Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1616/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakimlər Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən «LG» markalı TV üçün 799,98 manat ödənilməmiş hissə, 80 manat cərimə olmaqla, cəmi 879,98 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən «LG» markalı TV alınmış və nəticədə 879,98 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 839,98 manat (yəni 6 ay x 133,33 manat + 40 manat ilkin ödəniş) olan «LG» markalı TV üçün ümumilikdə 879,98 manat olmaqla, həmin məbləğdən 799,98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində «Müştəri» mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, o, iddiaçıdan ##.##.2024cü ildə LG markalı TV almışdır. Həmin televizor yaşadığı ünvana çatdırılma xidməti vasitəsilə gətirilmiş, lakin ona əmlakın texniki sazlığı barədə aktla təhvil verilməmişdir. Həmin gün o, televizordan istifadə etmək məqsədilə cəhd edərkən televizorun ekranında nazik güclə sezilən çat görünmüşdür. Buna görədə televizordan istifadə etmək mümkün olmamışdır. Həmin texniki nasazlığa görə o, dərhal "xxxx" MMC-nin ofisinə müraciət etmişdir. Müraciətindən sonra şirkət nümayəndələri gəlib yerində baxış keçiriləcəyini bildirsələr də, xeyli vaxt keçməsinə baxmayaraq gəlib baxış keçirmədilər. Onlar məcbur qalaraq televizoru da götürərək iddiaçının ofisinə getdilər. Iddiaçı tərəf televizoru qaytarmaqdan və yaxud yenisi ilə əvəz etməkdən imtina etdilər. O, təkidlə televizoru geri götürməyəcəyini bildirərək həmin televizoru iddiaçıya məxsus ofisdə qoyub çıxdı. Iddiaçı şirkət ona kömək etmək əvəzinə nümayəndələri pul tələb etməyə başladılar. O, hər dəfə televizorun satışı zamanı texniki nasazlığı olmasını və ona saz vəziyyətdə aktla təhvil verilməməsini əsas gətirsə də, şirkət buna məhəl qoymayaraq ondan televizorun ödənilməmiş borcunu tələb etməyə başladı. Hazırda o, iddiaçının tələbini qətiyyən qəbul etmir və əsassız hesab edir. Qeyd olunmuş faktiki əsaslar sübut edir ki, iddiaçı "xxxx” MMC-nin tələbi əsassızdır.
4. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən «LG» markalı TV üçün 799,98 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 809,98 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.
5. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozuılmaqla çıxarılmışdır. Belə ki, onunla iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən «LG» markalı TV alıb. Televizor onlara bağlı vəziyyətdə gətirilmişdir, cehiz üçün aldıqlarından həmin vaxt televizorun qutusunu açmamışlar. Sonra televizoru quraşdırmaq istəyərkən onun işləmədiyini görüblər. Dərhal bu barədə iddiaçı təşkilata məlumat verib. Iddiaçı gəlib yerində baxacaqlarını bildirmişdir. Dəfələrlə iddiaçının ofisinə getsə də, heç bir nəticəsi olmamışdır. Iddiaçıdan heç bir xəbər çıxmadığından televizor onun tərəfindən geri qaytarılmışdır. Həmin televizorun iddiaçıya geri qaytarılması barədə onda məktub da vardır. Sonradan ona məlumat vermişlər ki, mal anbarda saxlanılır, lakin o televizoru geri qaytarıb və götürməyib. Onun istifadəsində olmayan avadanlığa görə ondan pulun tutulması tamamilə əsasızdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, bildirdi ki, qızı ilə birlikdə iddiaçıya məxsus mağazaya gedərək cehiz üçün paltaryuyan maşın, televizor seçmiş və əlavə olaraq da mobil telefon almışlar. Televizorla bağlı nisyə alqı-satqı müqaviləsi bağlamış, 40 manat ilkin ödəniş etmişdir. Onlara 3 gün ərizndə televizorun çatdırılacağı bildirilmişdir. Üç gün sonra 166 karqo şirkəti vasitəsilə televizor onlara çatdırıldı, cehiz üçün alındığına görə həmin vaxt televizorun qutusunu açmadılar. Cehiz verildikdən sonra televizor quraşdırılanda onun qüsurlu olduğu aşkar oldu. Axşam olduğu üçün telefon zəngi vasitəsilə iddiaçıya qüsuru bildirdi və televizorun şəklini çəkib onlara göndərdi. Iddiaçı televizora baxmaq üçün nümayəndələrini göndərəcəklərini bildirdi, lakin sonradan dəfələrlə əlaqə saxlasa da nümayəndələrini göndərmədilər. O, məcbur olub taksi ilə televizoru aldığı mağazaya gətirib qaytardı. Mağazada televizoru götürmək istəmirdilər, ancaq televizor qüsurlu olduğuna görə o imtina etdi. Bundan 1 il yarım sonra iddiaçı ona bildiriş göndərib televirzorun anbarda olduğunu, gəlib götürmələrini bildirdi. Cavabdeh həm də bildirdi ki, o, iddiaçıdan paltaryuyan maşın və telefon da almışdır, onların ödənişini vaxtlı-vaxtında etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi D.Tomayev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, bildirdi ki, təhvil-təslim aktından görünür ki, mal cavabdehə tam qüsursuz şəkildə verilmişdir. Nümayəndə televizor təhvil verilən zaman onun işlək vəziyyətdə olub-olmamasının yoxlanmasının ona məlum olmadığını, iddiaçının hansı işçisi tərəfindən təhvil verildiyini bilmədiyini qeyd etdi və əlavə etdi ki, hazırda da mübahisə predmeti olan televizor iddiaçının anbarında saxlanılır, cavabdeh gəlib götürə bilər. Sübutların tədqiqi:
9. Mülki iş materiallarında olan ##.##.2024-cü il tarixli müqavilədən (nisyə alğı-satqı müqaviləsindən) görünür ki, Cavabdeh «xxxx» MMC-dən dəyəri müvafiq olaraq 839,99 manat təşkil edən malı (əşyanı) (müqaviləyə * saylı Əlavədə qeyd olunan «LG» markalı TV) dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Alıcı Cavabdeh ödəməli olduğu məbləğlər və ödəniş edilməli tarixlər müvafiq cədvəldə təsbit olunmuşdur.
10. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, müqaviləyə əsasən satılmış əşya alıcıya (cavabdehə) təhvil verilmişdir.
11. Cavabdeh ##.##.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, yuxarıda qeyd edilən müqavilə üzrə 799,98 manat ödənilməmiş hissə, 80 manat cərimə olmaqla, cəmi 879,98 manat borcunun olduğu qeyd edilmişdir.
12. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir.
13. Iddiaçının ##.##.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə göndərilmiş bildirişdə qeyd edilmişdir: “Məlumat üçün qeyd edək ki, ##.##.2024-cü il tarixdə ******** nömrəli faktura əsasında İddiaçı MMC-dən (Kontakt Home) əldə etdiyiniz 402EGMEKP603 seriya nömrəli LG 43UR81006LJ.AMCE markalı mal hal-hazırda cəmiyyətimizə məxsus anbarda saxlanılmaqdadır. Sözügedən malın təhvil alınması ilə bağlı dəfələrlə sizinlə əlaqə yaratmağa çalışsaq da, zənglərə cavab verilməmiş və məhsul təhvil alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, bu bildirişi aldığınız tarixdən 3 (üç) iş günü ərzində, anbarımızda saxlanılan LG 43UR81006LJ.AMCE markalı malın təhvil alınmasını və ya ünvanınıza çatdırılmasına şərait yaradılmasını xahiş edirik. Əks halda, cəmiyyətimiz imtina etdiyiniz mala görə hər hansı məsuliyyət daşımayacaqdır.” Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
20. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
21. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
22. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
23. Maddə 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər.
24. Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
25. Maddə 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir.
26. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
27. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
28. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
29. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
30. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
32. 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
33. 5.1. Istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
34. 5.3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
35. 16. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
36. Mülki Prosessual Məcəllə
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
49. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
50. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
53. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmaqla qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
54. Hazırkı işin halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ilə 1 ədəd «LG» markalı TV almış və nəticədə 879,98 manat borc yaranmışdır. Cavabdeh 40 (qırx) manat ilkin ödəmiş ödəmiş, ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən televizor cavabdehə çatdırılmışdır.
55. Nisyə alqı-satqı müqaviləsinə əlavədən müəyyən olur ki, cavabdeh 6 ay 133.33 (yüz otuz üç manat, otuz üç qəpik) manat olmaqla ödəniş etməli idi.
56. Iddiaçı ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 799,98 manat ödənilməmiş hissə, 80 manat cərimə olmaqla, cəmi 879,98 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
57. Iddiaçı hazırkı tələbi ilə bağlı məhkəməyə sübut kimi yalnız müqavilə, təhvil-təslim aktını və cavabdehə xəbərdarlıq bildirişini təqdim etmişdir.
58. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (daha sonra MM) 600.3-cü maddəsi təşkil edir.
59. Həmin normanın tələbinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
60. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri).
61. Məhkəmə qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
62. Rayon məhkəməsi iddianı qismən təmin edərək cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və vaxtında icra edilməməsinə əsaslanmışdır.
63. Məhkəmə hesab edir ki, rayon məhkəməsi mülki işin faktiki hallarını aydınlaşdırmamış və düzgün qiymət verməmişdir.
64. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsaslanaraq cavabdehə televizoru tam qüsursuz şəkildə təqdim etdiklərini qeyd edir.
65. Cavabdehin iddiaya etirazından, apellyasiya şikayətinin dəlillərindən və məhkəmə iclasında izahatlarından isə müəyyən olur ki, həmin televizor şəxsi istifadə üçün yox, cehiz kimi alınmışdır. Buna görə də cavabdeh tərəfindən həmin vaxt televizorun qutusu açılmamışdır, yalnız cehiz verildikdən sonra televizor quraşdırılarkən onda qüsurlar olduğu aşkar olmuşdur. Televizorun qüsurlu olduğu aşkar edildikdən sonra isə dərhal iddiaçı ilə əlaqə saxlamış, qüsur barədə məlumat vermiş, iddiaçı televizora baxış keçirilməsi üçün nümayəndələrini göndərəcəklərini demişlər. Sonradan cavabdeh dəfələrlə iddiaçı ilə əlaqə saxlasa da, onların nümayəndələri gəlməmişdir. Belə olan halda isə cavabdeh televizoru iddiaçıya məxsus aldığı mağazaya aparıb qaytarmışdır.
66. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
67. Iddiaçının nümayəndəsi televizorun onlarda olduğunu, hazırda onların anbarında saxlandığını təsdiqləmişdir. Həmçinin iddiaçı ##.##.2025-ci ildə cavabdehə bildiriş göndərərək, televizorun anbarda saxlandığını, gəlib təhvil almalarını və ya cavabdehin ünvanına çatdırılması üçün şərait yaradılmasını xahiş etmiş, əks halda cavabdehin imtina etdiyi mala görə MMC-nin hər hansı məsuliyyət daşımayacağını qeyd etmişdir.
68. Iddiaçının nümayəndəsi təhvil-təslim aktına cavabdehin qızı tərəfindən imza edilməsini və burada qeyd edilən “X1 yuxarıda göstərilən malları tam qüsursuz şəkildə qəbul etdim, heç bir iradım yoxdur” cümləsinə əsaslanaraq, təhvil verdikləri malda qüsur olmadığını qeyd etsə də, televizor təhvil verilərkən onun qablaşdırıldığı vəziyyətdən açılaraq, həqiqətən də işlək vəziyyətdə olmasının, televizorda hər hansı qüsurların olub-olmamasının yoxlanılmasına dair sübutlar verə bilməmişdir. Halbuki bu halın sübut edilməsi satıcı kimi iddiaçının vəzifəsidir.
69. Eləcə də təhvil-təslim aktından görünür ki, o, əvvəlcədən hazırlanmış blank formasındadır, iddiaçının nümayəndəsinin müqavilənin istinad etdiyi bəndi isə şablon cümlə olmaqla, formal xarakter daşıyır. Həmin təhvil-təslim aktı ilə televizorun həqiqətən də müvafiq qaydada yoxlanılıb alıcıya təhvil verilməsini müəyyən etmək olmur. Iddiaçının nümayəndəsi məhkəmə iclasında məhsulu alıcıya təslim etmiş işçinin kimliyi barədə də məlumat verə bilməmişdir. Bu isə onu göstərir ki, televizor alıcıya elə cavabdehin bildirdiyi kimi - qablaşdırılmış şəkildə təslim edilmiş, onun işlək vəziyyətdə olub-olmaması müvafiq qaydada yoxlanılmamışdır.
70. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan halı kimi cavabdehə satılmış televizorun hazırda iddiaçıda olmasıdır. Demək ki, həmin əşyanın alınmasına xeyli vaxt sərf edib, müvafiq araşdırmalar aparıb televizoru əldə edən cavabdehin onu satıcıya qaytarmasının ağlabatan izahı olmalıdır. Nəzərə alsaq ki, cavabdeh həmin vaxt iddiaçıdan başqa əşyalar – paltaryuyan və telefon da almış, lakin yalnız televizoru və həm də dərhal qaytarması belə qənaətə gəlməyə əsas verir ki, televizor həqiqətən də qüsurlu olmuşdur. Belə olan halda isə məlum olur ki, iddiaçının cavabdehdən qüsurlu məhsula görə, həm də geri qaytarılmış və hazırda da iddiaçının özündə olan əşyaya görə yalnız formal müqaviləyə əsaslanmaqla, pul tələb etməsi əsassızdır.
71. Yuxarıda qeyd edilənlərə əsasən, «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipinə əsasən, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı «əsaslı şübhə yeri qoymayan» sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.
72. MPM-in 77.1-ci maddəsinə əsasən tələbinin əsaslarına dair biri digərini tamamlayan, əsaslı şübhədən kənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübutları vermək iddiaçının vəzifəsi kimi müəyyən olunmuşdur.
73. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
74. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
75. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
76. Mübahisəyə baxmış rayon məhkəməsi işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, yalnız iddiaçının dəlillərini əsas tutaraq, cavabdehin etiraz dəlillərinə əhəmiyyət verməmiş, cavabdehin vəsatətlərinə münasibət bildirməmiş, işin faktiki hallarını araşdırmamış, onlara hər hansı qiymət verməmiş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
77. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarları).
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
79. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
80. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
81. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət vermədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
83. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
84. Beləliklə müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddianın qiyməti 879,98 (səkkiz yüz yetmiş doqquz manat doxsan səkkiz qəpik) manat olduğuna görə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
85. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat iddiaçı «xxxx» MMC-dən cavabdeh Cavabdeh xeyrinə tutulmalıdır. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.