Məhkəmə qərarları › İş №e-2-2(4-11)-485/2026

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-485/2026

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-485/2026 26.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MMCdən 1 363,00 AZN qalıq borcun, hər gecikdirilmiş gün üçün hesablanmış 1 928,65 AZN cərimənin, əlavə olaraq artıq hesablanmış, lakin ödənilməmiş - 2 038,03 manat olmaqla, cəmi 5329.68 manatın və vəkilə görə çəkilmiş 500 manat xərc ilə, iddianın verilməsinə görə ödənilmiş 73.30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tələbində əsas və cərimə borcu ilə yanaşı, artıq hesablanmış, lakin ödənilməmiş 2038.03 manatın da cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, nə iddia ərizəsində bununla bağlı əsaslandırma aparmış, nə də ki tələbinin əsası kimi istinad etdiyi hala dair sübut əlavə etmişdir. Ümumiyyətlə tələbin həmin hissəsinin faktiki və ya hüquqi əsası barədə hər hansı hala istinad edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi geri qaytarılsın. 3476939 saylı qəbzə əsasən ödənilmiş 73.3 manat məbləğində dövlət rüsumu yenidən məhkəməyə müraciət edilmədiyi təqdirdə ödənişi edən şəxsə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar