Məhkəmə qərarları › İş №e-2(3-6)-1630/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1630/2026

03.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1630/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı X3 cavabdehlər cavabdeh2 və Bakı Şəhəri * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı X3 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh * saylı Notariat Ofisi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş və reyestrdə 2V- 350 və 2V-351 nömrələri ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin” etibarsız hesab edilməsi, iddiaçının mərhum övladının – Talıbov Vüsal İlqar oğlunun adına dövlət qeydiyyatına alınmış və Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev 5, blok “A”-da yerləşən 39 və ** nömrəli mənzillərdə onun vərəsəlik payının 1/3 hissədə müəyyən edilməsini və həmin payın naturada ayrılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzillər iddiaçının övladı Vüsal Talıbovun mülkiyyətində olmuş və bununla bağlı ona “Daşınmaz əmlakın dövlət reyestrindən” ##.##.2014-cü il tarixdə müvafiq “Çıxarışlar” verilmişdir. Vüsal Talıbov ilə iş üzrə cavabdeh ##.##.2014-cü il tarixdə rəsmi qaydada nikaha daxil olaraq, ailə qurmuşlar. Həmin nikahdan 1 uşaq doğulmuşdur – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs. Vüsal Talıbov ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra, iddiaçı, “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə almaq üçün cavabdeh * saylı Notariat Ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamələr verilmişdir. Lakin həmin şəhadətnamələr səhv verilmişdir. Belə ki, notarius, miras əmlaklar – 2 mənzil üzərində iddiaçının vərəsəlik payının 1/3 hissədə müəyyən etmək əvəzində 1/6 hissədə müəyyən etmişdir. Çünki notarius hesab etmişdir ki, həmin mənzillər Vüsal Talıbov ilə cavabdehin birgə nikahları dövründə əldə olunmuş əmlakdır. Halbuki, yuxarıda artıq qeyd edildiyi kimi həmin mənzillər Vüsal Talıbova nikahdan əvvəl artıq məxsus idi. b) cavabdehləri iddia tələbinə dair münasibətləri haqqında məlumat

3. Cavabdeh cavabdeh2 iddia tələbini əsassız hesab edərək, mövqeyini onunla əsaslandırmışdır ki, miras əmlak üzərində onun özünün payının 4/6 hissədə müəyyən edilməsindən ibarət notariusun hərəkəti qanunu olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, mərhum Vüsal Talıbov sağlığında vəsiyyətnamə qiymamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən 2 ay ərzində açıla bilər. İş materiallarından isə görünür ki, “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamələr ##.##.2024-cü il tarixdə verilsə də, iddiaçı, təxminən 6 aydan sonra, yəni ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da, iddiaçı, 2 aylıq kəsici müddəti ötürmüşdür. Göstərilənlərə əsasən iddia rədd edilməlidir.

4. İş üzrə digər cavabdeh – * saylı Notariat Ofisi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilməmiş, Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iddia tələbinə dair Notariat Ofisinin münasibətini Rayon Məhkəməsinə bildirməmişdir. c) iddiaçının cavabdehin verdiyi etiraza münasibəti haqqında məlumat

5. İddiaçının vəkili (nümayəndəsi) İbrahimov Azər Famil oğlu cavabdehin etirazında qeyd edilən maddi hüquq norması ilə bağlı Rayon Məhkəməsinə bildirmişdir ki, həmin norma hazırkı mülki mübahisənin həllində tətbiq edilə bilməz. Çünki, iddiaçının irəli sürdüyü iddia tələbində qeyd edilən mübahisə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı deyil. d) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə haqqında məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölənin uşaqları, arvadı (əri) və valideynləri birinci növbədə bərabər pay hüquqlu qanun üzrə vərəsələr hesab edilirlər. Mülki Məcəllənin 1272-ci maddəsinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən 2 ay ərzində açıla bilər. İddiaçının mübahisələndirdiyi “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamələr ##.##.2024-cü il tarixlidir, lakin iddiaçı qeyd edilən 2 aylıq kəsici müddəti ötürməklə, məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də, şəhadətnamələrin etibarsız hesab edilməsi barədə tələb əsassız hesab edilərək, rədd edilməlidir. Həmin şəhadətnamələrin etibarsız hesab edilməsi barədə tələb əsassız hesab edildiyindən, ondan irəli gələn digər tələblər də, təmin edilə bilməz. e) apellyasiya şikayəti və şikayətə qarşı verilmiş etiraz haqqında məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

10. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

11. Əsasları iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsasları ilə eynilik təşkil edən, etirazda qeyd edilmişdir ki, apellyasiya şikayətinin dəlilləri də iddia tələblərinin dəlilləri kimi əsassızdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

12. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) Azər İbrahimov apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin, həmçinin iddia tələbinin məzmununa uyğun izahat vermişdir.

13. Cavabdeh Bakı Şəhəri * saylı Notariat Ofisinin nümayəndəsi, özü cavabdeh olmaqla yanaşı apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanunu nümayəndəsi olan cavabdeh2 apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verilməmişlər.

14. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.

16. Belə ki, işdə olan sənələrdən görünür ki, iddiaçının övladı Vüsal Talıbov ilə cavabdeh cavabdeh2 ##.##.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Vüsal Talıbov ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Vüsal Talıbovun üç nəfər birinci növbə vərəsələri var: anası – hazırkı iş üzrə iddiaçı Rəsmiyyə Mehdiyeva, arvadı – hazırkı iş üzrə cavabdehlərdən biri olan cavabdeh2 və yetkinlik yaşına çatmamış övladı – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs.

17. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlardan” görünür ki, iddia ərizəsində qeyd edilən mənzillər Vüsal Talıbovun mülkiyyətində olan daşınmaz əmlaklar kimi reyestrdə, onun nikaha daxil edilməsindən təxminən 1 ay əvvəl qeydiyyata alınmışdır (“Çıxarışlar” ##.##.2014-cü il tarixdə verilmişdir).

18. Məhkəmə qeyd edir ki, həmin mənzillərin ər-arvadın, yəni Vüsal Talıbov ilə cavabdeh2 birgə mülkiyyəti olmasını müəyyən edən məhkəmə aktı mövcud deyil.

19. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli mənzillər Vüsal Talıbov ilə cavabdeh2 ümumi birgə əmlakı sayılmır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. Bu hal müəyyən edildiyindən hesab edilməlidir ki, mübahisəli mənzillər üzərində Vüsal Talıbovun vərəsələrinin hər birinin payı 1/3 hissədədir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinin tələbinin mənasına görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşağı, arvad (ər) və valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

22. Lakin işin hallarında müəyyən edilir ki, hazırkı iş üzrə cavabdehlərdən biri olan * saylı Notariat Ofisi Ailə Məcəlləsinin 34.1-ci maddəsinin və Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinin tələblərini nəzərə almamış, mübahisəli mənzilləri mərhum Vüsal Talıbov ilə cavabdeh cavabdeh2 birgə nikahları dövründə əldə olunmuş əmlak kimi qiymətləndirərək, mənzillərin 1/2 hissəsini cavabdeh2 mülkiyyəti hesab etmiş, qalan 1/2 hissəsini isə 3 vərəsə arasında bölərək, son nəticədə cavabdeh2 payını 4/6, iddiaçının payını 1/6, mərhumun yetkinlik yaşına çatmamış övladı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payını 1/6 hissədə müəyyən etmişdir.

23. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə” hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi əsassız hesab etməkdə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

24. Yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin qeyd edilən hissəsini həmçinin ona görə rədd etmişdir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsini tələb edən iddiaçı, Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq kəsici müddəti ötürmüşdür.

25. Məhkəmə bildirir ki, cavabdeh cavabdeh2 və Rayon Məhkəməsinin istinad etdikləri həmin normanın tələbinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən 2 ay ərzində açıla bilər (Mülki Məcəllə, maddə 1272.). Lakin hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbindən görünür ki, hazırkı mübahisə mirasın qəbul edilməsi və ya qəbulundan imtinası ilə bağlı deyil, mübahisə miras əmlak üzərində payların həcminin müəyyən edilməsi ilə bağlıdır.

26. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən tələbi həmçinin kəsici müddətin keçməsi ilə bağlı rədd etməsi səhvdir və işin hallarına uyğun deyil.

27. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddianın digər hissəsi “ona məxsus olan 1/3 hissədə vərəsəlik payının naturada ayrılması” barədədir.

28. Yuxarıda qeyd edildiyi ki, Rayon Məhkəməsi hesab etmişdir ki, “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə” tələb əsassız olduğundan həmin tələbdən irəli gələn digər tələb də təmin edilə bilməz.

29. Məhkəmə, özünün yuxarıda artıq qeyd edilən nəticəsini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu mövqeyi səhvdir, buna görə də, Rayon Məhkəməsinin həmin nəticəsi də, ləğv edilməlidir.

30. Buna baxmayaraq Məhkəmə hesab edir ki, iddianın “iddiaçıya məxsus olan 1/3 hissədə vərəsəlik payının naturada ayrılması” barədə tələbi başqa əsasla təmin edilə bilməz.

31. Belə ki, Mülki Məcəllənin tələbinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.).

32. İşin hallarından müəyyən edilir ki, mübahisəli mənzillər çoxmənzilli yaşayış binasında yerləşir və təbiidir ki, belə olan halda iddiaçının payına düşən hissəsinin naturada ayrılması mümkün deyil. h) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də, apelyasiyanın nəticələrini nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 385.1-ci maddəsinin tələblərinə görə, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Hazırkı işdə Rayon Məhkəməsi mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyət daşıyan hallara düzgün hüquqi qiymət verməmiş, bunun nəticəsində iş üzrə səhv və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizə xarakterli deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər cavabdeh2 və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı irəli sürdüyü iddia qismən təmin edilsin. Talıbov Vüsal İlqar oğlunun ## ### 2024-cü il tarixdə vəfatı ilə bağlı olaraq Bakı Şəhəri * saylı Notariat Ofisi tərəfindən ## ###### 2024-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” etibarsız hesab edilsin. Talıbov Vüsal İlqar oğlunun ölümü ilə əlaqədar miras qalmış və Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev 5, blok “A”-da yerləşən 39 və ** nömrəli mənzillər üzərində mərhumun vərəsələrinin - anası X3, arvadı cavabdeh2 və övladı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər birinin vərəsəlik payları 1/3 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar