Məhkəmə qərarları › İş №e-2(3-10)-591/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-591/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-591/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Açar sözlər: borc tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət +3 il xidməti, robot tozsoran roborock S9 üçün 3726,54 manat ödənilməmiş hissə, 372,65 manat cərimə, ümumilikdə 4099,19 manat borc və 61 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, ********** nömrəli borc müqaviləsinə əsasən, cavabdeh ümumi dəyəri 4110,59 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3726,54 (dörd yüz altmış iki) manat əsas borcu qalıb. Beləliklə cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.

3. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi ilə razı deyil, alınmış robot tozsoranı o yox, həmkəndlisi onun adına götürmüşdür. Odur ki, işin məhkəmə tərəfindən araşdırılmasını xahiş etmişdir.

4. Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, mülki iş iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə hazırlıq iclası ##.##.2026-cı il tarixə təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir. Onun qohumu Heydərov Heydər onu işləməyə aparmışdır. Bu zaman demişdir ki, gedib onun adına kreditlə əşya götürsün, daha sonra həmin əşyanı nağd pula başqa birinə satacaqdır. Həmin əşyanı başqa birinə satdıqdan sonra Kontakt Homeyə müraciət edərək əşyanın işləmədiyini, işləmədiyi üçün atdığını, bu səbəbdən də ödənişləri ödəməyəcəyini bildirmişdir. O, sadəcə sənədləri imzalamışdır. Daha sonra onlar birlikdə işləyə bilmədikləri üçün o, başqa bir iş tapıb onun yanından ayrılmışdır. Daha sonra o, kənddə olanda onu görmüş, məhsulu öz adına keçirməsi üçün onun şəxsiyyət vəsiqəsini istəmiş, o da vermişdir. Gedib azpulmatdan da onun adına pul vəsaiti götürmüşdür. Odur ki, iddianın rədd edilməsini və Heydərov Heydərə yönəlməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Orucəliyev Şamil Xalis oğlu izahat verərək bildirmişdir ki, cavabdeh onun oğludur və oğlunun günahı yoxdur. Onun Heydər adlı qohumu oğlunu iş adıyla aldadıb Bakı şəhərinə aparmışdır və başına belə bir iş açmışdır. Hazırda aidiyyəti ürə hüquq mühafizə orqanına müraciət etmişdir. Odur ki, iddianın rədd edilməsini və Heydərov Heydərə yönəlməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, icraatda olan iş üzrə təyin olunmuş məhkəmə baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, məhkəmə baxış iclasının iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim B.Qasımov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh “xxxx” MMC-nin xeyrinə 3726,54 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, cəmi 3736,54 Azn borc və ödənilmiş dövlət rüsumunun 57,36 manatının tutulması, ödənilmiş dövlət rüsumunun 3,64 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 9.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan nisyə əmlak almışdır. Lakin cavabdeh iddiaçı ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, müqavilə üzrə hesablanmış məbləği ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

11. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

12. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirmişdir ki, gecikdirilmiş 3726,54 manat borca görə 372,65 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğlərdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla, cavabdehdən müvafiq olaraq 10 manat cərimə tutulmalı, həmin tələblər qalan hissədə rədd edilməlidir.

13. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, zəmanət +3 il xidməti, robot tozsoran roborock S9 üçün 3726,54 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 3736,54 manat borc cavabdeh X3 alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

14. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 61 manat dövlət rüsumunun 3,64 manatı iddiaçıya, 57,36 manatı cavabdehə aid edilməlidir. 15.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.1, 467, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. İş materiallarında olan iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “xxxx” MMC ilə X3 arasında bağlanmış ##.##.2025-ci il tarixli ********** nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh iddiaçıdan kredit yolu ilə ilkin 384 manat ödəniş etməklə, 4110,59 manat məbləğində tam qüsursuz nisyə aldığı malların dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

17. ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 4099,19 manat borcu vardır.

18. Xəbərdarlıq məktublarından görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur.

19. Mədaxil qəbzindən görünür ki, 61 manat dövlət rüsumu ödənilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

21. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə yalnız iddiaçının ərizəsində göstərilənlərə istinad edərək və cavabdeh tərəfin etiraz ərizəsində göstərilənlərə düzgün qiymət vermədən birtərəfli və əsassız qətnamə qəbul edilmişdir.

22. Belə ki, ##.##.2025- ci ildə atasının xalası nəvəsi olan X4 Cavabdeh işə düzəltmək adı ilə onu özü ilə birgə Bakı şəhərinə aparmış, ertəsi gün, yəni ##.##.2025-ci il tarixdə Heydər ona bildirmişdir ki, gedək “Kontakt Home” adlı mağazaya, oradan Emilin adına kreditlə robot tozsoran götürək,sonra həmin tozsoranı satıb bir hissəsini kirayə pulunu verərik, bir hissəsini də yemək-içməyə xərcləyərik, krediti də Xırdalanda çörək zavodunda işləyib ödəyərik. Bu məqsədlə Heydər Emili Bakı şəhəri, Ukrayna dairəsi adlanan yerləşən “Kontakt Home” mağazasına aparmışdır. Mağazada olarkən Heydər Emildən şəxsiyyət vəsiqəsini alaraq mağazanın işçisinə təqdim etmiş, bundan sonra mağazanın işçisi Emildən kreditin olub-olmamasını soruşmuş və sonra da Heydər Emilə orada təqdim edilən sənədlərə imza etdirmişdir. Bundan sonra Heydər kiməsə zəng etmiş, bir müddət sonra tanımadığı bir oğlan onlara yaxınlaşmış, Heydər həmin tanımadığı oğlanla gedib maşında oturub söhbət etmişlər və sonra Heydər gəlib alınan tozsoranı həmin oğlana vermişdir. Oğlan tozsoranı götürüb gedəndən sonra Heydər Emilə bildirmişdir ki, tozsoranı min manata satmışdır. Lakin, Heydər Emilə cəmi 50 manat pul vermişdir. Bundan sonra Emil Heydərlə Bakı şəhərində 3-4 gün kirayədə qalmış, həmin müddətdə Heydər Emilə verdiyi 50 manatdan 21 manatını evin kirayə pulunu ödəmək adı ilə almışdır. Bakıda olduğu müddətdə Heydər işə düzəltmək məqsədilə onu çörək zavoduna aparmış, lakin orada onları işə götürməmişlər. sonra Heydər hərbi xidmətə çağırılması adı ilə Ağsu rayonuna qayıtmış, Emil isə Bakıda tək işsiz qaldığı üçün digər kəndçisi Turanla birlikdə işləmək üçün Nabrana getmişlər, bir həftə Nabranda qaldıqdan sonra Heydər onların Nabranda olduğunu öyrəndikdən sonra onların yanına gəlmiş və bir gün onlarla birgə qaldıqdan sonra Ağsuya kəndə qayıtmışlar. Bir müddətdən sonra Heydər Emilə bildirmişdir ki, “tozsoranın kreditini sən ödəyə bilməyəcəksən, şəxsiyyət vəsiqəsini ver, gedim tozsoranı öz adıma keçirdim, kredit mənim adıma olsun”. Emil də Heydərin bu sözlərinə inanaraq, şəxsiyyət vəsiqəsini Heydərə vermiş, Heydər də tozsoranın kreditini öz adına keçirtmək əvəzinə onun şəxsiyyət vəsiqəsindən istifadə edərək bir neçə kredit təşkilatından Emilin adına onlayn qaydada kreditlər götürmüşdür. Tozsoran götürüləndən 3 ay sonra atasına “Kontakt Home” mağazasından kreditin ödənilməsi ilə bağlı zəng edildikdən sonra atası Heydərin bu hərəkətləri ilə bağlı polis şöbəsinə müraciət etmiş, əlavə olaraq bütün olanlar barədə “Kontakt Home” mağazasına da məlumat verilmişdir.

23. Cavabdeh Cavabdeh tərəfindən məhkəməyə iddia ilə bağlı etiraz ərizəsi təqdim edildikdən sonra etirazda qeyd olunan halların araşdırılması üçün məhkəmə tərəfindən Ağsu rayon polis şöbəsinə məktub göndərilmiş, bundan sonra ##.##.2025- cı il tarixdə Heydər Heydərov cavabdehin mobil telefonuna zəng edərək qısa müddətdə kredit təşkilatlarından cavabdehin adına götürdüyü kreditləri bağlayacağını və “Kontakt Home” mağazasına da 500 manat ödəyəcəyini bildirmişdir. Bu barədə lazımi sübutlar (yazışmalar, səs yazısı olan CD disk) məhkəməyə təqdim edilmişdir.

24. Bütün bu qeyd olunanlar cavabdeh Cavabdeh X4 tərəfindən aldadıldığını, Emilin adına götürülmüş tozsoran və pulların X4 çatdığını sübut edir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin iddiaya qarşı etiraz ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmamış, birtərəfli qaydada iddiaçının tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmə araşdırılması zamanı cavabdeh Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək, əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilməsinə dair ərizə verilmiş, lakin həmin ərizəyə də məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir.

25. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı xxxx MMC-nin nümayəndəsi və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdeh Cavabdeh məhkəməyə ərizə göndərərək apellyasiya şikayəti verildikdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, pul məbləğinin “xxxx” MMC-yə ödənildiyini, işə iştirakı olmadan baxılaraq nəzərə alınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə məhkəmə iclasına gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyator Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. 34.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə robot tozsoran roborock S9 verilmişdir. E.Ş. Orucəliyev iddiaçıya 384 manat ilkin ödəniş etmiş, 3726,54 manatı isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçı ilə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, müqavilə üzrə hesablanmış məbləği ödəməmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin yalnız iddiaçının ərizəsində göstərilənlərə istinad edərək və cavabdeh tərəfin etiraz ərizəsində göstərilənlərə düzgün qiymət vermədən birtərəfli və əsassız qətnamə qəbul edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilmiş məsələlərlə bağlı ətraflı araşdırma aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddianın qismən olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

39. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

40. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.

41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Cavabdeh məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya şikayəti verildikdən sonra məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cəmi 3793.90 manat məbləğində pulun “xxxx” MMC-yə ödənildiyini bidirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

42. Kollegiya hesab edir ki, işin qeyd olunan halı birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Bu xüsusat qətnamənin icra prosesində nəzərə alına bilər.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar