Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(4-12)-297/2026 17.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Səfərli Xədicə Əlicabbar qızı İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 367 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli , 211.2.59.034 saylı “X1 üzrə Xidmət və alqı-satqı müqavilə”sinə əsasən Tərtər rayonu, Güləbətli kəndi ərazisində yerləşən 2.40 hektar torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdü. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 625 manat dəyərində şəkər çuğunduru toxumu satılmış, 60 manat dəyərində toxum səpini xidməti, 90 manat dəyərində şum xidməti, 96.05 manat dəyərində ziq-zaq mala xidməti, 38.40 manat dəyərində dərmanlama xidməti, 120 manat dəyərində kultivator xidməti, 81.60 manat dəyərində yarpaq biçini xidməti və 464.80 manat dəyərində isə kombaynla yığım xidməti göstərilmişdir. Əlavə olaraq 1320.21 manat avans pul ödənilmişdir. Nəticədə cavabdehin zavod qarşısında ümumilikdə 2896.06 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən zavoda 2529.06 manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri ümumi borcdan çıxıldıqdan sonra cavabdehin zavoda 367 manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Buna görə də borcun məhkəmə qaydasında tələb edilməsi mümkün hesab edilmişdir.
3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.22.59.034 saylı “2021-2022 təsərrüfat ili üçün X1 üzrə xidmət və alqı-satqı Müqavilə”dən görünür ki, fermer öz qanuni istifadəsində olan Tərtər rayonu, Güləbətli kənd ərazisində yerləşən 2.40 ha torpaq alıcı tərəfindən göstəriləcək aqrotexniki xidmətləri görə və toxum almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərti ilə şəkər çuğunduru bitkisini yetişdirib, əldə olunan məhsulu alıcıya satmağı, alıcı isə təhvil verilmiş şəkər çuğundurunun müqabilində bu müqaviləsə müəyyən olunmuş şərtlərlə hesablanmış məbləği, toxum dəyəi, aqrotexniki işlərə görə ödənilmiş məbləğ və aqreqatların hesablanmış icarə haqları çıxıldıqdan sonra müvafiq hesab-fakturanın sistemə daxil edildiyindən sonrakı 15 iş günü ərzində fermerin bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. VÖEN-i olmayan fermerlər tərəfindən təhvil verilən X1nun dəyərini isə toxumun dəyəri, aqrotexniki işlərə görə ödənilmiş məbləğ və aqreqatların hesablanmış icarə haqları çıxıldıqdan sonra 15 iş günü ərzində malların təhvil-təslim aktı sənədi əsasında bank köçürməsi qaydasında fermerə ödəyir.
6. Şifarişçi Cavabdeh ilə icraçı Azərbaycan Şəkər İstehsalat Birliyinin əməkdaşı tərəfindən tərtib edilmiş “Görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktı”ndan görünür ki, xx.xx.2021-ci tarixli, 211.22.59.034 saylı müqaviləyə uyğun olaraq icraçı tərəfindən xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci il tarixdə 156,05 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 98,40 manat, xx.xx.2022-ci il tarixlərdə 81,60 manat, 464,80 manat dəyərində işlər yerinə yetirilməsi tərəflərin imzası ilə təsdiq edilmişdir.
7. 28.12.2022-ci il tarixli elektron qəbzə əsasən 953,21 manat, xx.xx.2023-cü il tarixli elektron qəbzə əsasən 367 manat olmaqla, cəmi 1320,21 manat avans İddiaçı tərəfindən Cavabdeh köçürülmüşdür.
8. 14.01.2026-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1575,85 manat məbləğində mal satılmış, xidmət göstərilmiş, 1320,21 manat avans verilmişdir. Cavabdeh tərəfindən 2529,06 manat dəyərində məhsul təhvil verilmiş, nəticədə cavabdehin 367 manat ödənilməmiş borcu qalmışdır.
9. xx.xx.2022-ci il tarixli XHE 195368 nömrəli malların təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 625 manat məbləğində mal Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən Cavabdeh təhvil verilmişdir.
10. 21.01.2026-cı il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.22.59.034 saylı “2021-2022 təsərrüfat ili üçün X1 üzrə xidmət və alqı-satqı Müqavilə”dən görünür ki, fermer öz qanuni istifadəsində olan Tərtər rayonu, Güləbətli kənd ərazisində yerləşən 2.40 ha torpaq alıcı tərəfindən göstəriləcək aqrotexniki xidmətləri görə və toxum almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun dəyərini ödəmək şərti ilə şəkər çuğunduru bitkisini yetişdirib, əldə olunan məhsulu alıcıya satmağı, alıcı isə təhvil verilmiş şəkər çuğundurunun müqabilində bu müqaviləsə müəyyən olunmuş şərtlərlə hesablanmış məbləği, toxum dəyəi, aqrotexniki işlərə görə ödənilmiş məbləğ və aqreqatların hesablanmış icarə haqları çıxıldıqdan sonra müvafiq hesab-fakturanın sistemə daxil edildiyindən sonrakı 15 iş günü ərzində fermerin bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 367 manat borcu yaranmışdır.
16. Hazırda iddiaçı xx.xx.2021-ci tarixli, 211.22.59.034 saylı “2021-2022 təsərrüfat ili üçün X1 üzrə xidmət və alqı-satqı Müqavilə”si üzrə 367 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 2896,06 manat dəyərində cavabdehə işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən 2529,06 manat təhvil verilmiş şəkər çuğundurunun dəyəri çıxılmış və 367 manat borc yaranmışdır.
23. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
24. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
25. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
c) Məhkəmə xərcləri ilə bağlı
29. İddiaçı eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 29,60 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.17.59.499 saylı “2023-2024 təsərrüfat ili üçün X1 üzrə Qarışıq Müqavilə”yə əsasən 367 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 211.22.59.034 saylı “2021-2022 təsərrüfat ili üçün X1 üzrə xidmət və alqı-satqı Müqavilə”nə əsasən 367 (üç yüz altmış yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Xədicə Səfərli