Məhkəmə qərarları › İş №e-2-2(4-13)-62/2026

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-13)-62/2026

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(4-13)-62/2026 19.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 755,99 (yeddi yüz əlli beş manat, doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehlərə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizə sadələşdirilmiş icraat qaydasında verildiyindən, yəni işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan iddia tələbini təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 mart 2025-ci il tarixli təhvil-təslim aktının “Təhvil aldım” qrafasının qarşısındakı imzanın kimə məxsus olması aydınlaşdırılmalı, 03 aprel 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalamış “Rüstəmov” soyadlı şəxsin cavabdeh təşkilatın işçisi və ya nümayəndəsi olmasını təsdiq edən müvafiq sənədlər iş materiallarına əlavə edilməli, həmin sənədlərin hüquqi şəxsin möhürü ilə təsdiq edilməməsinin səbəbi qeyd edilməlidir. Bunlardan əlavə, hazırkı ərizədə cavabdehdən 755,99 manat məbləğində pulun tutulması xahiş edilmiş, iş materiallarına əlavə edilmiş 24 iyul 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildiriş üzrə iddiaçıya ödənilmiş 115,32 manat məbləğində ödənişin nəzərə alınıb-alınmaması, alınmadığı halda səbəbi iddia ərizəsində göstərilməlidir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur . Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar