki olaraq dayandığını bildirir, lakin təqdim edilmiş 2024-cü ilin vergi bəyannaməsində MMC-nin aktivlərinin ********.78 manat olduğu, bunun ********.52 manat hissəsi bina, tikili, qurğu və.s; 729652.42 manat maşınlar və avadanlıq; 344438.11 manat nəqliyyat vasitələri; 2407873.41 manat hazır məhsul; 2525155.57 manat digər aktivlər və.s təşkil etdiyi görünür. MMC –nin direktoru dəyişdikdən sonra yeni direktor Dövlət Vergi Xidmətinə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Vergi Cinayətlərinin İbtidari Araşdırılması Baş İdarəsi tərəfindən qərar qəbul edilmişdir. Hazırda həmin araşdırma üzrə nəticə yoxdur. Bundan əlavə Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı X6 cavabdeh X3 qarşı 2797654.51 manat zərərin ödənilməsi barədə iş vardır. İddiaçı tələbini zərərin vurulmasını əvvəlki direktorun fidusiar öhdəliklərini pozaraq şirkəti qeyri-sabit vəziyyətə gətirməsindən irəli gəldiyi ilə əsaslandırmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 315.188 (üç yüz on beş min yüz səksən səkkiz) manat 37 (otu yeddi) qəpik əsas borc üzrə, 57.273 (əlli yeddi min iki yüz yetmiş üç) manat 91 (doxsan bir) qəpik ƏDV borcu olmaqla, ümumilikdə 372.462 (üç yüz yetmiş iki min dörd yüz altmış iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "Maqno-Met” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2026-cı il tarixdə icraya yönəldilmişdir. Vergi qurumu tərəfindən MMC-yə xx.xx.2025-ci il tarixdə bildirişlər göndərilmiş və Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 59598.01 manat borcun, işsizlikdən sığorta haqqı üzrə 112.21 manat borcun, icbari tibbi sığorta haqları üzrə 10430.5 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Həmin bildirişlərdə vergi ödəyicisinin nəzərinə çatdırılmışdır ki, borcun vaxtında ödənilməməsinə görə 0.1 faiz sanksiya hesablanacaqdır; cari və ya digər hesablarda borcların alınması üçün icra sənədi olan sərəncamlar veriləcəkdir; icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəkdir; gəlir götürmək üçün istifadə etdiyiniz, yaxud vergi tutulan obyektlərinizdə və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarınızda, nəqliyyat vasitələrinizdə operativ vergi nəzarəti həyata keçirilə bilər; vergi ödəyicisinə məxsus əmlaklar siyahıya alına bilər; borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə bilər. xx.xx.2026-cı il tarixdə Vergi orqanı tərəfindən Maraqlı şəxs xəbərdarlıq göndərilmiş və 73768.67 manat borcun 15 gün müddətində ödənilməsi tələb edilmişdir, əks halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2026-cı ildə 62984.26 manat məbləğin alınması barədə emitent "xxxx" ASC-yə sərəncam verilmişdir. xx.xx.2026-cı ildə isə 10853.89 manat məbləğin alınması barədə emitent "xxxx" ASC-yə sərəncam verilmişdir. Tətbiq edilən normalar və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə görə bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin məcəllənin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. Həmin məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “ 32.1. Vergi nəzarəti və onun formaları 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. ...” “ 65.1. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2.1. Vergi orqanı vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. 65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. 65.4. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.6. Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə işin halları ilə müəyyən edilən halları tətbiq edilməli olan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC-nin təsisçiləri arasında mübahisə vardır və həmin mübahisə X6 təsisçi olaraq 50 faiz paya hüququnun tanınmasından, əvvəlki direktorun vəzifəsindən azad edilməsindən və Maraqlı şəxs yeni direktor təyin edilməsindən sonra yaranmışdır. MMC-nin dövlət büdcəsinə yaranmış borcu məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqlarından yaranmışdır ki, bu da yuxarıda qeyd edilən mübahisədən sonra işçilərin kütləvi şəkildə işdən çıxmasından, MMC-nin fəaliyyətinin dayanmasından qaynaqlanmışdır. Bununla belə, MMC yaranmış həmin borcun həqiqiliyini mübahisələndirmir və borcun ödənilməsi ilə bağlı tədbirlər həyata keçirir. Belə ki, MMC-nin ortada olmayan əmlaklarının axtarışı, dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq orqanlara şikayətlər vermiş, kreditor tələbləri irəli sürmüşdür. Məhkəmənin qənaətinə görə maraqlı şəxsin müvafiq sığorta fondlarına ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz. Maraqlı şəxsin borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Halbuki, ərizəçi borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədə getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etsə də, buna qədər borcların alınması üçün sərəncamların nəticəsini gözləməmişdir, hansı ki, MMC-nin xeyrinə icra sənədi üzrə 372000 manat tutulmalıdır, əmlakları siyahıya alınmamışdır, hansı ki, 2024-cü ilin mənfəət bəyannaməsinə görə MMC-nin aktivlərinin həcmi ********.78 manat olmuşdur. Üstəlik vergi borcu olan hüquqi şəxsin fəaliyyəti hazır metal məmulatlarının istehsalı, məftil məmulatlarının istehsalı, əlvan metalların istehsalı, polad tökmə ilə bağlı olmuş və onun göstərilən həcmdə avadanlığa, xammala, daşınar, daşınmaz əmlaka malik olması istisna edilmir. Ümumiyyətlə qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə bir müddəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmamışdır, çünki gözlənilən nəticə maraqlı şəxsin dövlət büdcəsinə olan öhdəlikləri tam yerinə yetirilməsidir və bu nəticəyə vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək hüquqlarından istifadə etməklə nail olmaq mümkündür. Vergi Məcəlləsinin 65 və 89cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmək hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Hazırki qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, No 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). 13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu hala həddindən artıq əhəmiyyət verirlər. Analoji işlərlə bağlı məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqelər vardır və ən son qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(102)-672/2025 saylı; xx.xx.2026-cı il tarixli, 2-2(102)-792/2025 saylı qərarları buna nümunə göstərilə bilərlər. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev