Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-199/2026 06.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1945,52 (min doqquz yüz qırx beş manat, əlli iki qəpik) manat məbləğində əsas borc, 447,46 (dörd yüz qırx yeddi manat, qırx altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2392,98 (iki min üç yüz doxsan iki manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə əlavə edilmiş 02 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, 37 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2026-cı il tarixli **********22 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edən məhz İddiaçı MMC-dir. “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsində nəzərdə tutulan xidmət və hüquqi hərəkətlər bilavasitə İddiaçı MMC-nin barəsində icra ediləcəyindən iddianın qiymətinə görə hesablanan rüsumun məbləği də məhz onun tərəfindən ödənilməlidir. Belə olduğu halda, 02 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə ödənilmiş 37 manat məbləğində dövlət rüsumunu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman ödənilməli olan rüsumun tərkib hissəsi kimi qiymətləndirmək olmaz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İstinad edilən qanunvericilik normasının tələbinə əsasən, iddiaçı məhkəməyə müraciət edən zaman 7 manat məbləğində deyil, 43,92 manat məbləğində dövlət rüsumu ödəməli idi. Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması ” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-199/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-199/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver