Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(4-24)-94/2026 10.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 06 fevral 2026-cı il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 "xxxx" MMC-nin xeyrinə 2534,31 manat əsas, 1000 manat cərimə və dövlət rüsumunun əvəzi 55,35 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən eyni predmetlə bağlı, eyni subyektə qarşı daha əvvəl də məhkəməyə müraciət edilmişdir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X3 qarşı pul tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-80/2026 nömrəli və xx.xx.2026-cı il tarixli, e- 2-2(4-24)-88/2026 nömrəli qərardadları ilə geri qaytarılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(4-24)-80/2026 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılma əsası kimi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən sənədin iş materiallarına əlavə edilməməsi və pretenziya qaydasına əməl edilməməsi göstərilmiş, xx.xx.2026-cı il tarixli, e-2- 2(4-24)-88/2026 nömrəli qərardadla isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin prosessual status baxımından məhkəməyə məlum olmayan şəxsə göndərilməsi və pretenziya qaydasına əməl edilməməsi qeyd olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi ilə qeyd olunan çatışmazlıqdan biri olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməməsi qüsuru aradan qaldırılmışdır. Lakin iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərəkən müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə pretenziya məktubu tərtib edilərək cavabdeh X3 göndərilmişdir. Cavabdeh X3 ünvanlanmış xx.xx.2026-cı il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, öhdəliyin könüllü olaraq icrasının təmin etmək məqsədilə cavabdehə 10 (on) günlük müddət müəyyən edilmişdir. Lakin iddiaçı tərəf pretenziya məktunu göndərdikdən 3 (üç) gün sonra-xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə qarşı tərəfin öhdəliyi könüllü icra etmək imkanını aradan qaldırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hal mübahisənin məhkəməyə qədər həll edilməsi üçün nəzərədə tutulan pretenziya qaydasının təbiətinə uyğun deyil. Pretenziya qaydasına əməl olunması yalnız müvafiq sənədin göndərilməsi ilə deyil, həm də qarşı tərəfə öhdəliyin icra edilməsi üçün ağlabatan müddətin verilməsi ilə xarakterizə edilməlidir. Pretenziya müddətinə əməl edilməməsi cavabdehin hüquqlarının pozulmasına və mübahisənin məhkəmədənkənar həll imkanlarının aradan qalxmasına səbəb olur. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına iki fərqli tarixli pretenziya məktubu əlavə edilmişdir. Bu məktublardan tarixinə görə daha əvvəl olan xx.xx.2024-cü il tarixli məktub, digəri isə xx.xx.2026-cı il tarixli məktubdur. İddiaçı iddia ərizəsində qeyd olunan pretenziya məktublarından xx.xx.2024-cü il tarixli məktuba diqqət yetirilməsini təkid etsə də, məhkəmə onun bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən iki fərqli tarixi əhatə edən pretenziya məktubunun iş materiallarına əlavə edilməsi iddiaçının hər iki məktuba diqqət yetirilməsi ilə bağlı iradə ifadəsinin təzahürüdür. Qeyd olunan məktubların məzmunu eyni olsa da, məhkəmə iddiaçının son iradə ifadəsini üstün hesab edir və beləliklə, xx.xx.2026-cı il tarixli pretenziya məktununun mətninə münasibətdə mübahisələrin məhkəməyəqədər həll edilməsi məsələsinə öz münasibətini bildirir. Məhkəmə hesab edir ki, tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əsasını təşkil edir və məhz bu faktor mülki dövriyyədə sabitliyi təmin edən əsas vasitədir. Məhkəmə “əks maraqların ədalətli balanslaşdırılması” mövqeyindən çıxış edərək, qeyd olunan halın Mülki Prosessual Qanunvericilin tələbləri baxımından pretenziya qaydasına əməl etmə kimi qiymətləndirmir. Məhkəmə hesab edir ki, pretenziya məktubunun göndərilməsi formal xarakter daşıyır və bu əsasla iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kabinet vasitəsilə elektron formada məhkəməyə təqdim edilmə ilə yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsilə müəyyən olunmuş “İddia ərizəsinin forması və məzmunu” və 150-ci maddəsi ilə müəyyən olunmuş “İddia ərizəsinə əlavə edilən sənədlər”-ə dair müddəalara riayət edilərək, həmin Məcəllənin 151-ci, 152-ci və 153-cü maddələrinin tələbləri nəzərdə saxlanılmaqla verildikdə, iddia ərizəsinin məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalıdır, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 55,35 (əlli beş manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1.2 və 4.1-ci maddələr). Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinin mətnində yazdığı “məhkəmənin xx.xx.2024-cü il tarixli pretenziyanı görmək istəməməsi” ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə göndərilmiş pretenziya məktubunun iş materiallarına əlavə edilməsi bu vəziyyətdə iddiaçının haqlı olmasına dəlalət etmir. Çünki iddiaçı yeni pretenziyanı göndərməklə və cavabdehə müvafiq öhdəliyi könüllü icra etmək üçün 10 günlük müddət müəyyən etməklə əvvəlki pretenziyadan imtina etdiyini və yeni bir barışıq/həll şansı tanıdığını hüquqi olaraq bəyan etmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfin “pretenziya göndərmək vəzifəsinin Mülki Prosessual Məcəllədən irəli vəzifədir onun da çatdırılmasını sübut etmişik, məhkəmə cavabdehə görə narahatdırsa, bildiririk ki, birinci hazırlıq iclasına qədər cavabdeh borcu ödəsə, MPM-nin tələbinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermək hüququmuz var” fikirinə əsasən qeyd edir ki, iddiaçı qanunvericiliyi bildiyi halda nədənsə əməl etməklə müraciət etməməkdədir və bu fikirlədə qanunun tələbinə uyğun müraciət etməyə formal yanaşmağını bildirməkdədir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 55,35 (əlli beş manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(4-24)-94/2026
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-24)-94/2026
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver