Məhkəmə qərarları › İş №e-2-2(4-11)-504/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-504/2026

10.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-504/2026 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə 13169,81 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 13169,81 manat məbləğində (o cümlədən vergilər üzrə 9648 manat, faizlər üzrə 3521,81 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********824200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək ərizəyə etiraz etdi və göstərdi ki, mühasibin səhvinə görə sadələşdirilmiş vergidən ƏDV uçotuna alınmış, lakin həmin səhv aradan qaldırılaraq dəqiqləşmiş bəyannamə təqdim edilmişdir. Hazırda dövlət büdcəsinə hər hansı borc mövcud deyildir.

III. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

12. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir

13. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir

14. Vergi orqanı tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən və xəbərdarlıqdan görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

15. Maraqlı şəxs xx.xx.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 13169,81 manat təşkil edir.

16. Maraqlı şəxs xx.xx.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 manat (kameral yoxlanılmalı məbləğ 0 manat) təşkil edir. Həmçinin görünür ki, dövlət büdcəsinə xx.xx.2026-cı il tarixdə 2026-cı ilin 1-ci rübü üçün dəqiqləşmiş bəyannamə təqdim edilmiş, nəticədə vergi borcu 20608,04 manat azalmışdır.

17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi borcu üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğinin tam ödənilməsi təmin edilməmişdir. Ərizə məhkəmənin icraatında olarkən maraqlı şəxs tərəfindən ƏDV üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş, həmin bəyannamə ilə maraqlı şəxsin dövlət büdcəsinə olan borcunda 20608,04 manat azalma olmuş, kameral yoxlanılmalı məbləğ 0 manat, ödənilməli ümumi borc 0 manat təşkil etmişdir.

18. Məhkəmə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir.

19. Əvvəla, göstərilməlidir ki, hazırkı iş üzrə vergi borcunun mövcud olduğu təsdiq olunmur, maraqlı şəxs tərəfindən 2026-cı ilin 1-ci rübü üçün dəqiqləşmiş bəyannamə təqdim edildikdən sonra vergi ödəyicisinin dövlət büdcəsinə borcu şəxsi hesab vərəqəsində 0 manat olaraq əks olunmuşdur.

20. Məhkəmə 04 fevral 2026-cı il tarixdə ərizəçiyə müraciət ünvanlayaraq göstərmişdir ki, Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsindən görünür ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə ƏDV üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş, nəticədə vergi ödəyicisinin 0 manat borcu qalmış, 7438,23 manat artıq ödəməsi yaranmışdır. Həmçinin şəxsi hesab vərəqəsinin sonuncu vərəqində yerləşən cədvəldən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun 0 manat, kameral yoxlanılmalı məbləğin 0 manat olduğu görünür. Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsində dövlət büdcəsinə olan borcun 13169,81 manat olması təsdiqlənmədiyindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə borcun olmasını təsdiq edən sübutların, eyni zamanda borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə verib-verməməsi məlumatın və sənədin təqdim edilməsi təklif olunmuşdur.

21. Lakin ərizəçi müvafiq təklifə dair hər hansı mövqe bildirməmiş, dövlət büdcəsinə borcun 0 manat əks olunduğu xx.xx.2026-cı il tarixli şəxsi hesab vərəqəsini təqdim etməklə kifayətlənmişdir.

22. Göründüyü kimi, vergi orqanı xx.xx.2025-ci il tarixli bəyannamə üzrə müvafiq yoxlamanın həyata keçirilib-keçirilməməsi, vergi ödəyicisinin borcunun nə qədər təşkil etməsi ilə bağlı mövqeyini ifadə etməmişdir. Bu mənada hazırda ərizənin təmini üçün qanuni əsas – vergi borcu yoxdur.

23. Digər tərəfdən, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

26. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

27. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

28. Əksinə, maraqlı şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, maraqlı şəxsin mülkiyyətində 2013-cü il buraxılışı “X2 Prado” minik markalı 77GT041 dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışı “Mercedes-Benz C240” minik markalı 90XN705 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışı “Kia Optima” minik markalı 77GT141 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması təsdiq edilir.

29. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

30. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır.

31. Eyni əsaslara görə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).

32. Vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən, dövlət büdcəsinə olan borc məbləği azaldılmaqla (kameral yoxlanılmalı məbləğ 0 manat) ödənilməli ümumi borc 0 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

33. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılmasına dair ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar