Məhkəmə qərarları › İş №e-2-2(4-11)-63/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-63/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-63/2026 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, №SR1 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3240 manat, gecikdirilmiş məbləğ üçün 219 manat faiz məbləği, dövlət rüsumu olaraq ödənilmiş 55 manat olmaqla, cəmi 3514 manat pulun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında imzalanmış №SR1 nömrəli xx.xx.2024-cü il tarixli “Alqı-satqı müqaviləsi”nin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MMC müqavilə qüvvədə olduğu müddət ərzində dekorativ bəzək daşlarının topdan və pərakəndə satmağı, “Alıcı” Cavabdeh2 isə həmin materialları bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra İddiaçı MMC öz öhdəliklərini yerinə yetirməyə başlamış və cavabdehə mal satmışdır. Satılan malın dəyərinə görə cavabdehə xx.xx.2024-cü il tarixdə elektron qaimə göndərilsə də, cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozaraq, elektron qaimə üzrə malın dəyərini İddiaçı MMC-yə ödəməmişdir. Qiymətlərin razılaşdırılması protokoluna əsasən malın dəyəri 3240 manat, ƏDV isə 583.2 manat müəyyən edilmişdir. ƏDVolaraq 583.2 manat cavabdeh tərəfindən ödənilsə də, 3240 manat hazırkı tarixədək ödənilməmiş qalmışdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Alıcı” (Cavabdeh2) inşaat mallarını “Satıcı”dan (İddiaçı MMC-dən) təhvil almamışdan əvvəl “Satıcı”ya inşaat materiallarının dəyərini vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr “Alıcı” tərəfindən bu Müqavilənin tələblərinə uyğun olaraq, “Satıcı”nın təqdim etdiyi “Elektron qaimə-faktura”, “Qiymətlərin razılaşdırılması protokolu” əsasında bank hesabına 14 iş günü müddətində ödəniş edilir, ödəniş həyata keçirildikdən sonra “Satıcı” tərəfindən mallar ən qısa müddət ərzində “Alıcı”ya təhvil verilir. Tərəfindən pretenziya ilə cavabdehə müraciət edilərək borcunu ödəməsi xahiş olunsa da, heç bir cavab alına bilməmişdir. Elektron qaimənin göndərildiyi xx.xx.2024-cü il tarixdən hazırkı günədək keçən 494 gün ərzində 3240 manata münasibətdə gecikdirilmiş məbləğin qarşılığı olaraq illik 5 faiz hesablanmaqla 219 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 386.1, 390.1, 390.5, 425.1, 442, 443.1 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış №SR1 nömrəli xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “satıcı” müqavilə qüvvədə olduğu müddət ərzində dekorativ bəzək daşlarının topdan və pərakəndə satmağı, “alıcı” isə həmin materialları bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən “Alıcı” inşaat mallarını “Satıcı”dan təhvil almamışdan əvvəl “Satıcı”ya inşaat materiallarının dəyərini vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr “Alıcı” tərəfindən bu Müqavilənin tələblərinə uyğun olaraq, “Satıcı”nın təqdim etdiyi “Elektron qaimə-faktura”, “Qiymətlərin razılaşdırılması protokolu” əsasında bank hesabına 14 iş günü müddətində ödəniş edilir, ödəniş həyata keçirildikdən sonra “Satıcı” tərəfindən mallar ən qısa müddət ərzində “Alıcı”ya təhvil verilir. 3.2-ci bəndinə əsasən "Satıcı" tərəfindən “Alıcı”-ya malların təhvil verildiyi zaman "Təhvil-təslim aktı” "Alıcı"-ya təqdim edilir. 4.1-ci bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixindən 1 (bir) il müddətinə bağlanılır. №SR1 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə 01 saylı Əlavə (qiymət razılaşdırma protokolu) ilə 9 ton Qara metalların istehsalı prosesində alınan qranullaşdırmış şiakların ƏDV daxil (583,2) dəyəri 3823,2 manat razılaşdırılmışdır. Tərəflərin imzaları və möhürləri ilə təsiq olunmuş təhvil-təslim aktına əsasən ƏDV daxil cəmi dəyəri 3823,2 manat olan 9 ton Qara metalların istehsalı prosesində alınan qranullaşdırmış şiaklar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəf də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. Təhvil verilmiş mallar üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı, 11503024 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3823,2 manat olan elektron qaimə-faktura və xx.xx.2024-cü il tarixli hesab-faktura göndərilmiş, elektron qaimə-faktura cavabdeh tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı, elektron qaimə, hesab-faktura) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 3240 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 3240 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 219 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Hesab edirəm ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 il 5 aya yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalı, illik 5% ilə hesablanmış 219 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hətta elektron qaimənin göndərildiyi xx.xx.2024-cü il tarixindən 14 iş günü sonra xx.xx.2024-cü il tarixindən bu günə kimi 1 il 5 ay müddət üçün əsas borca illik 5% vəsait daha artıq edir (3240x5%=162/12ay=13,5x17ay=229,5 manat), lakin hakim iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olduğundan tələbdən kənara çıxılmamışdır. Bundan başqa hesab edirəm ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh2 №SR1 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3240 (üç min iki yüz qırx) manat əsas borc, əsas borca illik 5% hesablanmış 219 (iki yüz on doqquz) manat olmaqla, ümumilikdə 3459 (üç min dörd yüz əlli doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar