Məhkəmə qərarları › İş №e-2-2(4-11)-448/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-448/2026

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-448/2026 16.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 657.22 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş təhvil-qəbulaktlarına və elektron qaimə-faktura sənədlərinə əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə tədarük edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 657.22 (altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2023cü il tarixlialqı-satqımüqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-yə 657.22 AZN əsas borcu mövcuddur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq qalıq borcun ödənilməsi təmin edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bağırlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Malları aşağıdakı formada sifariş verə bilər: Satıcının nümayəndəsi vasitəsilə; (ii) Yazılı formada; (iii) Faks vasitəsilə; (iv) Telefon vasitəsilə; (v) Elektron poçt vasitəsilə; (vi) Online Sifariş formasında. Alıcıya Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşmaya uyğun vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən sifarişlər Tərəflərin müvafiq partiya (hissə) Malların göndərilməsinin əhəmiyyətli şərtlərinin təsdiqi sayılır. Sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.

9. Müqavilənin 3.3-cü bəndinə əsasən alınmış sifariş bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sifariş hər bir mağazanın və/və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya alıcıya məxsus eyniləşdirmə kodu şifrə vasitəsi ilə alıcının təyin etdiyi istənilən şəxs tərəfindən bu müqavilə ilə nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişin çatdırılmasına 72 saat qaldıqda Alıcı tərəfindən sifariş ləğv edilə bilməz.

10. Müqavilənin 8.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi tarixdən etibarən 14 gündən artıq ola bilməz.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDA 398207 nömrəli 100,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 364307 nömrəli 206,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 364311 nömrəli 224,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 321408 nömrəli 156 manat məbləğində elektron qaiməfakturalar təqdim olunmuşdur.

12. xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil qəbul aktına görə ədv daxil ədv daxil 100,01 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil qəbul aktına görə ədv daxil ədv daxil 206,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil qəbul aktına görə ədv daxil 224,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********** nömrəli malların təhvil qəbul aktına görə ədv daxil 156 manat məbləğindəə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli, 19085 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə qalıq borcu 657,22 manat təşkil edir.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 686,88 manat təşkil edən malları cavabdehə təhvil verməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik lazımınca icra edilməmiş, cavabdehin iddiaçıya 657,22 manat məbləğində borcu yaranmışdır. İddiaçı hazırda həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 657,22 manat borc ödənilməmişdir.

21. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 657,22 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 657,22 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 687,22 (altı yüz səksən yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar