Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(4-15)-8/2026 25.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “cavabdehdən iddiaçının xeyrinə 5280.5 manat ƏDV daxil əsas borc, 693.48 manat dəbbə pulu və 50 manat dövlət rüsumu olmaqla 6023.98 manat pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “cavabdehdən iddiaçının xeyrinə 5280.5 manat ƏDV daxil əsas borc, 693.48 manat dəbbə pulu və 50 manat dövlət rüsumu olmaqla 6023.98 manat pulun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 25 yanvar 2024cü il tarixli 013/2024 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətdə, tərkibdə, həcmdə tibbi avadanlıqlar, tibbi və laborator ləvazimatları satmalı, həmin avadanlıqlar quraşdırılaraq istifadəyə tam hazır vəziyyətdə cavabdehə təhvil verməli, cavabdeh isə həmin müqavilənin şərtlərinə uyğun malı iddiaçıdan almalı, bunun müqabilində iddiaçıya həmin müqavilə ilə nəzərdə tutulmuş qaydada qiyməti (haqqı) ödəməli idi. İddiaçı malları cavabdehə təhvil vermiş və cavabdeh tərəfindən həmin mallar qəbul edilmişdir. Malların qəbulu cavabdehin səlahiyyətli nümayəndələrinin imzaladığı xx.xx.2024-cü il tarixli 71444 nömrəli məxaric qaiməsi ilə təsdiq edilir. Müqavilənin 2.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi imzalandıqdan sonra satıcı malı 5 gün müddətə öz öhdəliyini yerinə yetirərək alıcıya təhvil vermişdir. Lakin buna baxmayaraq, cavabdeh (alıcı) xx.xx.2024-ci il tarixli 1899/24 saylı hesab-faktura (ödənilməmiş malların qiyməti – ƏDV daxil 5280.50 manat) və onlara müvafiq olaraq təqdim edilmiş elektron qaimələr üzrə ödənişləri həyata keçirməyərək müqavilənin 5.4-cü maddəsindən irəli gələn öhdəliklərini bugünkü tarixə kimi hələ də icra etməmişdir. Ödənişin gecikdirilmə müddətini nəzərə alaraq 1 ildən çox müddət olduğuna baxmayaraq 693.48 manat dəbbə pulunun miqdarını, ödənilməsi gecikdirilmiş borcun 15% faizi qədər məbləğində ödənilməsini cavabdehdən tələb etmişlər. Mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsalar da, cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 425.1-ci, 442-ci, 445.2-ci, 448-ci, 567-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-15)-8/2026 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh elektron qaimələr və məxaric qaiməsinə görə malları təhvil aldığını qəbul etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və borcdan yayınmışdırlar. Son üzləşmə aktında cavabdehin borcu 7000 manat göstərilsə də, qarşı tərəf ödəniş etdiyi üçün bu məbləğ azalmışdır. Hal-hazırda əsas borc 5280.5 manat təşkil edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İşdə olan İddiaçı QSC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli 013/2024 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron-qaimədə göstərilən qiymətdə, tərkibdə, həcmdə tibbi avadanlıqlar, tibbi və laborator ləvazimatlar (bundan sonra “Mal” adlandırılacaq) satmağı, həmin avadanlıqların quraşdırılaraq istifadəyə tam hazır vəziyyətdə alıcıya təhvil verilməsini, alıcı isə bu müqavilənin şərtlərinə uyğun malı satıcıdan almağı və bunun müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qaydada qiyməti (haqqı) ödəməyi öz öhdələrinə götürmüşlər. 2.4-cü bəndinə əsasən, satıcı malı alıcıya müqavilədə göstərilmiş tarixdən gec təhvil verərsə, hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0.1% həcmində dəbbə pulu ödəməlidir.
16. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş üzləşmə aktından göründüyü kimi cavabdehin iddiaçıya 7182.66 manat borcunun mövcud olduğu müəyyən edilmiş və həmin aktın doğruluğu hər iki hüquqi şəxsin möhürü və nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir.
17. 24.02.2026-cı il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə borcundan 2242 manat ödənildiyi və 3038.5 manat borcunun qaldığı qeyd edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
21. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.
22. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir.
23. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
24. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçı tərəfin izahatından göründüyü kimi, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış üzləşmə aktında cavabdeh iddiaçıya 7182.66 manat məbləğində borcunun olduğunu qəbul etmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında və maliyyə arayışında cavabdehin həmin borcun müəyyən hissəsini ödədiyini, eyni zamanda məhkəməyə müraciət etdikdən sonra da müəyyən qədər ödəniş etdiyini və nəticədə onun 3038.5 manat borcunun qaldığını bildirmişdir.
25. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 3038.5 manat borcunun qaldığı öz təsdiqini tapır.
26. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə cavabdehdən 693.48 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən tələb edilən əsas borcun 5%-i həcmində, yəni 264.03 manat məbləğində dəbbə pulunun tutulması ədalətli və ağlabatandır.
27. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
29. Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə hazırkı iş üzrə heç bir münasibət bildirməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
30. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 3038.5 manat əsas borc və 264.03 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
31. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (79.74 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən 44.08 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 3038.5 manat əsas borc, 264.03 manat dəbbə pulu olmaqla, cəmi 3302.53 manat pul və 44.08 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov