Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2102/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş (Açar sözlər: «müqavilə bağlanması, abonent kodunun verilməsi, miras passivi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X3 ##.##.1972-ci ildə doğulub atası X4r.
2. X4 ##.##.1950-ci ildə doğulub atası X5r.
3. X3 ##.##.2025-ci ildə ölüb.
4. X3 İddiaçı əri olub.
5. Bakı şəhəri, ünvan 1 ünvanda təbii qazdan sayğacdan kənar istifadə edilməyə görə 24.878,35 manat borc hesablanıb.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə görə Cavabdeh İstehsalat Birliyi tərəfindən *************** saylı abonent kodu üzrə hesablanmış 24.878,35 (iyirmi dörd min səkkiz yüz yetmiş səkkiz manat otuz beş qəpik) manat debitor borcun əsassız hesab edilərək abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
7. İddiada göstərilib ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda yerləşən yaşayış evi qanunsuz tikili olsa da X1nun babası X5 məxsus olmuş və qeyd edilən yaşayış evinə cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş, ərinin babası X5 adına *************** saylı abonent kodu açılmışdır. Belə ki, o, X3 ilə ## ######## 1998-ci ildə ailə qurub Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evə köçmüş, həmin zaman evə verilən qaza görə abonent kodu ərinin babası X5 adına olmuş, bu vaxta qədər də onun adına qalmışdır. Ərinin babası ## ### 1995-ci ildə, ərinin atası ## #### 1998-ci ildə ölmüşdür. Həmin evə köçüb yaşayan gündən kommunal ödənişlərin ödənilməsi əri tərəfindən həyata keçirilmiş, bu vaxta qədər kommunal ödənişlərdən, o cümlədən qaza görə ödənilən puldan, qazın sərfiyyatından onun məlumatı olmamışdır. X1 ## ######## 2025-ci ildə ölmüş, bundan sonra qaza görə ödəniş etmək istədikdə isə onların borcunun 24 000 manatdan artıq olmasını görmüşdür. Bununla əlaqədar cavabdeh Cavabdeh İB-yə müraciət etmiş, cavabdeh onların ünvanda sayğacdan kənar qaz xətti ilə qazdan istifadə edildiyinə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda aktların tərtib edildiyi ona bildirilmişdir. Bu vaxta qədər isə X1 tərəfindən qazdan qanunsuz istifadə edilməsini bilməmiş, Cavabdeh İB-dən qayıtdıqdan sonra qaz xəttinə baxmış, həqiqətən qaz xəttinin üzərində əlavə bir xəttin olmasını görmüşdür. Lakin həmin xəttin əsas qaz xəttindən ayrılması mümkün olmadığına görə Cavabdeh İB-nin qaynar xəttinə zəng edərək, qanunsuz xəttin kəsilməsini xahiş etmiş, lakin cavabdehin əməkdaşları sayğacdan kənar qaz xəttini kəsmədiyinə görə təkrar cavabdehə zəng edib bu barədə məlumat vermiş, buna baxmayaraq cavabdeh həmin xətti hələ də ayırmamışdır. Göründüyü kimi cavabdehin əməkdaşları onun X1 ilə birlikdə evə qanunsuz xətt çəkmiş, sonra da bu qanunsuzluğa don geyindirmək üçün hər dəfə formal bir akt tərtib edərək həmin xətti guya ayırmış, reallıqda isə həmin xətt hələ də qalmışdır. Cavabdeh tərəfindən ona təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh onların yaşadığı evə gələn qaza görə sayğacdan kənar xəttin olması səbəbindən dəymiş ziyanın həcmi qismində 24 878,35 manat məbləğində borc hesablamışdır. Halbuki, bu vaxta qədər onun əri qazın dəyərini ödəmiş, evə sayğacdankənar xəttin olmasını bilməmişdir. Ona görə də cavabdehdən sənədləri götürərək, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ailəsi 5 nəfərdən, əri, o və 3 övladından ibarət olmuş, qazdan büdcələrinə uyğun istifadə etmiş, soyuq aylarında əsasən evin isidilməsi üçün kondisionerdən istifadə etmiş, evdə kərpic piltə, dəmir peç olmamış, evlərində yalnız 4 gözlü qaz plitəsi və kombi olmuşdur. Qazdan az istifadə etsə də, heç bir zaman sayğacdan kənar qaz xətti çəkməmiş, qazdan qanunsuz istifadə etməmişdir. Lakin cavabdeh onların evə dəymiş ziyanı hesablayan zaman samovar, qızdırıcı radiator peçi, kərpic peçi və dəmir peç kimi qazisidicilərindən istifadə edilməsini göstərmişdir. Halbuki, həmin isidicilərdən onlar istifadə etməmiş, ümumiyyətlə o, qazdan qanunsuz istifadə etməmişdir. Sayğacdankənar qaz xəttini isə onun əri Elçin Quliyev də özü çəkə bilməzdi. Çünki əsas ana xəttdə həmişə qaz axını olmuş, bunu ancaq cavabdehin öz əməkdaşları çəkmişlər. Hal-hazırda isə cavabdehin əməkdaşları həmin xəttin mövcudluğuna görə 24.878,35 manat dəymiş zərər hesablamış və bu məbləğ ödənilməsi ondan tələb edilmişdir. Məhz bu baxımdan da cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ondan tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir.
8. İddiaçı tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qazla təchiz edilməsi ilə əlaqədar onunla müqavilə bağlanmasından imtina edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin evə dair cavabdeh ilə onun arasında yeni müqavilə bağlanması, həmin evə dair onun adına yeni abonent kodunun açılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh İB-nin iddiaçının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini qazla təchiz edilməsi ilə əlaqədar müqavilə bağlanmasından imtina etməsinin qanunsuz hesab edilməsi; Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qazla təchiz edilməsinə dair cavabdeh ilə iddiaçı arasında yeni müqavilə bağlanılması; Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına yeni abonent kodunun açılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, müqavilə azadlığı prinsipi mütləq prinsip deyildir və məhdudlaşdırıla bilər. Həmin istisna hallar AR MM-nin 390.3-cu maddəsində göstərilmişdir. Hazırki iş üzrə cavabdeh Cavabdeh İB özünün zəruri ehtiyaclarını ödəmək üçün xidmət əldə edən və onlardan istifadə edən iddiaçı İddiaçı ilə müqavilə bağlamaqdan imtina etmişdir. Belə ki, iş materiallarında olan ərizədən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İByə müraciət edərək, müqavilə bağlamağı təklif etmişdir. Lakin cavabdeh tərəfindən müraciətə uyğun olaraq müqavilə bağlanmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münasibətdə qeyd edib ki, iddiaçının istehlakçı kimi tanınmaması və bu əsasla müqavilə bağlamaqdan imtina yolverilməzdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Qeyd edilməlidir ki, istehlakçı kimi yalnız istehsalçı ilə öhdəlikdə olan şəxslərin başa düşülməsi qeyd olunan norma ilə uyğun gəlmir və əlavə olaraq, bu yanaşma həmin öhdəlikdə iştirak etməsə belə, istehsalçının iş, xidmət və ya məhsullarından istifadə edən digər şəxslərin (məs, öhdəlikdə olan şəxsin ailə üzvləri) istehlakçı kimi tanınmamasına və onların Qanunda istehlakçılar üçün nəzərdə tutulmuş təminatlardan məhrum olmasına gətirib çıxarmaqdadır. Ona görə də, iddiaçının istehlakçı kimi tanınmaması qəbul edilməzdir. Bundan başqa, məhkəmə etirazda göstərilmiş “iddiaçının müqavilə öhdəliklərindən yayınmaq üçün müqavilə bağlamaq istəməsi” məsələsi ilə bağlı göstərir ki, həmin bu əsas iddiaçı ilə müqavilə bağlamaqdan imtina üçün əsas ola bilməz. Belə ki, aktlar üzrə hesablanmış qeyd olunan borclar iddiaçının mərhum əri ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn əmlak vəzifəsidir və iddiaçı ilə cavabdeh arasında yeni bir müqavilənin bağlanması iddiaçının əri ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam vermir. Ona görə də, cavabdehin mövqeyi qəbul edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh İstehsalat Birliyinin (nümayəndəsi X2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra, həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi Quliyev Mustafa qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh tərəfindən subyektiv hüquq məsələsi ilə vərəsəlik haqqında şəhədətnamənin müəyyən olunması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı İddiaçı (nümayəndəsi) iddia tələbini dəyişdirərək dəqiqləşdirmə əsasında müqavilə bağlanılmasın tələb etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçı öz iddiasında iddia ərizəsinə dəqiqləşdirilməyə qədər hissədə cavabdeh tərəfindən subyektiv hüququn tanınması ilə bağlı (vərəsəlik) etirazını bildikdən sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək tələbi müqavilə bağlanılması və dəyişdirilməsi ilə əslində bu hüququn olmamasını hərəkətləri ilə etiraf etmiş, o cümlədən prosessual normanı pozaraq isehlakçı kimi iddia verib dövlət rüsumundan yayınmış, sonradan dəqiqləşdirmə ilə müqavilə tələbi ilə özünin hələ isehlakçı kimi tanınmasını öz iddia ərizəsinə dəqiqləşdirmə verilməsi ilə statusunu dəyişmişdir. Müqavilə olmadan iddiaçı necə istehlakçı olardı? Bu məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticədə iddiaçı dövlət rüsumundan yayınmışdır. Subyektiv hüququn tanınmasına dair hissədə cavabdehin tələbləri təmin olunmadan borcla yüklü (qeyri qanuni qoşulmalarla tərtib olunmuş aktlar kənar xəttin olması səbəbindən dəymiş ziyanın həcmi qismində 24 878,35 manat) mənzilə (huququ olan şəxsə) hesablanmış, əmlaka vərəsə kimi tanınılmayan İddiaçı məhkəmə əmlakla bağlı sərəncam huququn tanımışdır. Halbuki evin mərhum yiyəsinin nəvəsinin oğlunun arvadı olan bu şəxs mənzilə hüquqmüəyyənedici heç bir sənədi olmadan tanımışdır. İddiaçı həmin borcların mövcudluğunu qəbul edir və qanunsuz xəttinin qoşulduğunu etiraf edir, lakin hesablanmış borclardan yan qaçmaq üçün yeni müqavilə bağlanmasını istəyir. “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə görə, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Belə ki, iddiaçı əmlakdan pay hüququn ayırsaydı və əmlaka dair hüquqmüəyyənedici sənədin təqdim etsəydi, Cavabdeh İB tərəflər arasında müqavilə bağlanmasından imtna etməz və yeni abunəçinin olmasında əlbətdə ki, maraqlı tərəf olardı. Lakin iddiaçı heç bir hüquqmüəyyənedici sənədin təqdim etmədən borclu əmlaka dair sərəncam vermək iqtidarındadır. Göründüyü kimi, yuxarıda adı keçən normativ hüquqi aktlar bu normaları çox aydın şəkildə vərəsəlik və sair müddəalar ilə tənzimləmişdir. Belə ki, bu qədər dövlət əmlakını talayan və borcla yüklü mənzilin hüquqa və qanuna zidd əməllər kimin öhdəliyi kimi üzərində qalması məsələsinə aydınlıq gətirilməmiş borcun müqəddəratı həll olunmadan mülki iş üzrə qeyriobyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh İstehsalat Birliyi nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, ............ Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Maddə 400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Maddə 400.2. Sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. Maddə 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur Maddə 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13.10-1(2023-cü il oktyabr ayının 1-dən qüvvədədir).Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
17. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
26. Əvvəla, iddiaçının mərhum əri tərəfindən sözügedən ünvanda sayğacdan kənar qaz xəttindən istifadə etməsi həqiqi olsa belə bu hallar iddianın əsassız olduğuna dəlalət etmir və rədd edilməsi üçün də əsas ola bilməzdi. Çünki hazırkı iddianın təmin edlməsi cavabdehin göstərdiyi hallar üzrə səlahiyyətləri çərçivəsində qanunvericilikdə müəyyən edilmiş tədbirləri görməyə hər hansı bir maneə yaratmır.
27. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsi kimi istifadə olunan evə dair iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlanması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisəli fərdi yaşayış evindən(qeydə alınmayan tikili) mərhum ərinin birinci dərəcə vərəsəsi olan iddiaçının əmlak hüquqları olduğundan bu cür iddia haqlı sayılır.
28. Belə ki, fərdi yaşayış evi kimi istifadə olunan qeydə alınmayan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçı və mərhum ərinin qanuni sahibliyində və istifadəsində olub. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının vərəsəlik və istehlakçı hüququ, eləcə də hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması ilə bağlıdır.
29. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair ## ### 2025-ci il tarixli Qərardadında göstərildi ki... Qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğu nəzərə alınaraq məhkəmələr tərəfindən şəxsin marağının nədə ifadə olunduğu, qanunla qorunub-qorunmadığı hər bir işin hallarından asılı olaraq müəyyən edilməlidir. Qeyd olunan qərardadda formalaşdırılan hüquqi mövqeyə görə… Beləliklə, hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın. Göründüyü kimi qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Odur ki, normativ aktlarda hüquqi müdafiənin obyekti kimi qanunla qorunan maraq (mənafe) və hüquq anlayışlarından bir qayda olaraq birlikdə istifadə olunur. ...Beləliklə, maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir. ...Müraciətə səbəb olan mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.
30. Yuxarıda qeyd olunduğu kimi iddiaçı 25 ildən artıq bir müddətdə qeyd olunan evdə mərhum əri və üç övladı ilə birlikdə yaşayıb ailə təsərrüfatı aparması elə həmin evə qanuni əsaslarla sahiblik etməni təsdiq edir. İkincisi, əri öldüyü üçün onun birinci dərəcə vərəsəsi kimi də qanuni əsaslarla həmin evə sahiblik etməni sübut edir. Demək ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərardadındakı hüquqi mövqeyə görə qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. İddiaçının mübahisə predmeti olan tikilinin üzərində hansısa hüququnun hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8).
31. Bir halda ki, qeyd olunan faktlara görə iddiaçının yaşadığı evə 25 ildən artıq bir müddətdə sahiblik və istifadə etmək ixtiyarı mövcuddur, demək ki, onun istehlakçı kimi istənilən şəxsə qarşı bu və ya digər xarakterli iddia irəli sürməyə haqqı vardır. Çünki mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4). Ona görə də qeyd olunan tikilinin iddiaçının adına hələlik daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması yaxud vərəsəlik münasibətlərinin rəsmiləşdirilməməsi cavabdehin onunla qazın alqı-satqısına dair müqavilə bağlamaqdan və abonent kodu verməkdən imtina etməsi üçün əsas ola bilməzdi.
32. Apellyasiya şikayətinin növbəti dəlilində göstərilir ki, subyektiv hüququn tanınmasına dair hissədə cavabdehin tələbləri təmin olunmadan borcla yüklü (qeyri qanuni qoşulmalarla tərtib olunmuş aktlar kənar xəttin olması səbəbindən dəymiş ziyanın həcmi qismində 24878,35 manat) mənzilə (huququ olan şəxsə) hesablanmış, əmlaka vərəsə kimi tanınılmayan İddiaçı məhkəmə əmlakla bağlı sərəncam huququn tanımışdır. Halbuki evin mərhum yiyəsinin nəvəsinin oğlunun arvadı olan bu şəxs mənzilə hüquqmüəyyənedici heç bir sənədi olmadan tanımışdır. İddiaçı həmin borcların mövcudluğunu qəbul edir və qanunsuz xəttinin qoşulduğunu etiraf edir, lakin hesablanmış borclardan yan qaçmaq üçün yeni müqavilə bağlanmasını istəyir. Əvvəla cavabdehin bu mövqeyi ziddiyyətli olmaqla yanaşı anlaşılan da deyil. Çünki bir tərəfdən borcla yüklü olan evə hüququ olan şəxsə iddia etdiyi məbləğdə zərər hesablandığını göstərir, digər tərəfdən isə iddiaçının həmin evə “sərəncam hüququnu tanımaqda” məhkəməni qınayır. Ancaq qeyd olunan ünvanda abonent kimi qazın alqı satqısına dair müqavilənin bağlanmasının cavabdehə həvalə edilməsi iddiaçının həmin evə hansısa hüququnun tanıması anlamına gəlmir. Bir də ki, hansısa hüquq tanınsa belə bunun cavabdehə hər hansı bir aidiyyəti yoxdur. Əksinə məhkəmənin bu cür iddianı təmin etməsi cavabdehin mənafeyinə daha çox uyğun olub. Çünki mübahisəli ünvanda adına abonent kodu olan, o cümlədən cavabdehin iddia etdiyi zərəri ödəməli olan bütün şəxslər yəni, iddiaçının mərhum ərinin babası, atası və özü öldüyündən kiminsə bu ünvanda təbii qazdan qanunsuz istifadəyə görə məsuliyyət daşımalı olduğunu müəyyən etməkdə cavabdeh özü maraqlı olmalıdır. Amma cavabdeh nədənsə bu cür dəlillərlə maraqlı olmaq istəmədiyini göstərir. Başqa sözlə, iddiaçı qeyd olunan ünvanda qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı etiraf edirsə və buna baxmayaraq həmin ünvana dair onunla yeni müqavilə bağlanmasını istəyirsə bu borclardan yan qaçmaq deyil, əksinə bu mövqe məsuliyyətdən yayınmamağa dəlalət edir. Ancaq cavabdeh hadisələri bu cür dəyərləndirməkdə də səhv edir.
33. Göstərilənlərdən əlavə cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinin tələblərini də hazırkı iddianın mahiyyəti baxımından düzgün qiymətləndirmir. Çünki mübahisəli ünvandakı evin istifadəçisi hər hansı bir əvəzli əqd əsasında deyil, öldüyü üçün dəyişib. Dəyişən şəxs isə, dəyişilən şəxsin vərəsəsidir və vərəsə də cavabdehin qeyd etdiyi “borcla yüklü olan” evdə istər özünün, istərsə də mərhum ərinin qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsinin məsuliyyətini dərk edir və bu cür iddia verməklə onu(məsuliyyəti, öhdəliyi) daşımağa hazır olduğunu nümayiş etdirir. Demək ki, iddiaçının əmlakdan pay hüququnun ayırmamasının yaxud əmlaka dair hüquqmüəyyənedici sənədin təqdim etməməsi onunla müqavilə bağlanmasından imtna etməyə əsas olmamalı, əksinə onun abonent olmasında cavabdeh maraqlı olmalı idi. Lakin cavabdeh tərəf bu baş verənləri düzgün dəyərləndirməməklə əksinə özünün mənafeyinə zidd olan dəlillərdən istifadə edib.
34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.