Məhkəmə qərarları › İş №e-2-2(4-11)-65/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-65/2026

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-65/2026 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1,400.44 manat (bir min dörd yüz manat, qırx dörd qəpik) borcunun və ödənilmiş 34.10 manat (otuz manat, on qəpik) dövlət rüsumunun - cəmi 1,434.54 manat (bir min dörd yüz otuz dörd manat, əlli dörd qəpik) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında şifahi “Məhsulların” alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 1,400.44 manat (bir min dörd yüz manat, qırx dörd qəpik) məbləğində olan borcu hazırki vaxtadək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ın Cavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” bir daha sübut edir. İddiaçı və Cavabdehin qanuni təmsilçisi və direktoru X1 arasında imzalanmış 31 may 2025-ci il tarixli “X2” ilə cavabdeh İddiaçıya həmin mallara görə iddia ərizəsində göstərilən məbləğdə ödənilməmiş borcunun qalmasını etiraf etmişdir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən Cababdehə: 1) 12113706 saylı, xx.xx.2024-cü il tarixli; 2) 12375162 saylı, xx.xx.2024-cü il tarixli; 3) 12375171 saylı, xx.xx.2024-cü il tarixli; 4) 12375183 saylı, xx.xx.2024-cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə Cababdehlə əlaqə saxlanılmış daha sonra xx.xx.2025-ci il tarixində cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, həm də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə (onlayn kargüzarlıq) pretenziya məktubu ilə müraciət edilərək həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. xx.xx.2024-cü il tarixli MT2412 12113706 nömrəli e-qaiməyə əsasən 501,7 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12375162 nömrəli e-qaiməyə əsasən 60,95 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12375171 nömrəli e-qaiməyə əsasən 739,83 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 12375183 nömrəli e-qaiməyə əsasən 121,91 manat məbləğində malların satışına dair İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə e-qaimə göndərilmişdir.

5. 29 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 739,83 manat məbləğində, 29 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 121,92 manat məbləğində, 29 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 60,96 manat məbləğində, 29 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 739 manat məbləğində, 29 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 121,9 manat məbləğində, 27 dekabr 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 501,08 manat məbləğində mallar iddiaçı tərəfindən cavabehə təhvil verilmişdir.

6. 31 may 2025-ci il tarixli Üzləşmə aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə 31 may 2025-ci il tarixinə olan borcu 1400,44 manat təşkil etməsi müəyyən edilmiş. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

7. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

10. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

13. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında malların alqı-satqısına dair münasibətlər mövcud olmuş. İddiaçı tərəfindən mallar cavabdehə təhvil verilsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.

15. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimələr, təhvil-qəbul aktları və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1400,44 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

16. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1400,44 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1400,44 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 34,10 manat dövlət rüsumu ödəniş edilmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 34,10 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV. Nəticə:

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh "xxxx" MMC-dən 1400,44 manat əsas borc məbləği, dövlət rüsumu xərcinin əvəzi olaraq 34,10 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar