Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-289/2026 05.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə (açar sözlər: mülki prosessual hüquq qabiliyyəti, mülki prosessual fəaliyyət qabiliyyəti) Hakim Məmmədli Əbülfəz Namiq oğlu Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi. I. Ərizəçinin tələbi
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 15610,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1988-ci il, Doğulduğu yer - Azərbaycan, Bərdə; Balagöyüşlü k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
III. Məhkəmənin mövqeyi
4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəçi tərəfindən xahiş olunan tələbə məhkəmə qaydasında baxılması qeyri-mümkün olduğuna görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.
5. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ölmüş və ərizəçi ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.
IV. Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
7. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli