Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-11/2026 03.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.538,65 manat əsas borcun, 1000 manat cərimənin, cəmi 15.538,65 manat pulun və ödənilmiş 136,61 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra “satıcı” adlandırılacaq) arasında xx.xx.2021-ci il tarixli, 319 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement və xidmət növünü “alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “alıcının” fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “satıcı” və “alıcı” ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2025-ci il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 14.538,65 manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 % qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1-ci və 6.1.3-cü şərtlərinə görə satılmış malı vaxtlı-vaxtında “alıcı” tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək, bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri alıcı tərəfindən ödənilmədiyi təqdirdə “satıcı” yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 319 nömrəli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı, hazırki 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət nğvünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 2.1-ci bəndinə əsasən malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. 6.1.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tələb etmək satıcının hüququdur. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 319 nömrəli “alqı-satqı müqaviləsi”-nə imzalanan xx.xx.2021-ci il tarixli 1 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli, xx.xx.2021-ci il tarixli 3 nömrəli, xx.xx.2022-ci il tarixli 4 nömrəli, xx.xx.2022-ci il tarixli 5 nömrəli, xx.xx.2023-cü il tarixli 7 nömrəli əlavələrdə qeyd olunan müqavilə üzrə cavabdehə satılan malların adları və qiymətləri öz əksini tapmışdır. Həmin əlavələr iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli üzləşmə aktlarında tərəflər arasında bağlanmış müqavilə üzrə qalıq borc məbləğləri öz əksini tapmışdır. xx.xx.2025-ci il tarixli aktda cavabdehin iddiaçıya qalıq 14838 manat borcunun qalması qeyd olunmuşdur. Həmin aktlar iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
9. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 11483493 nömrəli xx.xx.2025-ci il tarixli, 068849 nömrəli xx.xx.2021-ci il tarixli, 332260 nömrəli xx.xx.2022-ci il tarixli, 689515 nömrəli xx.xx.2022-ci il tarixli, 890749 nömrəli xx.xx.2022-ci il tarixli, 032176 nömrəli xx.xx.2022-ci il tarixli, 776593 nömrəli xx.xx.2022-ci il tarixli, 427190 nömrəli xx.xx.2023-ci il tarixli, 511817 nömrəli xx.xx.2023-cü il tarixli, 006482 nömrəli xx.xx.2023-ci il tarixli, 348617 nömrəli xx.xx.2024-cü il tarixli, 10752540 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə iddiaçı tərəfindən cavabdehə verilən malların adı, çeşidi və qiyməti öz əksini tapmışdır. V. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.
VI. Məhkəmənin mövqeyi:
12. Məhkəmə qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları (sement, beton və.s) cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan qaimələr və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və borcun 14538,65 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal isə iş materiallarında olan üzləşmə aktı, digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə hesab edir ki, iddia cərimə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
16. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2021-ci il tarixli 319 nömrəli “alqı-satqı müqaviləsi”-nə əsasən 726,93 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 135,8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
18. Beləliklə, qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarilxi müqavilə üzrə 14538,65 manat əsas borc, 726,93 manat cərimə borcu olmaqla cəmi 15265,58 manat pul vəsaiti və 135,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarilxi müqavilə üzrə 14538,65 manat əsas borc, 726,93 manat cərimə borcu olmaqla cəmi 15265,58 manat pul vəsaiti və 135,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova