Məhkəmə qərarları › İş №e-2(3-6)-1985/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1985/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1985/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə «xxxx» MMC arasında hissə-hissə ödəmək şərti ilə bağlanmış nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh ilə «xxxx» MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 4.167,06 manat olan “Acer” markalı kompüteri, Windows 11 Home proqram təminatını və 2 illik zəmanət xidməti paketini əldə etmiş, bunun müqabilində 24 ay müddətində hər ay 173,63 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə müqavilə predmeti qüsursuz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

2. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlər gecikərlərsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində "Müştəri" mübahisəsiz olaraq penya ödəyir; 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, "ABC" "Müştəri"-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər; 4-cü bəndinə əsasən, "Müştəri" Ödəniş Cədvəli-nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə "Malı" geri qaytarır, bu zaman "Mal" "ABC"-nin özülü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən təkrar qaydada qiymətləndirilir və o qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ "Müştəri"-nin ümumi borcundan çıxılır; 5ci bəndinə əsasən, "Müştəri" Ödəniş cədvəli-nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "ABC"-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 416.71 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir.

3. «xxxx» MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 3.214,62 manat məbləğində əsas (qalıq) borcu mövcuddur. Həmin arayışa görə, alıcının ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozması nəticəsində ödəniş cədvəlinin 2-ci bəndinə uyğun hesablanmış 2.893,16 manat cərimə məbləğinə güzəşt tətbiq edilmiş və ödənilməli cərimə 321,46 manat müəyyən olunmuşdur. Beləliklə, Cavabdeh «xxxx» MMC qarşısında ümumilikdə 3.536,08 manat borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2024-cü il tarixli müqaviləyə əsasən ACER MARKALI KOMPÜTER, WINDOWS 11 HOME, ZƏMANƏT + 2 IL XİDMƏTİ üçün 3.214,62 manat ödənilməmiş hissə, 321,46 manat cərimə borcu olmaqla, ümumilikdə, 3.536,08 manat borc və 55,37 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən ACER MARKALI KOMPÜTER, WINDOWS 11 HOME, ZƏMANƏT + 2 IL XİDMƏTİ almış və nəticədə 3.536,08 manat borc yaranmışdır. ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 4.167,12 manat (yəni 24 ay x 173,63 manat + 0 manat ilkin ödəniş) olan ACER MARKALI KOMPÜTER, WINDOWS 11 HOME, ZƏMANƏT + 2 IL XİDMƏTİ üçün ümumilikdə, 3.536,08 manat olmaqla ondan 3.214,62 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 321,46 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 952,5 manat təşkil edir. Cavabdehlə bağlanılmış ##.##.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 3.214,62 manat ödənilməmiş hissə, 160 manat cərimə borcunun və 53,74 manat ödənilmiş dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçının əsas borc tələbini əsaslıdır.

8. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir.

9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1 və 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və ödədiyi 1.600 manat pulun nəzərə alınmaqla onun borcundan silinməsi, 160 manat cərimə borcunun silinməsi və ödənilmiş dövlət rüsumu məbləğinin (53,74 manatın) borcundan çıxılan və silinən məbləğlərə uyğun çıxılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosessual hüquq normalarının tələb və göstərişlərini də pozmuşdur. Məhkəmə tərəfindən hazırki işə baxılıb qətnamə çıxarılan zaman Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəfə qarşı tam qərəzli mövqe tutmuş, cavabdeh tərəfə kifayət qədər vaxt verməməklə müvafiq sübutları məhkəməyə təqdim edə bilməməyinə şərait səbəb olmuşdur. Bu müqavilənin nəzərə alınması nəticəsində, cavabdeh tərəf kimi ona qarşı qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işə baxıb qətnamə çıxaran zaman iddiaçı tərəfə xüsusi himayədarlıq etmiş, yalnız iddiaçı tərəfin maraqları nöqteyinəzərdən hərəkət etmiş, cavabdeh tərəf olaraq onun hüquq və qanuni mənafelərini demək olar ki, nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə cavabdeh tərəf olaraq onun hüquqlarına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən ##.##.2026-cı il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir. Bunlardan başqa məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qanuni və əsaslı olması baxımından Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə ##.##.2008-ci il tarixli, X.Xəlilovun şikayəti üzrə ##.##.2009-cu il tarixli, N.Manafovun şikayəti üzrə ##.##.2009-cu il tarixli və İ.Ağayevin şikayəti üzrə ##.##.2013cü il tarixli qərarlarına da zidd olduğundan qanuni və əsaslı sayıla bilməz. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə çıxarmış olduğu ##.##.2024-cü il tarixli qətnaməsi qeyd olunan tələblərə cavab vermədiyindən qanuni və əsaslı sayıla bilməz və ona görə də ləğv edilməlidir. Məhkəmə işə baxılan zaman onun tərəfdən təqdim edə bilmədiyi qəbzlərin nəzər alınmaması səbəbindən səhv nəticəyə gəlinmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ödədiyi 1.600 manat pulun nəzərə alınmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.425-ci maddəsinin tələblərinə görə Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 22.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 25.567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 26.588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 27.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr). 31.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 32.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (218.3-cü maddəsi). 33.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır (385.1.1-ci maddəsi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “əsas borc üzrə tutulmalı olan məbləğ” hissəsində dəyişdirilməli, iddia həmin qismən təmin edilməlidir. 35.İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında hissə-hissə ödəmək şərti ilə bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh ilə «xxxx» MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh ümumi dəyəri 4.167,06 manat olan “Acer” markalı kompüteri, Windows 11 Home proqram təminatını və 2 illik zəmanət xidməti paketini əldə etmiş, bunun müqabilində 24 ay müddətində hər ay 173,63 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə müqavilə predmeti qüsursuz vəziyyətdə cavabdehə təhvil verilmişdir. 36.Müqaviləyə Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlər gecikərlərsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində "Müştəri" mübahisəsiz olaraq penya ödəyir; 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, "ABC" "Müştəri"-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər; 4-cü bəndinə əsasən, "Müştəri" Ödəniş Cədvəli-nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə "Malı" geri qaytarır, bu zaman "Mal" "ABC"-nin özülü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən təkrar qaydada qiymətləndirilir və o qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ "Müştəri"-nin ümumi borcundan çıxılır; 5ci bəndinə əsasən, "Müştəri" Ödəniş cədvəli-nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "ABC"-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 416.71 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. 37.İş materiallarına əsasən həmçinin müəyyən edilir ki, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək əşyanı alıcıya təhvil vermişdir. Lakin alıcı əşyanın dəyərini ödəmək üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 3.214,62 manat məbləğində əsas (qalıq) borcu mövcuddur. Həmin arayışa görə, cavabdehin ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozması nəticəsində ödəniş cədvəlinin 2-ci bəndinə uyğun hesablanmış 2.893,16 manat cərimə məbləğinə güzəşt tətbiq edilmiş və ödənilməli cərimə 321,46 manat müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçı qarşısında ümumilikdə 3.536,08 manat borcu yaranmışdır. 38.Belə ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 39.Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan anlaşıldığı kimi əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. 40.Göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduğundan satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququ yaranmışdır. Belə ki, alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən hüquq iddiaçıya aid olur və iddiaçı əşyanın ödənilməsini tələb etməklə həmin hüququn realizəsi üsullarından bu formanı seçməklə hər hansı qanun normasının pozulmasına yol vermir. 41.Bu baxımdan, hazırkı halda iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, sonuncunun MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 42.Birinci instansiya məhkəməsi də cavabdeh Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 3.214,62 manat məbləğində əsas borcun tutulmalı olmasını cavabdehin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi ilə əsaslandırmışdır. Məhkəmə, həmçinin iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinin cavabdehin öhdəliyinin pozulmasının nəticələrinə tənasübsüz dərəcədə yüksək olduğu qənaətinə gələrək, tutulmalı olan cərimə məbləğini 160 manata endirmişdir. 43.Hazırda cavabdeh apellyasiya şikayətində müqavilə üzrə ümumilikdə 1.600 manat məbləğində ödəniş etdiyini, iddiaçının həmin ödənişləri borcun hesablanması zamanı tam nəzərə almadığını, bu səbəbdən müqavilə üzrə ödənilməli məbləğin 1.600 manat azaldılmaqla müəyyən edilməli olduğunu və qalan borcu ödəməyə hazır olduğunu bildirmişdir. 44.Cavabdeh iddiaçının istinad etdiyi dəlillərə etiraz edərək, Müqaviləyə Əlavənin 3-cü bəndinə əsasən ödəniş edildiyi tarixdə hesablanmış penya mövcud olduqda iddiaçının cavabdehin ödədiyi məbləğin 50 faizədək hissəsini penyanın ödənilməsinə yönəltmək hüququna malik olduğunu bildirmişdir. Bu səbəbdən, məhkəməyə təqdim olunmuş ödəniş qrafikinə uyğun olaraq ödənilən məbləğin 50 faizinin əsas borca, 50 faizinin isə cərimənin ödənilməsinə silinməsi ilə müqavilə şərtlərinə uyğun hərəkət etdiyini qeyd etmişdir. 45.Belə ki, iddiaçının istinad etdiyi qaydalara görə, ödəniş cədvəli üzrə ödənişlər gecikdirildiyi təqdirdə, gecikdirilmiş məbləğin hər növbəti təqvim günü üçün 2%-dək həcmində penya hesablanır və ödənilir. Ödəniş zamanı hesablanmış penya mövcud olarsa, ödənilən məbləğin 50%-nə qədər hissəsi penyanın ödənilməsinə yönəldilə bilər. 46.Mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallarda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi mahiyyəti də ondan ibarətdir ki, o, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri olmaqla pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötüşmür. 47.Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, işin hаllаrı nəzərə аlınmaqla məhkəmə tərəfindən təyin edilmiş dəbbə pulunun məbləği tənаsübsüz surətdə yüksək olduqda onun аzаldılması mümkündür. Tənаsüblülük müəyyən edilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütövlükdə tərəflərin mənаfeləri nəzərə аlınmalıdır. 48.Belə ki, dəbbə pulu ilə bağlı tələblərə baxılarkən yalnız kreditorun deyil, həm də borclunun maraqlarının qorunması təmin edilməli, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarını, o cümlədən borclunun məsuliyyət dərəcəsini nəzərə alaraq yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azaltmaq səlahiyyəti vermişdir. 49.Hazırki işdən göründüyü kimi tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi halında dəbbə pulunun tətbiqini əvvəlcədən müəyyən etmiş və bununla da cavabdehə münasibətdə maliyyə sanksiyasının tətbiqini razılaşdırmışlar. Bu səbəbdən birinci instansiya məhkəməsi qanunvericiliyin məhkəməyə yalnız aşkar surətdə tənasübsüz hesab edilən dəbbə pulunun məbləğini azaltmaq səlahiyyəti verdiyini, lakin onun tutulmasından tamamilə imtina edilməsini və ya tam ləğvini nəzərdə tutmadığını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğini 160 manat müəyyən etmişdir. 50.Hazırda iddiaçının müqaviləyə Əlavənin 3-cü bəndinə istinadən, ödəniş cədvəli üzrə ödənişlərin gecikdirilməsi ilə əlaqədar ödənilmiş məbləğin 50 faiz hissəsinin penyanın ödənilməsinə yönəldilməsi də müqavilə şərtlərinə uyğun olsa da, kollegiya həmin ödənişlərin bu həcmdə cərimə borcunun silinməsinə yönəldilməsini ədalət və mütənasiblik prinsiplərinə, habelə Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə uyğun hesab etmir. Belə ki, kollegiya cavabdehin müqavilə öhdəliklərini vaxtında icra etməməsi nəticəsində iddiaçının məruz qaldığı itkiləri nəzərə almaqla yanaşı, ödənişlərin bu qaydada bölüşdürülməsinin cavabdeh üçün əsassız və həddindən artıq maliyyə yükü yaratdığını hesab edir. 51.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə təqdim edilmiş ödəniş qrafikinə uyğun olaraq həyata keçirilmiş ödənişlərin 75 faizinin əsas borcun, 25 faizinin isə cərimə borcunun ödənilməsinə yönəldilməsi daha ağlabatan və ədalətli hesab edilməlidir.

52. Belə olan halda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqaviləyə əsasən tutulmuş əsas borc hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh “xxxx” MMC-nin xeyrinə əsas borc üzrə 2.825,87 manat tutulmalıdır.

53. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən ümumilikdə 1.730 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 175 manatı tam şəkildə əsas borcun ödənilməsinə yönəldilmişdir. Qalan 1.555 manat məbləğində ödənişlərin 50 faizinin deyil, müqavilənin 3-cü bəndinə uyğun olaraq yalnız 25 faizinin dəbbə pulu borcunun ödənilməsinə yönəldilməsi halında, həmin borca silinəcək məbləğ 388,75 manat, əsas borca silinəcək məbləğ isə 1.341,25 (175+1.166,25) manat təşkil edərdi. Bu halda, 4.167,12 manat məbləğində kredit üzrə qalıq əsas borc 2.825,87 manat təşkil etməlidir.

54. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi “əsas borc üzrə tutulan 3.214,62 manat” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh əsas borc üzrə 2.825,87 (iki min səkkiz yüz iyirmi beş manat səksən yeddi qəpuk) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfinddən dövlət rüsumu olaraq ödənilmiş 55,37 manatın 47 manatı cvabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfinddən dövlət rüsumu olaraq ödənilmiş 31 manatın 5 manatı iddiaçı İddiaçı MMC-dən tutularaq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar