Məhkəmə qərarları › İş №e-2-2(4-24)-160/2026

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-160/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-160/2026 19.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X4 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və gecişdirilmiş gün üçün cərimənin ödənilməsi tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 18 mart 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü il 1 aprel tarixli 99 nömrəli müqaviləyə əsasən qalıq 15500 manat vəsaitin, 77 manat cərimənin və ödənilmiş 136,50 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi iddia ərizəsinin formasını və məzmununu müəyyən edir. Belə ki, həmin Məcəllənin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı Məhkəmə qeyd edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində iddianın predmeti və qiyməti, eləcə də tələb və bu tələbin əsası kimi istinad edilən faktlar və hallar göstərilməmişdir. Belə ki, məhkəməyə iddia ərizəsi təqdim olunarkən həmin ərizənin mətnində tələbin predmeti və qiyməti mütləq göstərilməlidir. Məhz bu halda məhkəmə işə iddia ərizəsində göstərilən tələb çərçivəsində baxaraq, tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipi əsasında ədalətli nəticəyə gələ bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində işin faktiki halları təsvir edilməməklə yanaşı, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 cavabdehə qarşı irəli sürülən tələb və bu tələbin əsası kimi istinad etdiyi maddi və prosessual hüquq normaları da göstərilməmişdir. Qeyd olunan hal məhkəmədə tələbin hədlərini müəyyən etməkdə çaşqınlıq yaradır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Naçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi sübutların siyahısı iddia ərizəsinin mətninə əlavə olunmayıb. Məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, kommersiya mübahisələrində iddia ərizəsinin elektron qaydada təqdim olunması Mülki Prosessual Qanunvericiliyin imperativ tələbidir. Məhz bu səbəbdən də, iş materialların başqa bir iddia ərizəsi əlavə olunsa da, məhkəmə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş iddia ərizəsinə hüquqi qiymət verir. İddia ərizəsinin prosessual normaların tələbinə uyğun şəkildə tərtib edilməməsi məhkəmənin həmin iddia ərizəsinə baxaraq hüquqi qiymət verilməsi imkanını aradan qaldırır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması üçün başqa əsaslar da mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə iş materiallarının nəzərdən keçirərkən müəyyən edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən 22 yanvar 2026-cı il tarixli pretenziya məktubu iş materiallarına əlavə edilsə də, həmin pretenziya məktubunun cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsini təsdiq edən sənəddən görünür ki, pretenziya xx.xx.2026-cı il tarixdə göndərilmişdir. Pretenziyanın sonunda Heydərov Hüseyn adlı şəxsin imza etməklə qəbul etdim yazması isə cavabdeh tərəfin qəbulu kimi məlum olmur. Məhkəmə qeyd edir ki, müəyyən kateqoriyalı mübahisələr üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mübahisələrin pretenziya qaydasında həlli mütləqdir. Pretenziya qaydasına əməl edilməməsi cavabdehin hüquqlarının pozulmasına və mübahisənin məhkəmədənkənar həll imkanlarının aradan qalxmasına səbəb olur. Pretenziyanın mətnindən məlum olur ki, cavabdehə 10 gün vaxt verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan hala münasibətdə məhkəmə iddia ərizəsinin geri qaytarılması qənaətindədir. MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə qeyd edir ki, 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından məlum olur ki, iddiaçı Naçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətini cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin surətinin qarşı tərəfə göndərilməsi kommersiya mübahisələrinin təbiəti baxımdan olduqca vacibdir. Belə ki, ədalət mühakiməsi tərəflərin prosessual baxımdan hüquq bərabərliyi və çəkişmə prinsipi təmin olunmaqla keçirilməlidir. Beləliklə, qarşı tərəf məhkəmədə baxılacaq mübahisəyə lazımi qaydada hazırlanmaq və öz sübutlarını məhkəməyə təqdim etmək imkanı qazanır. İş materiallarından məlum olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilməsi ilə bağlı prosessual vəzifə yerinə yetirilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kabinet vasitəsilə elektron formada məhkəməyə təqdim edilmə ilə yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsilə müəyyən olunmuş “İddia ərizəsinin forması və məzmunu” və 150-ci maddəsi ilə müəyyən olunmuş “İddia ərizəsinə əlavə edilən sənədlər”-ə dair müddəalara riayət edilərək, həmin Məcəllənin 151-ci, 152-ci və 153-cü maddələrinin tələbləri nəzərdə saxlanılmaqla verildikdə, iddia ərizəsinin məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X4 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və gecişdirilmiş günlər üçün cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalıdır, iddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 147,50 (yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1.2 və 4.1ci maddələr). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X4 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və gecişdirilmiş günlər üçün cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Orqanik Naxçıvan” X5 tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 147,50 (yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar