Məhkəmə qərarları › İş №e-2-2(4-11)-262/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-262/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-262/2026 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, üzləşmə aktı, zərər) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, BT-01/24 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş üzləşmə aktına görə xx.xx.2025-ci il tarixinə ƏDV daxil olmaqla yaranmış 76000,00 manat əsas borc, 10000 vurulmuş (əldən çıxmış fayda) zərərin və 348 manat ödənilmiş dövlət rüsumun, cəmi 86348 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, BT-01/24 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gelən öhdəliklərlə bağlı tərəflər arasında xx.xx.2025-ci il tarixdə tərtib edilmiş üzləşmə aktı imzalanmış, həmin akta görə xx.xx.2025-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu ƏDV daxil olmaqla 76000,00 manat olması müəyyən edilmiş, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri bu günədək yerinə yetirməmiş, nəticədə küllü məbləğdə borcu yaranmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 76000,00 manat borcun qısa müddətdə ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu dəfə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış və bu günədək yerinə yerinə yetirməmişdir. Belə olduğu halda hesab edir ki, mübahisə məhkəmə qaydasında həll edilməli, cavabdəhdən 76000,00 manat məbləğində borc, borcunu vaxtında yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə 10000 manat dəyərində zərər dəymişdir, həmin zərər və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

İİ Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, təxmini 250000 manat dəyərində mal təhvil-təslim olunub. Az miqdarda ödəniş olduqdan sonra müəyyən məhsullar geri qaytarılmış, sonra yerdə qalan borc məbləği 76000 manat olmuş və üzləşmə aktı tərtib edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə izahatında bildirdi ki, akt imzalanan tarixdə şirkətin direktoru o deyil, Zəka adlı şəxs olmuşdur, iddiaçıya ilin sonuna qədər borcu ödəyəcəklərini bildirmişlər, Rusiyadan şirniyyat məhsulları gətirilmişdir, onların da istifadə müddəti bitmiş və xarab olmuşdur. Sonda cavabdehin nümayəndəsi borcun ödənilə bilməsi üçün qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi.

5. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirdi ki, İddiaçı şirkəti fəaliyyətə başladıqdan bir müddət sonra onlarla əməkdaşlığa başlamışlar. Onlardan konfet, mayonez və.s bu tip müxtəlif növ məhsulları almışlar. Şirkətin vəziyyətindəki maddi sıxıntı ilə əlaqədar şirkəti bağlamaq qərarına gəlmişlər. O həmin dövrdə şirkətin həm təsisiçisi, həm də direktoru olmuşdur. 103000-104000 məbləğində bank vasitəsi ilə rəsmi köçürmə olmuş, 45000-50000 isə qeyri-rəsmi - nağd şəkildə ödəniş edilmişdir. Qarşı tərəfdən pul tələbi olmuş, qeyd etmişlər ki, Sumqayıt və başqa ərazilərdə alacaqları var, borcları isə inkar etmirlər. Daha sonra şirkətin rəhbəri Samir bəy və onların əməkdaşı Fəzli Əfkərovla birgə üzləşmə aktı tərtib olunmuşdur. O, Tural bəylə 76000 manat dəyərində borcla bağlı üzləşmə aktı imzalamışdır. Cavabdehin işlədiyi mağaza iddiaçı ilə də işləyibdir. Ərazidən ödəniş qismində geri qaytarma olubdur, indi həmin ödənişlər onlar tərəfdən çıxılıbdır, yoxsa cavabdehin borcundan azaldılıbdır, bu barədə dəqiq məlumatı yoxdur. Aydın bəy də, o da borcu inkar etmir, sadəcə gözləyirlər ki, həmin vəsaitlər gəlsin və borcu ödəsinlər. Şahid sədrlik edənin sualına cavab olaraq bildirdi ki, üzləşmə aktı imzalandıqdan sonra şirkət tərəfindən ödəniş olunmamışdır.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bir tərəfdən satıcı İddiaçı MMC-nin qanuni təmsilçisi Tural Rəhimov, digər tərəfdən alıcı Cavabdeh MMC-nin qanuni təmsilçisi Zəka Cəmilov arasında bağlanan xx.xx.2024-cü il tarixli BT-01/24 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinin, 2-ci hissəsinə əsasən müqavilənin əlavələri o cümlədən sifarişlər, qaimə-fakturalar (təhvil-qəbul aktları) üzləşmə aktları və müqavilənin icrası ilə əlaqədar tərəflər arasında rəsmiləşdirilən digər sənədləşmələr müqavilənin ayrılmaz tərkib hissəsidirlər. 2-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri- qida məhsullarını (bundan sonra "mallar") vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı və dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi qəbul edir. Malların faktura məbləği satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ satıcıya məxsus olaraq qalır. 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhil verdikdən dərhal sonra malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə (olduğu təqdirdə) təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericilikdə nəzərdə tutulan digər sənədləri alıcıya təqdim etməlidir malların təhvilqəbul aktı (qaimə-faktura) - malların təhvil-təslimini təsdiq edən akt, faktura və bu qəbildən, fərqli adda olan digər sənəd hesab olunur. Aktla birlikdə satıcı malların təhviltəslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən təhvil verildiyi andan təsadüfi məhv olma və zədələnmə riski alıcıya keçir. 3.8-ci bəndinə əsasən, alıcı mallar çatdırıldıqdan sonra onları yoxlamalıdır. Hər hansı bir nöqsan aşkar edərsə bu barədə dərhal (hər bir halda 24 saatdan gec olmamaqla) satıcıya yazılı məlumat verməlidir. Alıcı tərəfindən bu bənddə nəzərdə tutulan qaydalara riayət edilmədiyi təqdirdə malların qüsuruna dair pretenziya hüququnu itirir və satıcının malı təqdim etməsi halı onun tərəfindən mübahisələndirilmədən qəbul edilərək malların lazımı qaydada çatdırıldığı tərəflər arasında razılaşdırılır. 8.2-ci bəndinə əsasən, qiymətə ƏDV daxil olmaqla bütün vergilər və digər dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun təhvil verilməsi xərcləri daxildir.

9. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 43 nömrəli təhvil-təslim aktı əsasında ümumi dəyəri 98636.40 manat, xx.xx.2024-cü il tarixli 49 nömrəli təhvil-təslim aktı əsasında ümumi dəyəri 523.50 manat, xx.xx.2024-cü il tarixli 48 nömrəli təhvil təslim aktı əsasında ümumi dəyəri 1419.00 manat təşkil edən müxtəlif növdə mallar cavabdeh (alıcı) tərəfindən təhvil alınmışdır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən MT 2507 seriyalı 10830308 nömrəli elektron qaimə üzrə yekun məbləğ 98636.40 manat, MT 2507 seriyalı 12207803 nömrəli elektron qaimə əsasında yekun məbləğ 523.50 manat, MT 2507 seriyalı 21843071 nömrəli elektron qaimə əsasında yekun məbləğ 1419 manat təşkil etmişdir. Elektron qaimələrin hər biri hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC-nin qanuni təmsilçisi Tural Rəhimov və Cavabdeh MMC-nin qanuni təmsilçisi Zəka Cəmilov arasında bağlanan və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilən xx.xx.2025-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu ƏDV daxil 76000 manat təşkil edir.

12. xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindn 348 manat dövlət rüsumu ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

16. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BT-01/24 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malları cavabdehə təhvil vermiş, həmin mallar hət iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları və elektron qaimələr əsasında cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilənin nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında bağlanan və hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilən xx.xx.2025-ci il tarixli üzləşmə aktı əsasında cavabdeh qeyd edilən alqı-satqı müqaviləsi üzrə iddiaçıya ƏDV daxil 76000 manat borcu olduğunu təsdiq etmişdir. Qeyd edilənlər məhkəmə iclasında şahid qismində iştirak edən cavabdehin əvvəlki (akt tərtib olunan zaman) qanuni təmsilçisi Zəka Cəmilovun izahatı ilə də təsdiq olunmuş, şahid məhkəmənin sualına cavab olaraq üzləşmə aktı tərtib edildikdən sonra şirkətin adından hər hansı ödəniş edilmədiyini bildirmişdir. Hazırda iddiaçı 76000 manat əsas borcun və 10000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə əsas borc məbləğini inkar etmədiyini və borcu ödəyəcəyini bildirir.

17. AR MPM-in: 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.

18. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra edilməyərək təhvil aldığı malların bir qismi üzrə ödənişlərin edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, cavabdehdən 76000 manat əsas borc məbləği iddiaçının xeyrinə tutulmalıdır.

19. Bundan başqa iddiaçı 10000 manat zərərin cavabdehdən tutulmasını xahiş edir.

20. Məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir:

21. Belə ki, iddiaçı tələbinin xahiş hissəsində həmin məbləği əldən çıxmış fayda olaraq göstərmiş, tələbin hüquqi əsas olaraq MM-in 443-cü maddəsinə istinad etmişdir.

22. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün aşağıdakı şərtlər tələb olunur: (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, (3) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu.

25. Lakin hazırkı iş üzrə zərərin (əldən çıxmış faydanın) mövcudluğu və onun cavabdehin hüquqazidd əməlləri nəticəsində yaranması faktı öz təsdiqini tapmır.

26. Belə ki, iddiaçı cavabdeh tərəfin müqaviləni lazımı qaydada icra etməməsi nəticəsində ona zərər dəydiyini iddia etdiyindən, AR MPM-in 77-ci maddəsinə əsasən, ona zərər dəyməsi faktını və dəymiş zərərin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da zərər faktını məhkəmədə sübuta yetirə bilməmişdir.

27. İddiaçı tələbində eyni zamanda ödənilmiş 348 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir və ödənişi təsdiq edən sənədi iş materiallarına əlavə etmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Dövlət rüsumuna münasibətdə məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə 318 manat dövlət rüsumu tutulmalıdır. V Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, BT-01/24 saylı alqı-satqı müqaviləsi üzrə 76000 (yetmiş altı min) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 318 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar