Məhkəmə qərarları › İş №e-2-2(4-13)-214/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-214/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-214/2026 06.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 11939,97 (on bir min doqquz yüz otuz doqquz manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 2089,5 (iki min səksən doqquz manat, əlli qəpik) manat məbləğində faiz borcu, 3401,53 (üç min dörd yüz bir manat, əlli üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 17431 (on yeddi min dörd yüz otuz bir) manat məbləğində borcun, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsi Fərhad Əliyev tərəfindən imzalansa da, iş materiallarına iddiaçı tərəfindən hazırkı ərizəni imzalayan şəxsə verilmiş etibarnamə, həmin nümayəndənin əsas iş yerinin həmin hüquqi şəxs olmasına dair sənəd (iş yerinə dair arayış) və ya vəkil orderi əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən 08 aprel 2025-ci il tarixli çıxarışda iddiaçının qanuni təmsilçisinin Fərhad Əliyev olduğu qeyd edilsə də, “Elektron məhkəmə” informasiya sistemindən, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi portalından əldə edilən məlumatlarla müəyyən edilir ki, iddiaçının hazırkı qanuni təmsilçisi Əhəd Əliyevdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Bundan əlavə, diqqətə çatdırılır ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə qeyd olunan sistem vasitəsilə cavabdehə göndərilməsi nəzərdə tutulmuş pretenziya məktubunu əlavə etmişdir. Lakin həmin məktubun məzmununda məktubun kabinetə yerləşdirildiyi tarixlə bağlı hər hansı məlumat əks etdirilməmiş və ya bununla bağlı iş materiallarına hansısa sənəd əlavə edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini özünün müəyyən etdiyi müddətdə ərzində gözlənilib-gözlənilməməsi halını yoxlamaq imkanından məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar