Məhkəmə qərarları › İş №e-2(3-6)-2157/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2157/2026

03.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2157/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kommunal xidmətlərinə görə yaranmış borcun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür.

2. “İdarə edən” İbrahimov Etibar Cavad oğlu ilə “Mülkiyyətçi” Cavabdeh arasında bağlanmış ##.##.2016-cı il tarixli göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında müqaviləyə əsasən hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” tapşırıq verir, “İdarə edən” isə Bakı şəhəri, Yasamal rayonu, h.Zərdabi pr. 92A ünvanında yerləşən binanın əmlaklarının lazımı şəkildə saxlanılması və təmiri üzrə xidmətlər göstərməyi və işləri icra etməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən digər şəxslərə kommunal xidmətlər göstərməyi və çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.

3. İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının ## ###### 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsin və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi və Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyriyaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

5. Satıcı Cavabdeh ilə X2 arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə əsasən Satıcı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 113.6 kv/m, yaşayış sahəsi 65.6 kv/m, yardımçı sahəsi 48 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus tam hissəni Alıcının mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 209800 manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır.

6. Maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu. Zərdabı küçəsi, 3166-cı məhəllə, ev 92 A, *** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## #### 2021-ci ildən ## ###### 2023-cü il tarixinə kimi (dekabr daxil deyil) ümumilikdə 1232,55 manat məbləğində borcu vardır. Borcun yaranması əsası: • Sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 azn, 1 ay üçün: 124.5 X 0.30 = 37.35 azn • Mənzilin sahəsi: 124.5 kvadrat metr • 1232,55 AZN - tələbin güzəştinə dair müqaviləyə qədər yaranıb: 33 ay x 37.35 • Ümumi borc: 1232,55 AZN.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1269,9 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 32,7 manat məbləğində dövlət rüsumunun, cəmi 1302,6 manat pulun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyrikommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 92A, *** saylı mənzilin mülkiyyətçisi olaraq ## ###### 2024- cü il tarixinə qədər ümumilikdə 1269,9 (bir min iki yüz altmış doqquz manat 90 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, iddia tələblərində qeyd edilən 1269,9 (bir min iki yüz altmış doqquz manat 90 qəpik) manat məbləğindəki borc məbləği və 32,7 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.

9. Cavabdeh Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş borc tələbinin əsassız hesab edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzilə dair bütün kommunal ödənişlər və digər xərclər tərəfimdən hər zaman vaxtında və tam şəkildə ödənilmişdir. ## ###### 2023-cü il tarixində mənzilimi sataraq başqa ünvana köçmüşdür. Mənzilin hazırkı sahibi barədə tərəfində hər hansı məlumat mövcud deyildir. Bununla əlaqədar olaraq, mənzilin satışı zamanı bağlanmış və notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsini əlavə edir. Mənzilini satdığı dövrdə binada xxxx MTK fəaliyyət göstərmiş və həmin vaxt “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti barədə ona heç bir məlumat təqdim edilməmişdir. Mənzilin satışı zamanı, eləcə də ondan əvvəlki dövrdə tərəfinə hər hansı borcun mövcudluğu barədə MTK tərəfindən rəsmi və ya şifahi qaydada məlumat verilməmişdir. Hazırda iddiaçı tərəfindən ondan tələb edilən məbləğin hansı hüquqi əsasla və hansı dövr üzrə formalaşdığı aydın deyildir. Bununla əlaqədar olaraq, iddia olunan borca dair ödənişlərin hesablanması, müvafiq maliyyə uçotu sənədləri və əsaslandırıcı materialların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi “Cavabdeh Axundova Şəbinə Firuz qızından 1 232,55 (bir min iki yüz otuz iki manat 55 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 32,7 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi “Cavabdeh Axundova Şəbinə Firuz qızından 414,55 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən mənzili # ###### 2023-cü ildə satmışdır. Həmçinin, cavabdeh 2022ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayına qədər ayrı-ayrı dövrlərdə olmaqla, cəmi 818 manat məbləğində ödəniş etmişdir. Odur ki, cavabdehin həmin dövrə qədər 414,55 məbləğində komunal borcu yaranmışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim X1)

13. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı MMMC yaradılmamışdan əvvəl, yəni ##.##.2023-cü il tarixdə satmışdır. Belə ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2023cü il tarixdə dövlət qeydiyyatına alınmış, daha sonra ##.##.2024-cü il tarixdə “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında tələbin güzəştinə dair müqavilə bağlanmış və həmin müqavilənin * saylı Əlavəsinə əsasən Cavabdeh 1306.22 manat borcu İddiaçı MMMC-yə güzəşt edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tələbin güzəşti müqaviləsi həmin tələbin mövcudluğunu və əsaslılığını özlüyündə təsdiq etmir və bu hal qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2 və 198.2-ci maddələrinin tələblərinə görə tələbi güzəşt edən şəxs həmin tələbi təsdiq edən bütün sənədləri və onun həyata keçirilməsi üçün zəruri olan məlumatları yeni kreditora təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən borcun hansı konkret əsaslarla yarandığını, hansı dövrü əhatə etdiyini, hansı xidmətlər üzrə hesablandığını təsdiq edən ilkin uçot sənədləri, hesablamalar və digər sübutedici materiallar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yalnız tələbin güzəşti barədə müqaviləyə istinad olunması borcun mövcudluğunu və cavabdehin həmin borca görə məsuliyyət daşımasını təsdiq etmək üçün kifayət etmir. Tələb hüququnun başqa şəxsə keçməsi həmin tələbin faktiki və hüquqi əsaslarının sübut edilməsini istisna etmir. Hazırkı situasiyada isə tələbin hansı əsaslarla yaranması, onun konkret dövrü və hesablanma qaydası sübuta yetirilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193-cü, 194-cü, 198-ci, 385, 386.1, 390-cı, 405-ci, 425-ci, 442-ci, 448-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6-cı, 29-cu, 38-ci, 45-ci,119-cu, 120-ci. 135-ci, 137-ci, 139-cu, 140-cı, 141-ci maddələrinə. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli qərarına, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan borcun dövrü dəqiq göstərilmiş, həmçinin cavabdehin təqdim etdiyi ödəniş sənədləri əsasında həmin dövr daxilində edilmiş ödənişlər tam şəkildə nəzərə alınaraq, tələbin məbləği azaldılmışdır. Bu isə onu göstərir ki, iddiaçı tərəfindən borcun formalaşdığı dövr və məbləğ kifayət qədər aydın və əsaslandırılmış şəkildə təqdim edilmişdir. Eyni zamanda, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin məhz müəyyən dövrləri əhatə etməsi faktı özü özlüyündə təsdiq edir ki, ## #### 2021-ci il tarixdən ## ###### 2023-cü il tarixədək, təqdim olunan ödənişlərdən başqa ödənişlər həyata keçirilməmişdir. Əks halda, cavabdeh tərəfindən həmin dövrlərə dair də ödəniş sənədləri təqdim olunardı. Bu baxımdan, cavabdehin yalnız müəyyən aylara dair ödənişləri sübut etməsi, digər dövrlər üzrə öhdəliyin yerinə yetirilmədiyini təsdiq edən hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə əsas sübutları düzgün qiymətləndirməmişdir. Tərəflər arasında mövcud olan kommunal müqavilə və cavabdehin təqdim etdiyi ödəniş qəbzləri xidmətlərin faktiki göstərildiyini və münasibətlərin mövcudluğunu təsdiq edir. Eyni zamanda, qəbzlərin qismən ödənişləri sübut etdiyi kimi, qalıq borcun da mövcudluğunu göstərir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif mərhələlərdə tələb etdiyi məbləği dəfələrlə dəyişdirmişdir. İddiaçı tərəfindən ## ###### 2023-cü il tarixinədək olan dövr üzrə iddia edilən borcun yaranma əsası, dövrü, tərkibi və hesablama qaydası barədə ətraflı yazılı izahat da təqdim edilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2.3-cü və 135.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.;

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Daha sonra “İdarə edən” İbrahimov Etibar Cavad oğlu ilə “Mülkiyyətçi” Cavabdeh arasında ##.##.2016-cı il tarixdə kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “İdarə edən” Bakı şəhəri, Yasamal rayonu, h.Zərdabi pr. 92A ünvanında yerləşən binanın əmlaklarının lazımı şəkildə saxlanılması və təmiri üzrə xidmətlər göstərməyi və işləri icra etməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən digər şəxslərə kommunal xidmətlər göstərməyi və çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi, “Mülkiyyətçi” isə həmin xidmətlərə görə mənzilin hər 1 m2 üçün 0,30 AZN məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” “Yasamal71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli tələbin güzəştinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirmiş və “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin tələbin güzəştinə dair müqavilənin * saylı Əlavəsinə əsasən Cavabdeh 1306.22 manat borcu İddiaçı MMMC-yə güzəşt edilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzili ##.##.2023-cü il tarixdə satmışdır. Hazırda iddiaçı İddiaçı MMMC cavabdeh Axundova Şəbinə Firuz qızından ## ###### 2024-cü il tarixədək yaranmış 414,55 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Göründüyü kimi, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı MMMC yaradılmamışdan əvvəl, yəni ##.##.2023-cü il tarixdə satmışdır. Belə ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, daha sonra ##.##.2024-cü il tarixdə “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında tələbin güzəştinə dair müqavilə bağlanmış və həmin müqavilənin * saylı Əlavəsinə əsasən Cavabdeh 1306.22 manat borcu İddiaçı MMMC-yə güzəşt edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tələbin güzəşti müqaviləsi həmin tələbin mövcudluğunu və əsaslılığını özlüyündə təsdiq etmir və bu hal qanunvericiliyin tələbləri ilə də uzlaşmır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2 və 198.2-ci maddələrinin tələblərinə görə tələbi güzəşt edən şəxs həmin tələbi təsdiq edən bütün sənədləri və onun həyata keçirilməsi üçün zəruri olan məlumatları yeni kreditora təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən borcun hansı konkret əsaslarla yarandığını, hansı dövrü əhatə etdiyini, hansı xidmətlər üzrə hesablandığını təsdiq edən ilkin uçot sənədləri, hesablamalar və digər sübutedici materiallar məhkəməyə təqdim edilməmişdir. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 387-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar