Məhkəmə qərarları › İş №e-2-2(4-12)-655/2026

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-12)-655/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-655/2026 19.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quliyeva (İsmayılova) Ülkər Abbas qızına qarşı “lizinq müqaviləsinin ləğvi və pul” tələbinə dair (açar sözlər: lizinq müqaviləsinin ləğvi və pul tələbi, aidiyyət) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı cavabdeh Quliyeva (İsmayılova) Ülkər Abbas qızına qarşı “lizinq müqaviləsinin ləğvi və pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi

1. İddiaçı cavabdeh Quliyeva (İsmayılova) Ülkər Abbas qızına qarşı “lizinq müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış A685 X3 Müqaviləsinin ləğv edilməsi; (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə) ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması; 11 780 (on bir min yeddi yüz səksən) ABŞ dolları ekvivaletində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

3. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarı

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

III. Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi lizinq müqaviləsinin ləğvi və pulun tutulmasından ibarətdir.

6. İş materiallarından görünür ki, “İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli A685 saylı X2 Əlavə Razılaşma – X1 Müqavilə bağlanmışdır. A685 saylı müqavilənin lizinq predmeti Mercedes Benz C200 – minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil olan, lizinq məbləği 13 700 (on üç min yeddiz yüz) ABŞ dolları, lizinq müddəti 23 ay və lizinq mükafatı illlik 24% olmaq şərtilə lizinqə verilmişdir.

7. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarına əsasən mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

8. İş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh VÖEN-ə malikdir. Lakin həm iddiaçının, həm də cavabdehin vergi ödəyicisi olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, praktikaya və işgüzar adətlərə əsasən lizinqə nəqliyyat vasitəsi verilən zaman lizinq alan mütləq qaydada VÖEN-ə malik olmalı, adına VÖEN olmadığı halda isə VÖEN açılmalıdır. Ancaq VÖEN açıldıqdan sonra şəxsə nəqliyyat vasitəsi verilə bilər.

9. Göründüyü kimi hazırki mübahisənin əsasını təşkil edən borc məbləği məhz İddiaçı ilə Quliyeva (İsmayılova) Ülkər Abbas qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli A685 saylı X2 Əlavə Razılaşma – X1 Müqavilədən irəli gəlmiş və həmin müqavilədə də lizinq obyektinin lizinq alana sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilməsi qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, lizinq obyektinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilməsi barədə hər hansı sübut iş materiallarına əlavə olunmadığından işə ümumi məhkəmədə baxılmalıdır.

IV. Məhkəmənin gəldiyi nəticə

10. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quliyeva (İsmayılova) Ülkər Abbas qızına qarşı “lizinq müqaviləsinin ləğvi və pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir.

11. Bundan başqa, məhkəmə xx.xx.2026-cı il tarixli qəbzə əsasən müəyyən edir ki, 151 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən Gəncə Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 151 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçınə qaytarılmalıdır.

12. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh Quliyeva (İsmayılova) Ülkər Abbas qızına qarşı “lizinq müqaviləsinin ləğvi və pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Ödənilmiş 151 (bir yüz əlli bir) manat məbləğində dövlət rüsumu İddiaçınə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar