Məhkəmə qərarları › İş №e-2-2(4-11)-658/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-658/2026

19.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-658/2026 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8406,89 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,74 manat, İşsizlikdən sığorta fonduna olan ,1 manat, İcbari Tibbi Sığorta Fonduna olan ,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix və yer - xx xxxx 1977- ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 8406,89 manat məbləğində (o cümlədən, vergilər üzrə 5950,79 manat, faizlər üzrə 2456,1 manat) ,"xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,47 manat, İşsizlikdən sığorta fonduna ,1 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,74 manat olmaqla, ümumilikdə 8409,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli ******************.10.2025-ci il tarixli **********010800, xx.xx.2025-ci il tarixli **********219400, xx.xx.2025-ci il tarixli **********081500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir, ərizəçi ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə MPM-in 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, ödəniş aparılıb, borc azalıb, onun 7000 manatdan çox artıq ödəməsi vardır. DSMF-yə isə 4000 manatdan artıq borcu qalmışdır. Borcu ödəməyi üçün ona zaman lazımdır. Son iki ödəniş az məbləğ olub, ancaq dekabr ayında cəmi 5000-6000 manat arası ödəniş olub.. Hazırda DSMF-yə 4200 manat borcu qalmışdır, vergi üzrə isə heç bir borcu yoxdur.

7. Maraqlı şəxs həmçinin xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə və hesabdan çıxarış təqdim edərək ərizənin rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

9. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:

10. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü saxlama və anbarlara yığma fəaliyyəti olan "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

11. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olan "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri X1r.

12. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixinə cəmi ödənilməli borc 16667.77 manat təşkil edir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, icbari tibbi sığorta haqqları üzrə 229.32 manat və faizlər üzrə 9.02 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən “Car Plus" MMC-yə ünvanlanan vergi borcun ödənilməsinə dair xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, vergilər üzrə 13185.01 manat, faizlər üzrə 3107.75 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə haqqları üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, işsizlikdən sığorta haqqı üzrə 57.30 manat, faizlər üzrə 2.27 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1433.16 manat, faizlər üzrə 44.90 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

17. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə təqdim edilən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixinə cəmi ödənilməli borc 0.00 manat təşkil edir.

18. İnternet vergi idarəsindən çıxarışdan görünür ki, xx.xx.2026-cı il tarixə “Car Plus" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) vergi borcunun müəyyən edilməsi mümkün olmamışdır.

19. Maraqlı şəxs tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Car Plus MMC tərəfindən dövlət büdcəsinin hesabına xx.xx.2026-cı il tarixdə 31.50 manat,xx.xx.2026-cı il tarixdə 57.54 manat, xx.xx.2026-cı il tarixdə 274 manat, xx.xx.2026-cı il tarixdə 306.39 manat, xx.xx.2026-cı il tarixdə 122.56 manat, xx.xx.2026-cı il tarixdə 29.51 manat, xx.xx.2026-cı il tarixdə 1738.26 manat, xx.xx.2026-cı il tarixdə 51.06 manat, xx.xx.2026-cı il tarixdə 10.31 manat, xx.xx.2026-cı il tarixdə 70.62 manat ödəniş həyata keçirilmişdir.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının əsas şərti vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta fonduna və icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır.

21. Belə ki, hazırkı işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırılmalıdır. Sadəcə borcun mövcud olması məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxslər “Car Plus" MMC və "xxxx" MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə vergi borcu, o cümlədən Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta Fondu və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə olan borcların ödənilməsi tələb edilmişdir. Bundan sonra vergi orqanı dövlət büdcəsinə olan ümumilikdə 8406.89 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

23. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində maraqlı şəxs tərəfindən ödənişlər həyata keçirilmiş, bunu təsdiq edən hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Göstərilən hal isə öz növbəsində maraqlı şəxsin borcunu ödəməkdən yayınmaq niyyətinin olmamasına dəlalət edir. Digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixə cəmi ödənilməli borc 0.00, artıq ödəmə 7211.46 manat təşkil edir. X2 İdarəsindən əldə edilən məlumatlar əsasında hər iki hüquqi şəxsin borcu olması halı məhkəmə tərəfindən müəyyən edilməmişdir.

24. Məhkəmə əlavə olaraq qeyd edir ki, borcun mövcud olub-olmamasının araşdırılması məqsədi ilə vergi orqanı ilə əlaqə saxlanmış, ərizəçi vergi borcunun azadılma nəticəsində silinməsi, həmin azaldılmanın vergi orqanı tərəfindən təsdiqlənməməsi və ödənişlərə 60 iş günü ərzində münasibət bildiriləcəyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilik yalnız mövcud vergi öhdəliyinin ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından isə maraqlı şəxsin borcunun olması faktı təsdiq edilməmişdir.

25. Qeyd edilənlərə əsasən gələcəkdə keçiriləcək kameral yoxlamanın nəticəsində vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanmamasının aşkarlanması və bəyannamənin təsdiqlənməməsi ehtimallarına əsaslanaraq maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə qanuna uyğun olmamaqla fundamental insan azadlıqlarından biri olan hərəkət azadlığının qanuni əsas olmadan məhdudlaşdırılmasına səbəb olur.

26. Azərbaycan Respublikasının Konstitusiyanın: 15-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan dövləti iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 71-ci maddəsinin İİ hissəsinə əsasən, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

27. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən, mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

28. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

31. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

33. Məhkəmə maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmayaraq müvafiq fondlara olan borcları əsasən ödəməsini nəzərə alaraq hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir. Odur ki, ərizə əsassız olduğundan rədd edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar