Məhkəmə qərarları › İş №e-2-2(4-11)-259/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-259/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-259/2026 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşıma müqaviləsi, ekspeditor, əsas borc, dəbbə pulu, illik 5%, vəkil xərcinin ağlabatanlığı) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1 İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən xx.xx.2025-ci il tarixli ******* saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2025-ci il tarixli SİNV2600 (E-qaimə MT**********32) saylı faktura üzrə 2262 manat, xx.xx.2025-ci il tarixli SİNV2978 (Eqaimə MT**********37) saylı faktura üzrə 12688 manat xidmət haqqı, 1495 manat cərimə və 747.5 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 17192 (on yeddi min yüz doxsan iki) manat 50 (əlli) qəpik pulun, ödənilmiş 141.58 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat haqqın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixli ******* saylı Ekspeditor xidmətlərinə dair müqavilə bağlanmışdır. Ekspeditor xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, Ekspeditor Sifariçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi həmin müqavilənin 3cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekpeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə ediən müvafiq Əlavələr ilə müəyyənləşdirilir. Xidmət sifarişi və əlavələr bu müqavilənin tərkib hissəsidir. Cavabdeh MMC ekspeditor xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq İddiaçı MMCnin ekspeditor xidmətləri üçün vaxtında ödəniş etməlidir. Müqvilənin 2.1.6-cı bəndinə əsasən yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya Ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməsinə mənfi təsir edə biləcək bütün hallar, o cümlədən bu halların aradan qaldırılması üçün görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat verməlidir. Müqavilənin 2.3.7-ci bəndinə asasən xidmət sifarişində sifarişçi tərəfindən verilən yalnış məlumata görə Ekspeditorun çəkdiyi hər hansı əlavə xərcləri və digər xərcləri ödəmək. Sifarişçi öz təqsiri səbəbindən yaranan hər hansı əlavə xərclərə görə məsuliyyət daşıyır və onları hazırkı müqavilədə nəzərdə tutulduğu kimi öhdəliklərə əlavə olaraq ödəmələdir. Müqavilənin 2.3.9-cu bəndinə əsasən sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözü gedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 (yüz) ABŞ dolları/ EUR həcmində əlavə ödəniş edir (müvafiq olaraq yükün Türkiyə Respublikası və ya Avropa ölkələrindən daşınmasından asılı olaraq). İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağanmış xx.xx.2025-ci il tarixli ******* saylı Ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən göstərdiyi xidmətlərin müqabili xx.xx.2025-ci il tarixli SİNV2600 (E-qaimə MT**********32) saylı faktura üzrə 2262 manat, xx.xx.2025-ci il tarixli SİNV2978 (E-qaimə MT**********37) saylı faktura üzrə 12688 manat olmaqla ümumilikdə 14950 manat təşkil etmişdir. Cavabdeh MMC ekspeditor xidmətlərinə dair müqavilənin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən 14950 manat vəsaiti İddiaçı MMC-nə ödəməmişdir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq gecikmiş ödəniş olan halda, İddiaçı MMC-nin müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində Cavabdeh MMC-dən cərimə ödənişi tələb etmək hüququ vardır. Lakin bu ödəniş müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-ni keçməməlidir. Ekspeditor xidmətlərinə dair müqavilə üzrə hüsablanmış cərimə 1495 manat təşkil edir. Cavabdeh MMCüzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə İddiaçı MMC-nə zərər vurmuşdur. Hal hazırda Mərkəzin bankın uçot dərəcəsinə uyğun olaraq ekspeditor xidmətlərinə dair müqavilə üzrə hesablanmış əldən çıxmış fayda 747.5 manat təşkil edir. Ekspeditor xidmətlərinə dair müqavilənin 7.1 bəndinə əsasən hazırkı müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh olunur. Tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən irəli gələn və ya müqavilənin icrası ilə əlaqədar yaranan və tərəflər arasında müzakirə yolu ilə həll edilə bilməyən bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. 3 İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur. Tərəflərin mövqeləri: 4 Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. 5 Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları: 6 İş materiallarına əlavə edilmiş: 7 İddiaçı MMC (“Ekspeditor”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli ekspeditor xidmətlərinə dair müqavilədən görünür ki, Ekspeditor Sifariçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/ və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini Sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və Sifarişçi həmin müqavilənin 3cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəməlidir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekpeditor xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə ediən müvafiq Əlavələr ilə müəyyənləşdirilir. Xidmət sifarişi və əlavələr bu müqavilənin tərkib hissəsidir. Cavabdeh MMC ekspeditor xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq İddiaçı MMCnin ekspeditor xidmətləri üçün vaxtında ödəniş etməlidir. Müqvilənin 2.1.6-cı bəndinə əsasən yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya Ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməsinə mənfi təsir edə biləcək bütün hallar, o cümlədən bu halların aradan qaldırılması üçün görülən tədbirlər barədə sifarişçiyə dərhal yazılı məlumat verməlidir. Müqavilənin 2.3.7-ci bəndinə asasən xidmət sifarişində sifarişçi tərəfindən verilən yalnış məlumata görə Ekspeditorun çəkdiyi hər hansı əlavə xərcləri və digər xərcləri ödəmək. Sifarişçi öz təqsiri səbəbindən yaranan hər hansı əlavə xərclərə görə məsuliyyət daşıyır və onları hazırkı müqavilədə nəzərdə tutulduğu kimi öhdəliklərə əlavə olaraq ödəmələdir. Müqavilənin 2.3.9-cu bəndinə əsasən sifarişçiyə ölkə hüdudlarında/hüdudlarından kənarda yüklərin yükləmə/yükboşaldılması üçün 48 saat azad vaxt verilir. Sifarişçi yüklərin yükləmə/yükboşaldılması zamanı sözü gedən vaxtdan əlavə sifarişçinin səhvi səbəbindən hər gecikdirilmiş gün üçün hər nəqliyyat vasitəsinə görə 100 (yüz) ABŞ dolları/ EUR həcmində əlavə ödəniş edir(müvafiq olaraq yükün Türkiyə Respublikası və ya Avropa ölkələrindən daşınmasından asılı olaraq). Müqavilənin 3.3-cü bəndinə görə Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki Tərəfin imzaladığı və ödəniş üçün hesabfakturanın alındığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində ödəniş edilməlidir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq gecikmiş ödəniş olan halda, İddiaçı MMC-nin müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində Cavabdeh MMC-dən cərimə ödənişi tələb etmək hüququ vardır. Lakin bu ödəniş müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %-ni keçməməlidir. 8 SİNV/2600 nömrəli, xx.xx.2025-cı il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixində bağlanmış ******* saylı müqaviləyə əsasən Avstriyanın Vyana şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə 1280 EUR (2262 manat ekvivalenti) məbləğində 567 kq yük çatdırılmış və bunun müqabilində göstərilmiş xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir. 9 SİNV/2600 nömrəli, xx.xx.2025-cı il tarixli invoys sənədinə əsasən 1280 EUR (2262 manat ekvivalenti) məbləğində göstərilmiş xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 10 SİNV/2978 nömrəli, xx.xx.2025-cı il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixində bağlanmış ******* saylı müqaviləyə əsasən Misirin Alshargia şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə 7463 USD (12688 manat ekvivalenti) məbləğində 1105 kq yük çatdırılmış və bunun müqabilində göstərilmiş xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir. 11 SİNV/2978 nömrəli, xx.xx.2025-cı il tarixli invoys sənədinə əsasən 7463 USD (12688 manat ekvivalenti) məbləğində göstərilmiş xidmət İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 12 İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilən pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə bütün borcun Cavabdeh MMC-dən 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 13 13.01.2026-cı il tarixli Vəkil Orderindən görünür ki, 06 yanvar 2026-cı il tarixində “Libra” Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı MMC arasında hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. 14 08.01.2026-cı il tarixli № MVYPb7L1 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Libra” Vəkil Bürosuna 300 manat pul vəsaiti ödənilmişdir. Ödəniş MT**********39 saylı e-qaiməyə əsaslanmışdır. 15 12.01.2026-cı il tarixli, **********02 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 141,58 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: 16 Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 17 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 19 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 20 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 21 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 22 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 23 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 24 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 25 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 26 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.(müqavilənin bağlandığı vaxt qüvvədə olan redaksiyası) 27 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 28 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Tətbiq edilən prosessual normaları: 29 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 30 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 33 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 34 MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 35 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 36 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin əsaslandırması: 37 Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ekspeditor xidmətlərinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ekspeditor kimi müvafiq malların daşınmasını təşkil etmiş və mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək xidmətin dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli təhvil-təslim aktları və eyni tarixli hesab-fakturalar ilə də öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı etiraz etməmişdir. Buna görə də cavabdeh MMin 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur, iddiaçının tələbi haqlıdır. 38 Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən ekspeditor xidmətlərinin cavabdehə göstərildiyini, yəni yüklərin daşınmasının təşkil edildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 14.950 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 14.950 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 39 Bundan başqa iddiaçı cavabdehdən 1495 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. 40 Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ekspeditor xidmətlərinə dair müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 747,50 manat müəyyən olunmalıdır. 41 Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 747,50 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. 42 Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildəşərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 43 Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı mövqeyindən aydın olur ki, borclu müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor qanundan irəli gələrək minimum təminat kimi illik 5% əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər. 44 Hazırki işdə isə iddiaçı 747,50 manat pul vəsaitinin ödənilməsini tələb etsə də, həmin məbləğin hansı qaydada hesablanmasını göstərməmiş, öhdəliyin pozuntusunun başlanma anını, pozuntunun davam etmə müddətini nəzərə almadan ümumi olaraq bir il üçün əsas borcun 5 faizi məbləğində zərər tələb etmişdir. 45 Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, əldən çıxmış fayda formasında zərər müqavilənin 3.3-cü bəndində qeyd edilən öhdəliyin icrası müddəti nəzərə alınmaqla xx.xx.2025-cı il tarixli invoys sənədinə əsasən 13 fevral 2025-ci il tarixdən iddiaçı tərəfindən pretenziya məktubu göndərilən tarixə (xx.xx.2025-ci il) gecikdirilən 313 günə görə 96,99 manat həcmində, xx.xx.2025-cı il tarixli invoys sənədinə əsasən 25 aprel 2025-ci il tarixdən iddiaçı tərəfindən pretenziya məktubu göndərilən tarixə (xx.xx.2025-ci il) gecikdirilən 242 günə görə 420,62 manat həcmində olmaqla, cəmi 517,61 manat müəyyən edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 46 Eyni zamanda iddiaçı 300 manat hüquqi yardıma görə vəkil qonorarı xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. 47 MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 48 Odur ki, vəkilin göstərdiyi yardıma görə xərc qismində cavabdehdən 300 manat vəsaitin tutulması işin sadəliyi və iclasların sayı (1 hazırlıq,1 baxış, icraat müddəti 51 gün) nəzərə alınmaqla ağlabatan hesab edilməlidir. 49 Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141,58 manat dövlət rüsumunun 133,51 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2025-ci il tarixli, ******* №-li xidmət müqaviləsinə əsasən 14.950 (on dörd min doquz yüz əlli) manat əsas borc, 747,50 (yeddi yüz qırx yeddi manat əlli qəpik) manat dəbbə pulu, 517,61 (beş yüz on yeddi manat altmış bir qəpik) manat əldən çıxmış fayda qismində pul vəsaiti, vəkil xərci kimi 300 manat, habelə ödənilmiş dövlət rüsumunun 133,51 (yüz otuz üç manat əlli bir qəpik) manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar