Məhkəmə qərarları › İş №e-2(3-10)-296/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-296/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-296/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi, prosessual pozuntu) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsayev Elman Bəhruz oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-in cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehdən 3710.04 manat əsas borc, 371 manat cərimə, cəmi 4081.04 (dörd min səksən bir manat dörd qəpik) manat borcun və 60.82 (altmış manat səksən iki qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh «xxxx» MMC-dən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 3920.04 manat dəyərində «Dyson» markalı fen ütü, «Dayson» markalı naqilsiz tozsoran və iki ədəd xidmətlər paketi almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3710.04 manat əsas borc, 40 manat cərimə, cəmi 3750.04 (üç min yeddi yüz əlli manat dörd qəpik) manat borc və 57.51 (əlli yedd manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-in hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

4. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır.

5. Məhkəmə iddia ərizəsində göstərilən cəriməni yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab etmişdir.

6. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462, 467-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5.3, 284-6.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

10. İş sadələşdirilmiş icraat qaydasında, tərəflər məhkəmə iclasına çağırılmadan baxılmışdır. Halbuki, mübahisə, müqavilə üzrə real borcun məbləği, hesablanmış dəbbə pulunun əsaslılığı, ödənişlərin düzgün uçotu, xidmət paketlərinin faktiki təqdim edilibedilməməsi kimi araşdırma tələb edən hallarla bağlıdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipinə ziddir və onun müdafiə hüququnu faktiki olaraq məhdudlaşdırmışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmişdir. Lakin, ödənişlərin dəqiq və xronoloji uçotu təqdim edilməmişdir, borcun necə formalaşdığına dair ətraflı maliyyə hesablanması aparılmamışdır, müqavilə üzrə xidmət paketlərinin faktiki göstərilib-göstərilməməsi araşdırılmamışdır. Borc məbləğinin düzgün müəyyən edilməsi üçün mühasibat uçotu üzrə məhkəmə ekspertizası təyin edilməli idi. Ekspertiza olmadan borcun dəqiq məbləğinin müəyyən edilməsi mümkün deyildir. Bu isə MPM-in sübutların hərtərəfli araşdırılması tələbinin pozulmasıdır. Məhkəmə ilkin olaraq 371 manat cəriməni yüksək hesab edərək 40 manata endirmişdir. Lakin, dəbbə pulunun hansı müddətə və hansı faizlə hesablandığı göstərilməmişdir, hesablama mexanizmi sübutlarla əsaslandırılmamışdır, dəbbə pulunun əsas borca nisbətdə tənasübü qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462 və 467-cimaddələrinə əsasən dəbbə pulu tənasübsüz olduqda azaldıla və ya tamamilə ləğv edilə bilər. Hazırkı halda dəbbə pulunun hesablanmasının özü sübuta yetirilmədiyindən onun saxlanılması əsassızdır. Dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib tutulmalı olduğu halda, iddia qismən təmin edildiyindən hesablanma mexanizmi əsaslandırılmamışdır. Müqavilə istehlakçı ilə kommersiya təşkilatı arasında bağlanmışdır. Lakin, Müqavilə şərtlərinin ədalətliliyi, istehlakçı hüquqlarının qorunması, şərtlərin birtərəfli xarakter daşıyıb-daşımaması məhkəmə tərəfindən araşdırılmamışdır.

11. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 284-1-ci mаddəsinə əsаsən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.1-ci mаddəsinə əsаsən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3-cü mаddəsinə əsаsən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Apellyator Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ********** nömrəli müqavilə ilə dəyəri 1999.99 manat olan «Dayson» markalı naqilsiz tozsoran, 1999.99 manat olan «Dyson» markalı fen ütü, 18.99 manat olan ödənişin təminatı xidməti, 240 manat və 144 manat olan iki ədəd xidmətlər paketi kredit yolu ilə almış və öz növbəsində əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş və borcunu ödəməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməsini təmin etməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borcun cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə bildiriş göndərməklə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazını və öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi üçün şərait yaratmadan işə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

24. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

25. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

26. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

27. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

28. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

29. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

30. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

31. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

32. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra hazırkı məhkəmə mübahisəsi üzrə cavabdehə əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi üçün şərait yaradılmamış, yəni cavabdeh Cavabdeh məhkəmə bildirişi çatdırılmamışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat vermədiyi halda işə sadələşdirilmiş icraat qaydasında baxdığınıdan Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə aparır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ödənişlərin dəqiq və xronoloji uçotu təqdim edilməməsi, borcun necə formalaşdığına dair ətraflı maliyyə hesablanması aparılmaması, müqavilə üzrə xidmət paketlərinin faktiki göstərilib-göstərilməməsinin araşdırılmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan ##.##.2025ci il tarixli müqavilədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən 3920.04 manat dəyərində «Dyson» markalı fen ütü, «Dayson» markalı naqilsiz tozsoran və iki ədəd xidmətlər paketi almış və aldığı əşyaların dəyərini 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 37.İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 38.Kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi ilə dəyəri 1999.99 manat olan «Dayson» markalı naqilsiz tozsoran, 1999.99 manat olan «Dyson» markalı fen ütü, 18.99 manat olan ödənişin təminatı xidməti, 240 manat və 144 manat olan iki ədəd xidmətlər paketi kredit yolu ilə cavabdehə satılmış, cavabdeh öz növbəsində əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilsədə, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməsi, yəni müqavilədə nəzərdə tutulmuş məbləğin iddiaçı şirkətə ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

39. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

42. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “xxxx” MMC-in cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə yaranmış 3710.04 manat əsas borc, 40 manat cərimə, cəmi 3750.04 (üç min yeddi yüz əlli manat dörd qəpik) manat məbləğində borc və 57.51 (əlli yedd manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-in hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” MMC-in cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh 3710.04 manat əsas borc, 40 manat cərimə, cəmi 3750.04 (üç min yeddi yüz əlli manat dörd qəpik) manat məbləğində borc və 57.51 (əlli yedd manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar