Məhkəmə qərarları › İş №e-2-2(4-14)-285/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-285/2026

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-285/2026 30.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Oktay Qocayevdən 10775.41 ABŞ dolları məbləğində əsas borcun, 144,96 manat dövlət rüsumunun və məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdr ki, "xxxx" MMC ilə fərdi sahibkar Oktay Qocayev arasında xx.xx.2024-cü il tarixində bağlanmış № TSGDLGOG nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2025 (İnvoys: 25507 USD) və xx.xx.2025 (İnvoys: 15251.74 USD) tarixli Gömrük Bəyannamələri ilə ümumi dəyəri 40758.74 USD olan mebel məhsulları Cavabdehə təslim edilmişdir. Cavabdeh malları tam şəkildə təhvil alsa da, qalıq borc olan 10775.41 USD məbləğini müqavilə şərtlərinə zidd olaraq ödəməkdən yayınır. Məhkəmədənkənar həll və dövlət qurumlarına müraciətlər: İddiaçı tərəfindən məsələnin məhkəmədənkənar həlli və vəsaitlərin ölkəyə qaytarılması üçün aşağıdakı rəsmi müraciətlər edilmişdir: 1. Gürcüstan Milli İcra Bürosuna (NBE): Borcun məcburi tutulması üçün sadələşdirilmiş icraat müraciəti; 2. AR İqtisadiyyat Nazirliyi və Ticarət Nümayəndəliyinə:Diplomatik və ticarət dəstəyi üçün müraciət; 3. AZPROMO Agentliyinə: İxracatçının hüquqlarının qorunması məqsədilə rəsmi bildiriş; 4. Dövlət Gömrük Komitəsinə: Valyuta vəsaitlərinin ölkəyə qaytarılması müddəti (180 gün) ilə bağlı rəsmi məlumatlandırma. AR Mülki Məcəlləsinin 425 və 616-cı maddələrinə əsasən, müqavilə tərəflər üçün məcburidir və alıcı malın dəyərini ödəməyə borcludur. AR Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən, borclu öhdəliyi pozduqda kreditor zərərin və əsas borcun qaytarılmasını tələb edə bilər. · AR Mülki Prosessual Məcəlləsinin 443.0.5-ci maddəsinə əsasən, müqavilənin icra yeri Azərbaycan Respublikası olduğu üçün işə baxılması Azərbaycan məhkəmələrinin yurisdiksiyasına aiddir. 1993-cü il Minsk Konvensiyası (Mülki işlər üzrə hüquqi yardım haqqında) əsasında Azərbaycan məhkəməsinin qərarı Gürcüstan ərazisində tanınmalı və icra edilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə, iş materiallarına əsasən, ilk öncə qeyd edir ki, hazırki mübahisə xarici elementli olub, “xarici element” hüquq münasibətinin subyektində ifadə olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının hüquqi şəxsdir. Lakin, Cavabdeh Gürcüstan Respublikasının vətəndaşı olan fərdi sahibkar statusuna malik fiziki şəxsdir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 69-cu maddəsinin İ bəndi və əlaqəli qanunvericilik aktları, xarici fiziki və hüquqi şəxslərin statusunu qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, milli rejim (öz vətəndaşları ilə bərabər hüquq və vəzifələr) əsasında müəyyən edir. Eyni rejim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 439-cu maddəsində də nəzərdə tutulmuşdur. Bu baxımdan nəzərə alınmalıdır ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iş materiallarından iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin Cavabdeh çatdırılması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş və cavabdehin Gürcüstan Respublikasında fərdi sahibkar statusuna malik olduğunu təsdiq edən sənədin müəyyən olunmuş qaydada təsdiq edilmədiyi görünür. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 4.1.bəndinə əsasən Xarici elementli mübahisələrə baxılarkən müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. Məhkəmə, həmçinin aşağıdakıları izah etməyi zəruri hesab edir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin qərarın 2.5-ci bəndinə əsasən, həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Həmin qərarın 2.10-cu bəndinə əsasən, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Məhkəmə, həmçinin qeyd edir ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 2.2-ci bəndindən göründüyü kimi, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda beynəlxalq səlahiyyətə malikdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış TSGDLGOG nömrəli, xx.xx.2024-cü il tarixli alısatqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilənin icrasından irəli gələn bütün mübahisələr tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə həll edilir. Razılıq əldə olunmazsa, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Müqavilənin 8.1-ci bəndinin ikinci cümləsində mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll ediləcəyi nəzərdə tutulmuşdur. Lakin qeyd olunan müddəada mübahisəyə baxacaq konkret məhkəmənin – Azərbaycan Respublikasının məhkəmələrinin seçilməsi açıq və birmənalı şəkildə göstərilməmişdir. Bu baxımdan, həmin müddəa yalnız tətbiq ediləcək maddi hüququ (lex causae) müəyyən edir və məhkəmə seçimi (forum selection) barədə razılaşma kimi qiymətləndirilə bilməz. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən tərəflər arasında Azərbaycan Respublikasının məhkəmələrinin seçilməsinə dair aydın və birmənalı yazılı yurisdiksiya razılaşması mövcudluğu müəyyən edilmir. Məhkəmə izah edir ki, tərəflər arasında belə bir razılaşma varsa, məhkəmənin beynəlxalq həmin razılaşma da iddia ərizəsinə əlavə edilməlidir. 1993-cü il “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının 21-ci maddəsinə əsasən, müqavilədən irəli gələn mübahisələrə cavabdehin yerləşdiyi yerin və ya müqavilənin icra edildiyi yerin məhkəmələri baxır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır və qeydiyyat ünvanı Gürcüstan Respublikasında yerləşir. Onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması idda ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Eyni zamanda, məhkəmə izah edir ki, 1993-cü il “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının 21-ci maddəsində nəzərdə tutulan “müqavilənin icra edildiyi yerin məhkəmələri baxır” müddəası imkan verir ki, mübahisəyə tərəflər arasında bağlanmış müqavilənin icra edildiyi yerin məhkəməsi baxsın. Lakin, iddia ərizəsinə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış TSGDLGOG nömrəli, xx.xx.2024-cü il tarixli alı-satqı müqaviləsinin 1.1. bəndinə əsasən, “Satıcı” qanunvericiliyin tələblərinə uyğun olaraq sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri (bundan sonra “mallar”) bu müqavilənin şərtləri ilə “Alıcı”ya təqdim etməyi, “Alıcı” isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4-cü bəndinə əsasən Mallar “Alıcı”ya onun tələbinə uyğun hazırlanmış və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qaiməfaktura əsasında təhvil verilir. Mallar orijinal qablaşdırmada təqdim olunur və qəbul qaimə-fakturada göstərilən məlumatlar əsasında həyata keçirilir. Malların qəbulu zamanı keyfiyyət və qablaşdırmanın bütövlüyü yoxlanılır. “Alıcı”nın nümayəndəsi fakturanı imzaladığı andan mallar qəbul edilmiş hesab olunur. Qüsurlu mallar “Satıcı” tərəfindən əvəz edilir. Malların mülkiyyəti, müqavilə şərtlərinə əməl olunmaqla, təhvil verildiyi və dəyəri ödənildiyi andan “Alıcı”ya keçir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqavilələrində müqavilənin icra yeri əsas öhdəliyin icra yeridir. Tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olduğundan, müqavilə predmeti malların verildiyi yer müqavilənin icra olunduğu yer sayılır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən ilkin olaraq müəyyən olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan mallar Azərbaycan Respublikasından Gürcüstan Respublikasına daşınmış, malların faktiki təhvil-təslimi və qəbulu Gürcüstan Respublikasının ərazisində həyata keçirilmişdir. Belə ki, Müqavilənin 4.4-cü bəndinə əsasən, mallar Alıcının nümayəndəsi tərəfindən qaimə-fakturaya imza atıldığı andan qəbul edilmiş hesab olunur. İş materiallarından cavabdehin Gürcüstan Respublikasında daimi yaşayış yerinin olduğu aydın görünür. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin və ya onun nümayəndəsinin Azərbaycan Respublikasına gəlməsi, onların Azərbaycan Respublikasında yaşayış və ya qeydiyyat yerinin olması görünmür. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan “Sərhədkeçmə” və “Miqrasiya məlumatları”ndan da Cavabdeh Azərbaycan Respublikasına gəlməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya izah edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Cavabdeh və yaxud onun nümayəndəsi tərəfindən malların Azərbaycan Respublikasında qəbul etməsinə dair sübutların iddia ərizəsinə əlavə edilməsi müqavilənin icra yerinin, eləcə də, məhkəmənin beynəlxalq səlahiyyətli olmasını müəyyən edilməsi baxımdan məqsədə müvafiqdir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkmə qəraraaldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 144,96 (bir yüz qırx dörd manat, doxsan altı qəpik) dövlət rüsumu (qəbzin nömrəsi:**********) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar