Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2023/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası) hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə “apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası” barədə iddiaçı İddiaçı tərəfindən verilmiş ərizəyə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB əməkdaşlarının səhvi səbəbindən artıq ödədiyi 133,29 manatın geri qaytarılması, 48,26 manat borcun silinməsi, oktyabr, noyabr, dekabr aylarında işlənəcək sərfiyyatın 0,125 manat dəyərində hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. İş üzrə iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, elektron kabinetdən istifadə edə bilmədiyi üçün elektron kabinətə yerləşdirilmiş məhkəmə qətnaməsini görə bilməmiş, buna görə də apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdür.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı elektron kabinetində yerləşdirilmişdir. Odur ki, qətnamənin rəsmi qaydada alınması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni ##.##.2026-cı il tarixi hesab olunmalıdır və həmin tarixdən hesablandıqda iddiaçı apellyasiya şikayəti verilməsi üçün MPM-də nəzərdə tutulmuş müddəti ötürmüşdür. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının ##.##.2022-ci il tarixdən elektron kabineti mövcuddur və qətnamə qəbul edilənədək iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizələr də həmin elektron kabineti vasitəsi ilə göndərilmişdir.
Şikayətin dəlilləri:
7. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessul müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, elektron kabinetdən istifadə edə bilmədiyi üçün müddəti ötürmüşdür, ona görə də müddətin ötürülməsi səbəbi üzrlü hesab edilməlidir.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
10. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
11. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə geri qaytarılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə təqdim edilmişdir.
15. Məhkəmə kollegiyası iddiaçının şikayətdə göstərdiyi – elektron kabinetdən istifadə edə bilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatlı olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı İddiaçı artıq ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən məlumatlı olmalı idi.
17. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə göstərilən səbəblər müddətin bərpa olunması üçün üzrlü hesab oluna bilməz.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
19. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın.
20. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər.
21. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə