Məhkəmə qərarları › İş №e-2-2(4-14)-445/2026

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-14)-445/2026

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(4-14)-445/2026 06.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, elektron iddia ərizəsində qeyd edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan və mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə dövlət büdcəsinə (Ağcabədi Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) 400,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, Ağcabədi Rayon Məhkəməsinin e-2(5-106)-237/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, ödənilmiş 400,33 manat məbləğində dövlət rüsumunun (ödənilmə tarixi: xx.xx.2026-cı, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Yəni, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmişdir, həmçinin məhkəmə qərardadı ilə ona qaytarılmış dövlət rüsumu əsasında yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddia ərizəsi nümayəndə və Vəkil tərəfindən imzalanmışdır. Halbuki, onun iddia ərizəsini imzalamaq səlahiyyətinin olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilən etibarnamənin surətindən görünür ki, fiziki şəxs olan (fərdi sahibkar) İddiaçı tərəfindən (vəkil) Vəkil xx.xx.2027-ci il tarixədək qüvvədə olan xx.xx.2026-cı il tarixli etibarnamə verilmişdir. Lakin, həmin etibarnamə notariat qaydasında təsdiq edilməmişdir. Yəni, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Sözügedən Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Yenə həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd edilən Məcəllənin 362.3-cü maddəsinə əsasən, aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur: 362.3.1. hospitallarda, sanatoriyalarda və digər hərbi- müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, böyük və ya növbətçi həkim tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.2. hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri. Göstərilən Məcəllənin 362.4-cü maddəsinə əsasən, əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə münasibətdə isə həmin müəssisələrin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər. Yenə həmin Məcəllənin 362.5-ci maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nümayəndəsinə verilmiş etibarnamə notariat qaydasında təsdiq edilmədiyindən, nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilən EO-2369VK-50340/25 saylı, xx.xx.2025-ci il tarixli orderin surətindən görünür ki, həmin orderdə tapşırığın yerinə yetirildiyi təşkilat kimi Ağcabədi Rayon Məhkəməsi göstərilmişdir. Lakin, Şirvan Kommersiya Məhkəməsi üçün ayrıca order təqdim edilməmişdir. Göründüyü kimi, elektron iddia ərizəsi nümayəndə və Vəkil tərəfindən imzalanmışdır, lakin Vəkil qismində Şirvan Kommersiya Məhkəməsində təmsilçilik səlahiyyətini təsdiq edən vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Bu xüsusatla bağlı məhkəmə əlavə olaraq xatırladır ki, mülki prosessual qanunvericilik mülki iş üzrə tərəflərə məhkəmə prosesində öz hüquqlarının müdafiəsini şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirmək imkanını vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Bu zaman nəzərə alınmalıdır ki, MPM-nin 69.1-1-ci maddəsinin tələbinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yaxın qohum olan nümayəndənin (MPM-nin 19-cu maddəsinin qeyd hissəsində yaxın qohumların siyahısı göstərilmişdir) səlahiyyəti MPM-nin 73.1 və 73.2-ci maddələrinə əsasən qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Vəkilin mülki prosesdə iştirakının əsasları isə yaxın qohum olan nümayəndədən fərqli qaydada tənzimlənmişdir. Belə ki, MPM-nin 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Mülki prosesdə vəkilin hüquq və vəzifələri MPM-nin 68-ci maddəsində müəyyən edilmişdir. Adı çəkilən prosessual hüquq normasının tələblərinə görə, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur (68.1), məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir (68.2), işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir (68.3). Vəkilin nümayəndə kimi səlahiyyətləri isə hüquqlarını müdafiə etdiyi şəxsin ona verdiyi etibarnamə ilə müəyyən olunur və bu halda da nümayəndə qismində səlahiyyətləri MPM-nin 73.1, 73.2, 73.5 və 74-cü maddələrinə əsasən qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə göstərilir. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, vəkilin mülki prosesdə yalnız vəkil qismində iştirak etməsi ilə yanaşı, həm də vəkil və nümayəndə qismində hüquqi yardım göstərməsi nəzərdə tutulsa da, yalnız nümayəndə qismində yaxın qohumu olmayan şəxsi məhkəmədə təmsil etməsi nəzərdə tutulmamışdır. Buna görə də, vəkilin mülki prosesdə nümayəndə qismində səlahiyyətli sayılması üçün hüquqlarını müdafiə etdiyi şəxsin ona bu barədə etibarnamə verməsi kifayət etmir. Vəkil etibarnamə ilə yanaşı, mütləq şəkildə təmsil etdiyi şəxslə hüquqi yardım haqqında müqavilə bağlamalı və həmin müqavilənin bağlanmasının təsdiqi kimi order tərtib edilməlidir. Buna görə də, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Bu zərurilik həm MPM-nin yuxarıda sadalanan normalarının tələblərindən, həm də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun göstərişlərindən irəli gəlir. Vəkil orderinin vəkilin iştirak etdiyi hər bir məhkəmə instansiyası üçün tərtib edilməsinin zəruriliyi isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə təsbit olunmuşdur. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi vəkil orderinin yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsini təsdiq edən sənəd olması normativ qaydada tənzimlənmişdir. Sadalanan xüsusatlarla müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2025-ci il tarixdə verilmiş EO-2369VK- 503440/25 nömrəli vəkil orderi iddianın tərtibinə dair tapşırığın yerinə yetirilməsi üçün və Ağcabədi Rayon Məhkəməsində işin aparılması məqsədi ilə verilmişdir və həmin order Şirvan Kommersiya Məhkəməsinə verilmiş iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Buna görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar