Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-137/2026 13.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 52653,54 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 0,01 manat, İşsizlikdən sığorta fonduna 0,39 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 107214,84 manat məbləğində, İşsizlikdən sığorta fonduna 12,17 manat, Dövlət Sosial Müdafiə Fonduna 1023,38 manat, İcbari Tibbi Sığorta Fonduna 142,84 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna ,17 manat, dövlət büdcəsinə 38,5 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 0,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 4,41 manat olmaqla, ümumilikdə 161091 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx.xx.1994-cü il, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 52653,54 manat məbləğində (o cümlədən, vergilər üzrə 44863,26 manat, faizlər üzrə 7550,28 manat, maliyyə sanksiyası üzrə 240 manat), İcbari Tibbi Sığorta Fonduna ,01 manat, İşsizlikdən sığorta fonduna ,39 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 107214,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 81811,53 manat, faizlər üzrə 25123,31 manat, maliyyə sanksiyası üzrə 280 manat) , İşsizlikdən sığorta fonduna 12,17 manat, Dövlət Sosial Müdafiə Fonduna 1023,38 manat, İcbari Tibbi Sığorta Fonduna 142,84 manat,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna ,17 manat, dövlət büdcəsinə 38,5 manat məbləğində (o cümlədən, faizlər üzrə 38,5 manat) , İcbari Tibbi Sığorta Fonduna ,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 4,41 manat olmaqla, ümumilikdə 161091 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Yevlax şəhəri, Aeroport qəsəbəsi ünvanında yaşayır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1994-cü il tarixdə Yevlax rayonunda doğulmuş Maraqlı şəxs Yevlax şəhəri, Aeroport qəsəbəsi ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2026-ci il tarixli, xx.xx.2026-ci il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2026-ci il tarixli, xx.xx.2026-ci il tarixli, xx.xx.2026-cı il tarixli, xx.xx.2026-cı il tarixli, xx.xx.2025-cı il tarixli sərəncamlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün onun "xxxx" ASC-də olan bank hesablarına sərəncamlar verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir. Hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxslərin xx.xx.2026-ci il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcu vardır. Elekton Məhkəmə İnformasiyaları sistemindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri deyildir. Həmin hüquqi şəxslərin rəhbəri X3 adlı şəxsdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrnə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı Elekton Məhkəmə İnformasiyaları sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri isə X2r. Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olsa da həmin hüquqi şəxsin İşsizlikdən sığorta fonduna 0,17 manat, dövlət büdcəsinə 38,5 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 0,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 4,41 manat olmaqla cəmi 43,83 manat borcu vardır. Göründüyü kimi qeyd olunan borc məbləğləri az olduğundan həmin borca görə də maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasiblik prinsipi ilə uzlaşmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 5.1-ci maddəsinə əsasən müvafiq vergi öhdəliklərinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi şəxsin icra orqanının rəhbəri barəsində tətbiq edilir. Əldə edilən məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmadığından onun həmin hüquqi şəxslərin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, maraqlı şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Beləliklə məhkəmə hesab edir ki, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(4-15)-137/2026
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-15)-137/2026
13.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver