Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(4-15)-39/2026 19.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin binasında məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 559178,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 372,95 manat, İcbari Tibbi Sığorta Fonduna olan 84,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 12 yanvar 2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 372,95 manat, dövlət büdcəsinə 559178,05 manat məbləğində o cümlədən, vergilər üzrə 505243,68 manat, faizlər üzrə 53934,82 manat, İcbari Tibbi Sığorta Fonduna 84,06 manat olmaqla, ümumilikdə 559635,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə 13 yanvar 2025-ci il tarixli ,16 iyul 2025-ci il tarixli və təkrar 13 yanvar 2025-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, ərizə ilə bağlı tərəfindən məhkəməyə vəsatət təqdim edilmişdir. Hesab edir ki, ərizəçinin ərizəsində bir sıra ciddi prosessual və maddi hüquq pozuntuları mövcuddur. Verilən məlumatlar həqiqəti əks etmir. AR MPM-in 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin yaşadığı yer üzrə verilir. Qeyd etmək istəyir ki, AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən 08 sentyabr 2015-ci il tarixdən, hazırki vaxtadək Maraqlı şəxs AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin tikinti qrupunda rəngsaz vəzifəsində çalışır. İşlədiyi müddət ərzində özünü məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan əməkdaş kimi göstərmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində 10 ünvanında yerləşir və fəaliyyət göstərir. Maraqlı şəxs həmin idarədə əmək müqaviləsi əsasında işə gedib gəldiyindən valideynləri ilə birgə Bakı şəhərində yaşayır və Bakı şəhərində çalışır. Bununla bağlı 11 yanvar 2026-cı il tarixli Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışa əsasən Maraqlı şəxs həqiqətən 201-cu il tarixindən Bakı şəhəri, Binəqədi qəsəbəsi mədən 1, korpus 8 ünvanında atası və anası ilə birlikdə yaşayır. VÖEN Maraqlı şəxs tərəfindən ilk dəfə 2021-ci il tarixində açılmasına baxmayaraq 2024cü ilin iyun ayından etibarən həmin eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərən X2 olmuşdur. Camalov Rizvan həmçinin Bakı şəhərində fəaliyyət göstərirdi. Bunun üçün X4 Rızvana 06 iyun 2024-cü il tarixində Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Asan xidmət mərkəzində notariat ofisində etibarnamə vermişdir. Ərizəçi ərizəsini reyestr məlumatlarında qeyd olunan ünvana əsaslanaraq vermişdir. Lakin bu yanaşma yanlışdır. Ərizəçi bilir ki, maraqlı şəxs Bakı şəhərində daimi yaşayır, işləyir və fəaliyyət göstərir. Bu fakt Vergi orqanına məlumdur. Belə olduqda, müraciətin ərazi aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə verilməsi aidiyyət qaydalarını pozur. AR MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxsin yaşadığı yer üzrə verilir. Bu maddədə qeydiyyat ünvanı deyil, məhz şəxsin faktiki yaşadığı yer ifadəsi işlədildiyindən hesab edilir ki, şəxsin olduğu, fəaliyyət göstərdiyi yer nəzərdə tutulur. Ona görə ərizəçi ərizəsini maraqlı şəxsin faktiki yaşadığı yerə, yəni Bakı şəhəri üzrə səlahiyyətli məhkəməyə verilməli idi. Həmçinin qeyd etmək istəyir ki, Maraqlı şəxs rəngsaz kimi öz işi ilə məşğul olduğundan və VÖEN etibarnamə əsasında Camalov Rızvan tərəfindən fəaliyyət kodu dəyişdirildiyi 06 iyun 2024-cü il tarixindən etibarən idarə olunduğundan Maraqlı şəxs həmin borclardan, həmin bildirişlərdən onun heç bir xəbəri olmamışdır. Eyniləşdirmə nömrəsinin bağlı olduğu keçmiş asan imza nömrəsi onun istifadəsində olmamışdır. VÖEN fəaliyyəti dayandırıldığından 2025-ci ilin may ayından etibarən keçmiş asan imza nömrəsi istifadə edilmədiyindən tam deaktiv edilmişdir. Məhkəmə tərəfindən məlumatlar Maraqlı şəxs təqdim edildikdən sonra qeyd edilən tarixdə yeni asan nömrə alınmışdır. Sahibkarlıq fəaliyyəti 2025-ci ilin may ayından dayandırıldığından və asan imza istifadə edilmədiyindən deaktiv edildiyindən Maraqlı şəxs Vergi orqanı tərəfindən onun elektron vergi internet şəbəkəsindən eyniləşdirmə nömrəsinə məktubların, bildirişlərin, xəbərdarlıqların gəlməsindən heç bir məlumatı olmamışdır. Ona görə Maraqlı şəxs onun adından fəaliyyət göstərən Camalov Rızvanın işindən, necə fəaliyyət göstərməsindən məlumatsız olmuşdur. VÖEN-nin bağlı olduğu fəaliyyət kodu ilə o, heç bir vaxt fəaliyyət göstərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Maraqlı şəxs nümayəndəsi və vəkilinin vəsatəti təmin edilməli, ərizə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunu: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışda göstərilmişdir ki, Maraqlı şəxs 2010-cu il tarixindən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 8 ünvanında atası və anası ilə birlikdə yaşayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, maraqlı şəxs tərəfindən təqdim edilmiş arayışdan və digər sənədlərə əsasən iş üzrə Maraqlı şəxs hazırda Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə orada məşğuldur. Bu səbəbdən məhkəmə qeyd edir ki, ərizə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(4-15)-39/2026
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-15)-39/2026
19.02.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver