Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-159/2026 19.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi barədə Babək rayon Məhkəməsindən göndərilmiş işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC 24 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 03 oktyabr 2024-cü il tarixli AZL-4465 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 avqust 2025-ci il tarixə ödənilməmiş 734.14 manat gecikdirilmiş əsas, 913.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 594.26 manat dəbbə pulunun, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6702.20 manat olmaqla ümumilikdə 8944.08 manat borcun və ödənilmiş 109.44 manat dövlət rüsumunun “AZƏRMAŞ LİZİNQ" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, xx.xx.2026-cı il tarixli, e-2(079)-732/2025 saylı qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmişdir. Babək rayon Məhkəməsi xx.xx.2026-cı il tarixli, e-2(079)-732/2025 saylı qərardadı ilə müəyyən etmişdir ki, İddiaçı MMC barəsində olan vergi məlumatları üzrə “EMİS”- dən çıxarışdan məlum olur ki, (VÖEN - **********) xx.xx.2021-ci il tarixdən aktiv kommersiya hüquqi şəxsidir, o cümlədən Cavabdeh barəsində olan vergi məlumatları üzrə “EMİS”- dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - **********) xx.xx.2025-ci il tarixdən əsas fəaliyyət növü “ŞƏXSİ MAŞİNLARİN SÜRÜCÜ İLƏ İCARƏSİ” olmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, belə ki, lizinq predmetinin vergi ödəyicisi olaraq şəxsi maşınların icarəsi ilə məşğul olan cavabdehin fəaliyyət istiqaməti ilə üst-üstə düşməklə onun həmin lizinq müqaviləsini bağlamaqla öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətinin nəticəsi olan tələb olduğu göründüyündən, beləliklə də iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 oktyabr 2024-cü il tarixli, AZL-4465 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış, həmin müqaviləyə 2 saylı əlavə olan 03 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Nəticə etibarilə İddiaçı MMC hazırki iddia tələbi ilə 03 oktyabr 2024-cü il tarixli, AZL-4465 saylı "Daxili lizinq" müqaviləsi əsasında lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə yaranmış borcun, habelə həmin avtomobilin təmir-bərpası üçün tələb edilən borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olmasının nəzərə alınmalı olduğu qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Həmin Məcəllənin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan göründüyü kimi Cavabdeh adına VÖEN 24 yanvar 2025-ci il tarixində açılmış, yəni İddiaçı MMC ilə 03 oktyabr 2024cü il tarixli, AZL-4465 saylı “Daxili lizinq” müqaviləsi bağlanan zaman Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmamış, nəticə etibarilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınmamışdır. Bu isə onun həmin tarixdə sahibkarlıq fəaliyyəti subyekti statusuna malik olmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Qeyd olunanların birgə məzmunundan belə aydın olur ki, fiziki şəxs fərdi sahibkar statusunu məhz müvafiq vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatından keçdiyi və ona VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verildiyi tarixdən etibarən qazanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Plenum Qərarının 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, qanunvericiliklə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılmasına iki halla yol verilsə də, hazırkı mübahisə bu hallara uyğun gəlmir. Bu səbəbdən məhkəmə hazırkı mübahisənin işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı qənaətində olduğundan məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş materiallarının Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apellyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. Beləliklə, Məhkəmə işin məhkəmə aidiyyətinin kommersiya məhkəməsinə aid olmadığını və işə ümumi məhkəmədə baxılmalı olduğunu düşünərək belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Mülki işin sonrakı həllinə mane olmayan qərardadlardan şikayət verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından və Məhkəmə bu qərardadın da çıxarılmasında olan məqsədin işin aidiyyətinin müəyyən edilməsi olduğundan və işin sonrakı həllinə maneə yaratmadığından çıxarılmış qərardaddan şikayət verilməməsi qənaətindədir. Göstərilənləri, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 32.7-ci, 263-cü və 264-cü maddələrini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 1-ci bəndini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(4-24)-159/2026
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-159/2026
19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver