Məhkəmə qərarları › İş №e-2(3-6)-2094/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2094/2026

02.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2094/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, İbrahimova Ülkər Rəhbər qızı və Bakı Şəhəri ** saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh Ülkər İbrahimovanın vəkil (nümayəndə) vəkil1 vasitəsi ilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ** saylı Notariat Ofisi tərəfindən cavabdehlər cavabdeh3 və Ülkər İbrahimovaya ##.##.2024cü il tarixdə verilmiş “Vərəsəlik şəhadətnaməsinin” etibarsız hesab edilməsi, həmin “Vərəsəlik şəhadətnaməsi” əsasında cavabdehlər cavabdeh3 və Ülkər İbrahimovanın adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışların” ləğv edilməsi, miras əmlak üzərində vərəsələrin payların müəyyən edilməsi və bununla əlaqədar vərəsələrə “Vərəsəlik şəhadətnaməsinin” verilməsi vəzifəsinin ** saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya dair mülki işə baxılan zaman cavabdeh Ülkər İbrahimovanın vəkili (nümayəndəsi) vəkil1 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, işə ərazi aidiyyətı üzrə baxılması üçün işin Tərtər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh3 və Ülkər İbrahimova Tərtər rayonunda yaşamaqla yaşayış yeri üzrə də həmin rayonda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla vəsatətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (MPM; maddə 36.2.). Buna görə də, vəsatət əsassız hesab edilməlidir. Cavabdeh Ülkər İbrahimova vəkili (nümayəndəsi) vasitəsi ilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə bilikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mülki işin materiallarından görünür ki, hazırkı iş üzrə 3 cavabdehdən biri - Bakı Şəhəri ** saylı Notariat Ofisinin Suraxanı rayonu ərazisində yerləşir. MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (MPM; maddə 36.2.). Göründüyü prosessual norma iddiaçıya seçim verir ki, onun tərəfindən iki və daha çox cavabdehə qarşı iddia irəli sürülərsə o, ərazi aidiyyətinə görə iddianı cavabdehlərdən birinin ünvanı üzrə birinci instansiya məhkəməsinə versin. Belə olan halda qəbul edilməlidir ki, hazırkı işdə cavabdeh olan şəxslərdən birinin ünvanı Bakı şəhərinin Suraxanı rayonuna aid olduğundan, iddiaçı, hazırkı iddia ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə, Rayon Məhkəməsi isə cavabdeh Ülkər İbrahimovanın vəsatətini təmin etməməkdə haqlı olmuşlar. Cavabdeh Ülkər İbrahimovanın qərardaddan verdiyi şikayəti əsassızıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh İbrahimova Ülkər Rəhbər qızının vəkil (nümayəndə) vəkil1 vasitəsi ilə verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə dair Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar