Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(4-13)-289/2026 19.03.2026 SUMQAYIT KOMMERSIYA MƏHKƏMƏSI Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 751,85 (yeddi yüz əlli bir manat səksən beş qəpik) manat məbləğində əsas borc, 112,77 (yüz on iki manat yetmiş yeddi qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 894,62 (səkkiz yüz doxsan dörd manat altmış iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixdə “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında S***/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyəti bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmişdir. Əvəzində isə cavabdeh alıcı qismində hissə-hissə aldığı mallara görə ümumilikdə 1529,37 manat iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən bu günədək cəmi 777,52 manat ödəniş edilmiş, ödənilməli olan qalan 751,85 manat ödənilməmişdir. Alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəyir. Cavabdehdən pretenziya qaydasında qalan məbləğin tələb edilməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən maddi zərərə məruz qalmışdır. Belə ki, iddiaçıya həm müqavilə üzrə 751,85 manat əsas, 112,77 manat dəbbə pulu, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə “iddia ərizəsinə düzəliş” barədə ərizə təqdim edərək ## ###### 2022-ci il tarixli S***/** nömrəli müqavilə üzrə cavabdeh Cavabdeh 401,85 (dörd yüz bir manat səksən beş qəpik) manat məbləğində əsas borc, 60,28 (altmış manat iyirmi səkkiz qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 492,13 (dörd yüz doxsan iki manat on üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə cavabdehin ## ###### 2026-cı il tarixdə ödəniş etməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini, iddia ərizəsinə düzəliş barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təchizatçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli S***/** nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait göndərməklə qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq satılan/satımamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malların olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarından görünür ki, “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 156,84 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2023-cü il tarixli EBDK seriyalı ****** nömrəli, 459,04 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2023-cü il tarixli EBDH seriyalı ****** nömrəli, 157,37 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2023-cü il tarixli EBDD seriyalı ****** nömrəli, 377,52 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2023-cü il tarixli EBDB seriyalı ****** nömrəli, 378,60 manat dəyərində malların satılması ilə əlaqədar ##.##.2023-cü il tarixli EBCN seriyalı ****** nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan ## ###### 2023-cü il tarixli ** nömrəli müştəri sifarişinə əsasən 378,60 manat, ## ###### 2023-cü il tarixli **** nömrəli müştəri sifarişinə əsasən 377,52 manat, ## ##### 2023-cü il tarixli **** nömrəli müştəri sifarişinə əsasən 157,37 manat, ## #### 2023-cü il tarixli ****-****** nömrəli qaimə-fakturaya əsasən 459,04 manat, ## #### 2023-cü il tarixli ****-****** nömrəli qaimə-fakturaya əsasən 156,84 manat məbləğində “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh mal verilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ## #### 2023-cü il tarixdə 319,93 manat, ## ###### 2023-cü il tarixdə 169,49 manat, ## ###### 2024-cü il tarixdə 169,49 manat və ## ###### 2026-cı il tarixdə 296,61 manat ödənilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ## ###### 2024-cü il tarixdə 30,51 manat məbləğində ƏDV, ## ###### 2023-cü il tarixdə 30,51 manat məbləğində ƏDV, ## #### 2023-cü il tarixdə 57,59 manat ƏDV, ## ###### 2026-cı il tarixdə 53,39 manat məbləğində ƏDV ödənilmişdir. İş materiallarında olan ## #### 2026-cı tarixli maliyyə arayışında göstərilir ki, “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən alıcı Cavabdeh 1529,37 manat məbləğində mal verilmiş, cavabdeh tərəfindən 1127,52 manat ödəniş edilmiş, 401,85 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli S***/** nömrəli təchizat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1529,37 manat dəyərində spirtli məhsullar satılmış, lakin cavabdeh Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərindən cəmi 1127,52 manat ödəniş etmiş, 401,85 manat məbləğində borcu qalmışdır. Buna görə “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, ## ###### 2022 -ci il tarixli S***/** nömrəli müqavilə üzrə ödənilməmiş 401,85 (dörd yüz bir manat səksən beş qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 60,28 (altmış manat iyirmi səkkiz qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 20 (iyirmi) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 401,85 (dörd yüz bir manat səksən beş qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 451,85 (dörd yüz əlli bir manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 401,85 (dörd yüz bir manat səksən beş qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 451,85 (dörd yüz əlli bir manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Az İnternational İmport Company” Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(4-13)-289/2026
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-13)-289/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver