Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-698/2026 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs (VÖEN – **********) İşsizlikdən Sığorta Fonduna 49,75 manat, İcbari Tibbi Sığorta Fonduna 252,56 manat, Dövlət Sosial Müdafiə Fonduna 1346,1 manat, dövlət büdcəsinə 4407,88 manat borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(119)-2681/2025 nömrəli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs Şuşa şəhəri, F.Əmirov küçəsi, ev 8 ünvanında rəsmi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 08 yanvar 2026-cı il tarixli 5-77/2-2/2026 nömrəli məktubun məzmunu ilə müəyyən edilir ki, hazırkı iş üzrə Maraqlı şəxs hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xalçaçılıq müəssisəsində məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Göründüyü kimi, maraqlı şəxsin rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, sözügedən məktubun məzmunu və maraqlı şəxsin izahatı əsasında müəyyən edilən yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işi üzrə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərindən birində deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahidlərindən olan Sabunçu rayonunda yerləşən ünvanda yaşadığından kommersiya işi baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə göndərilməsini maraqlı şəxsin Bakı şəhərində məcburi köçkün kimi müvəqqəti məskunlaşması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Maraqlı şəxs ünvan 6 ünvanında qeydiyyatdadır. Yəni qeyd olunan ünvan qanunvericiliyin tələbinə əsasən Maraqlı şəxs yaşayış yeridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına şəxsiyyət vəsiqəsini, vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) sənədləri təqdim etməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanının 2.2-ci hissəsinə əsasən Əsasnamənin 12-ci maddəsinin birinci abzasında və 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.1 və 8.1.4-cü hissəsinə əsasən şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsidir. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatını həyata keçirməyə səlahiyyətli orqan və qeydiyyatın həyata keçirilməsi qaydası qanunvericiliklə dəqiq tənzimlənmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. ... Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, vətəndaşın olduğu yer müvəqqəti xarakter daşımaqla dəyişkəndir və yalnız “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə istinadən Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq oluna bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, qaçqınlar (məcburi köçkünlər üçün yox) üçün qanunverici xüsusi tənzimləmə aparmışdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Oxşar yanaşma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda da əks olunmuşdur. Belə ki, həmin qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində yaşayış yeri qaçqın vəsiqəsi ilə müəyyən edilir. Hazırkı iş üzrə maraqlı şəxs isə qaçqın deyil, məcburi köçkün statusuna malikdir. Odur ki məhkəmə hesab edir ki, hazırkı halda maraqlı şəxsin Bakı şəhərində yaşadığı və ya olduğu yerə malik olması müvafiq sübutlar – şəxsiyyət vəsiqəsi və ya Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq olunmadığından hazırkı ərizəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Eyni zamanda hətta maraqlı şəxsin məcburi köçkün kimi “olduğu yer”in Bakı şəhərində olduğu qənaətinə gəlinsə belə, nəzərə alınmalıdır ki, qanunverici hazırkı kateqoriyadan olan ərizələrin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməsi imkanını nəzərdə tutmuş, başqa sözlə, ərizəçiyə müvafiq seçim imkanı vermişdir. Belə olan halda, maraqlı şəxsin “yaşadığı yer”in Şuşa şəhəri, “olduğu yer”in isə Bakı şəhəri olması ərizəçiyə Sumqayıt Kommersiya Məhkəməsinə və ya Bakı Kommersiya Məhkəməsinə müraciət hüququ verir. Ərizəçi isə ərizəni bu hüququndan istifadə edərək Sumqayıt Kommersiya Məhkəməsinə vermişdir. Bu mənada maraqlı şəxsin “yaşadığı yer”in Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasında olması, “olduğu yer”in harada olmasından asılı olmayaraq, ərizəyə həmin məhkəmədə baxılmasına rəvac verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33, 35, 45, 263-264, 267-268, 355-5.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-698/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-698/2026
29.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver